Haqq aşığı
   
      
   Tikmədaşlı Xəstə Qasım o xoşbəxt sənətkarlardandır ki, mənəvi dünyasında tükənməz işıq və ilahi eşq fəlsəfəsi daşıyır. Aşığın sirlərlə, müəmmalarla dolu həyatı bu gün də möcüzə olaraq qalmaqdadır. Tanımaq üçün 40 hikmət qapısının 39-nu açsaq belə 40-cı qapının o üzündəki Xəstə Qasım dünyasını dərk etmək qüdrətində deyilik. Sadəcə, zaman-zaman Xəstə Qasımın söz aləminə, hikmət qapısına boylanırıq.
   
   Bir əcaib ağac gördüm, kökü bir, budağı üç.
   Hər budaqdan altmış çiçək,
   yüz səksən budağı üç.
   Cəm idi on iki, on üç, altı otuz sərasər,
   Yeddi təbib açar, yumar,
   bağçası bir, bağı üç.

   
   Yaddaşlardan-yaddaşlara köçən rəvayətlərə görə, Xəstə Qasım XVIII əsrdə Tehran-Təbriz yolunun kənarında Qarqalan dağının ətəyində yerləşən Tikmədaş kəndində dünyaya gəlib. Doğma kəndində molla məktəbini başa vurandan sonra dövrünün elm mərkəzlərindən olan Ərdəbildə təhsil alıb, Şeyx Səfi mədrəsəsində yaradıcılığa da elə o illərdə başlayıb.
   “Xəstə Qasımın Ərdəbil səfəri” dastanına görə, müəllimi ona nə qədər dərs öyrətsə də, Qasım başa düşmür, axırda müəllimi onu məktəbdən çıxaracağı ilə hədələyir. Qasımın əli hər yerdən üzülür. O gecə yuxuda Həzrəti Əlini görüb ondan badə alır, bir gecənin içində təriqətin ən yüksək məqamına çatır:
   
   Xəstə Qasım deyir dəst-rəst oldum,
   Şah əlindən badə içib məst oldum,
   Saylı beş gün Şeyx Səfidə bəst oldum,
   Onda bəyan oldu dörd kitab mənə.

   
   Xəstə Qasım sonralar 14 il müddətində Qum və Nəcəf şəhərlərində dini təhsil alır. Ömrünün 20 ildən çoxunu elmləri öyrənməyə sərf edir.
   Şeirlərindən bəlli olduğu kimi, Xəstə Qasım Qurani-Kərimi əzbərdən bilməklə yanaşı, müqəddəs kitabı avazla oxuyar, eyni zamanda mahir xəttat olduğuna görə öz xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürərmiş:
   
   Xəstə Qasım deyir, qalmadı tabım,
   Qızılgültək çəkilibdir gülabım,
   Cədvəlkeş Quranım, qırx cild kitabım,
   Zərnişanlı qələmdanım necə olsun.
   
   “Xəstə Qasım”, “Biçarə Qasım”, “Molla Qasım” təxəllüsləri ilə şeirlər yazan aşığın “Xəstə” təxəllüsünü götürməsi ilə bağlı müxtəlif fikirlər söylənməkdədir. Bu fikirlər arasında haqq aşığının özünü eşq xəstəsi adlandırması gümanı da var. Çünki o, gənc yaşlarından təsəvvüf dairəsinə daxil olmuş, ali həqiqət axtarışına çıxmışdır.
   Xəstə Qasımın yaradıcılığı çoxşaxəliliyi ilə seçilir. O, klassik şeir janrlarında - qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, ilk dəfə aşıq ədəbiyyatında “döşləmə” şeir növünün əsasını qoymuş, aşıq yaradıcılığında bu günədək məlum olan ilk dodaqdəyməz nümunəsini, eləcə də qoşma-müstəzad formasında şeirlər yazmışdır:
   
   Oxudum Quranı, çıxdım Yasinə,
   İgid olan ixlas bağlar Yasinə,
   Aşıq deyər ya sına,
   Namərd boynu ya sına.
   Nanəcibə söz demə,
   Ya inciyə, ya sına.
   Qasım ölər, ellər gələr yasına,
   Eşidənlər deyər, ay hayıf, hayıf.
   
   Bundan əlavə, Xəstə Qasım həm də “əvvəl-axır” deyilən şeir-sənət nümunəsini ilk dəfə bir gəraylısında işlətmişdir.
   
   Ay ariflər, bir tərlanım uçubdur,
   Sağ əlimdən sol əlimə alınca.
   Onu tutan xeyrü-bəhrin görməsin,
   Mən yazığın naləsi var dalınca.
   
   Ancaq aşıq ədəbiyyatında o daha çox öz ustadnamələri ilə məşhurdur.
   
   Elə bir kişinin tut ətəyindən,
   Bil sənə imdadı ol eylər-eylər.
   Zərrəcə üstündə olsa nəzəri,
   Yerdən daş götürsən, ləl eylər-eylər.
   
   Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında Vətən həsrətli şeirlərin də xüsusi yeri var:
   
   Xəstə Qasım, tamam oldu sözlərim,
   Eşq ucundan külə döndü gözlərim,
   Qərib yerdə, yad ölkədə gözlərim,
   Vətən deyib ağla, ağlar qal indi.
   
   Aşığın adı ilə bağlı “Xəstə Qasımın Dərbənd səfəri”, “Xəstə Qasımın Urmiyə səfəri” , “Xəstə Qasımın Dağıstan səfəri” dastanları günümüzə qədər gəlib çatmasa da, “Əliyar və Məsum”, “Camal ilə Abdulla” (Azərbaycanda yayılmış “Cahan ilə Abdulla”), “Xəstə Qasım və Mələksima” dastanlarının onun tərəfindən yaradıldığı söylənilir.
   
   Xəstə Qasım, kimə qılsın dadını
   Canı çıxsın, özü çəksin odunu,
   Yaxşı igid yaman etməz adını,
   Çünki yaman addan ölüm yaxşıdı.
   
   Xəstə Qasım aşıq ədəbiyyatında elə bir bağdır ki, ondan sonra gələnlər bu bağın söz güllərini dərdilər, fikir yükündən yük götürdülər, hikmət bulağından su içdilər. Bu gün də Xəstə Qasım dünyası saz-söz sənətimizin ən müqəddəs, toxunulmaz abidələrindəndir. Zaman su kimi rahat, dəvə karvanı kimi ləngərli, dəyirman daşı kimi ağır-ağır ötüb keçdikcə də belə olacaq.
   
  Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar