Dekabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Kamandar Əfəndiyevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
   
   Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəliman Yaqub açaraq yaxın-uzaq ellərdən Kamandar sənətinin işığına yığışan qonaqları, iştirakçıları, saz-söz vurğunlarını salamladı, gecəyə öz xeyir-duasını verdi: “Bu gün aşıq sənətinin bayramıdır, bu gün sazımızın, sözümüzün peyğəmbəri Aşıq Ələsgərin ruhunun bayramıdır, Dədə Qorquddan Dədə Şəmşirə qədər bütün sənətkarların, sənətsevərlərin bayramıdır. Artıq bir ilə yaxındır Aşıq Kamandarın yubileyi bütövlükdə türk dünyasında qeyd olunur. Sağlığında əfsanələşən, heykəlləşən Aşıq Kamandar dastan yükü, bayatı yükü, qoşma yükü ilə aşıq sənətinə yeni nəfəs, yeni ruh gətirdi. Aşıq Kamandar öz sənəti ilə yüzillik yolları bir havacatda, minillik yolları bir dastanda qət etdi. Bütün bunların sayəsində böyük bir məktəbin - Kamandar məktəbinin əsasını qoydu”.
   Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan aşıq sənətinin keçdiyi yola nəzər saldı. Zaman-zaman ustad sənətkarların sayəsində inkişaf edən, nəsillərdən-nəsillərə ötürülən Azərbaycan aşıq sənətinin 2009-cu ildə UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsini, aşıq sənətinin dünya mədəniyyət inciləri sırasında layiqli yerini tutmasını əlamətdar hadisə kimi dəyərləndirdi. Bu sənətin inkişafında müstəsna xidmətləri olan, sazı, sözü ilə xalqın yaddaşında özünə əbədi yurd salan Aşıq Kamandarın yaradıcılığından danışdı.
   Qeyd olundu ki, böyük el məhəbbəti qazanmış sənətkarın xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, ona “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Nazir müavini ustadın zəngin ədəbi yaradıcılığından danışaraq onun müxtəlif illərdə işıq üzü görən “Borçalı laylası”, “Bənövşə”, “Mən ellər aşığı xan Kamandaram” adlı kitablarının xüsusi dəyəri olduğunu bildirdi.
   Ustad aşığın 80 illik yubileyi münasibətilə saz-söz sənətinin vurğunlarını təbrik etdi.
   Yubiley gecəsində millət vəkili Qənirə Paşayeva, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, folklorşünas alim Elxan Məmmədli, professor Mahmud Kamaloğlu, ziyalı Məhəmmədəli Məşədiyev, şair Osman Əhmədoğlu, “Xan Kamandar” kitabının tərtibçisi, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu çıxış edərək Aşıq Kamandarın böyük sənətindən və sənətkarlığından danışdılar.
   Aşıq Kamandar ocağının layiqli davamçısı Ramin Qarayev, ustad aşıq Mahmud Məmmədov, Cənubi Azərbaycandan yubileyə gəlmiş məşhur aşıqlar Məhbub Xəlili və Fərman Zamanoğlu, habelə Avdı Musayev, Cahangir Quliyev, Əşrəf Təmirov, Əhliman Rəhimov, Qələndər Zeynalov, Muxtar Qayabaşılı, Telli Borçalı, Fariz Təmirov, Şaiq İncəli, Elçin Xaliqoğlu gecəyə rəng qatdılar. “Paşa köçdü”, “Qaraçı”, “İrəvan çuxuru”, “Təcnis”, “Kərəm köçdü”, “Baş divani”, “Şirvan gəraylısı”, “Misri”, “Tərsa gəraylı”, “Naxçıvanı”, “Osmanlı divanisi”, “Gəraylı”, “Müxəmməs” havaları ilə Aşıq Kamandar sənətinin ölümsüz sənət olduğunu bir daha sübut etdilər.
   Sonda Aşıq Kamandarın ailəsi adından ustadın oğlu Əflatun Kamandaroğlu çıxış edərək yubileyin keçirilməsinə görə ölkə başçısına, Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə təşəkkürünü bildirdi.
   
   T.Vahid