Ömrünün 60 ilini aşıq sənətinin təbliğinə, inkişafına həsr edən İsfəndiyar Rüstəmovun sinəsində çox böyük saz-söz yatırımı var. 70-dən çox saz havasının kamil ifaçısı, 30-dan yuxarı dastanı sinəsində gəzdirən ustad bugünkü aşıqlar ordumuzun sərkərdəsidir. Gədəbəy Aşıqlar Ansamblının yaradıcısı və rəhbəri, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun sənət dünyasına boylanaq, xalq sevgisini qazanmış ustadın keçdiyi sənət yoluna nəzər salaq.
   
   İsfəndiyar Rüstəmov 1937-ci il iyunun 25-də Gədəbəy rayonunun Gərgər kəndində anadan olub. Aşıqlıq sənətini atası Ədil Tağı oğlundan öyrənib. Orta təhsilini Gərgər kənd məktəbində alandan sonra orada da mühasib və kargüzar işləyib.
   Amma Yaradan İsfəndiyarı bu dünyaya başqa bir sənət üçün gətirmişdi. O, alın yazısında yazılanları yaşayacaqdı, ustadlardan dərs ala-ala ustadlıq məqamına çatıb ustadlar yetişdirəcəkdi.
   Aşıq dili ilə desək, ay keçir, il dolanır, 1955-ci ildə gələcəyin məşhur aşığı Gədəbəy mədəniyyət evinin özfəaliyyət kollektivinə üzv yazılır. Bu addım onun gələcək sənət yolunu müəyyən edir. Gənc aşıq səhnəyə qədəm qoyan gündən sirli-sehrli aləmin cazibəsinə düşür. 1958-ci ildə Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülür. İlk qələbə onu bir az da ruhlandırır. İsfəndiyar könlünü ömürlük saza bağlayır. Çox keçmir ki, aşıqlar diyarı Gədəbəydə Aşıq İsfəndiyar zil və məlahətli səsi, ədəb-ərkanı ilə ad-san qazanır, şöhrəti hər yana yayılır. Ustad “Telli saz” şeirində yazır:
   
   “Baş sarıtel” İsfəndiyar dilində,
   Oxumuşam ayaq pərdə zilində.
   Ad qazandım Azərbaycan elində,
   Mənim ilə ucalandı telli saz.
   
   1964-cü ildə Aşıq İsfəndiyar gənc aşıqları ətrafına toplayaraq 9 nəfərdən ibarət ansambl yaradır, ansamblın şöhrəti hər tərəfə yayılır. 1972-ci ildə ustadlar ustadı Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi Moskvada da yüksək səviyyədə qeyd olunur. Aşıq İsfəndiyar öz ansamblı ilə yubileydə iştirak edir, fəxri fərmanla və “Ələsgər” döş nişanı ilə təltif olunur. Bu tarixi çıxış bu gün də yaddaşlardan silinməyib.
   Sonralar Moskvada keçirilən “Göy qurşağı” festivalından, ədəbiyyat və incəsənət ongünlüyündən, Özbəkistanda, Türkiyədə, İranda keçirilən festivallardan diplom və fəxri fərmanlarla qayıdır. 1975-77-ci illərdə keçirilən ümumittifaq festivalında Aşıq İsfəndiyarın ansamblının üzvləri «Qızıl medal»a layiq görülür. Ustad özü Azərbaycan Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur.
   Ömrünü saza-sözə bağlayan, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan Aşıq İsfəndiyar istedadı, zəhməti və əzmi ilə aşıq sənətinin nadir şəxsiyyətlərindən birinə çevrilir. Ustadın möhür vurduğu “Şahsevəni”, “Qaytarma”, “Koroğlu”, “Baş sarıtel”, “Qaraçı”, “Göyçə gülü” və başqa havalar onun barmaqlarından birbaşa ürəklərə süzülür.
   Aşıq İsfəndiyar könlünü saza verdiyi kimi sözün də xiridarı oldu. “Baş sarıtel” kitabında ustadın şeirləri qatarlanıb. “Var” adlı şeirində ustad yazır:
   
   Səfərə çıxanda tut ətəyindən,
   Küllü-kainatın bir ağası var.
   Meylini dolandır haqqın yoluna,
   Dünyanın min qovğa, min qəzası var.
   
   Elinə, obasına qəlbən bağlı olan Aşıq İsfəndiyar “Dostuyam” şeirində deyir:
   
   Ümman kimi çağlayaram, daşaram,
   Telli sazla qaynayaram, coşaram.
   Xalqım üçün yaradaram, yaşaram,
   Hər xoş gələn təzə ilin dostuyam.

   Professor Məhərrəm Qasımlı ustad barədə belə deyir: “Aşıq İsfəndiyarın gur səsi illər boyu xalqı, elimizi-obamızı qəhrəmanlığa səsləyib. Onun səsindəki duruluq, saflıq, halallıq eyni ovqatı bizlərə aşılayıb. Bu mənada Aşıq İsfəndiyar öz məlahətli, şaqraq səsi ilə Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verən sənətkardır”. Ustad sənətkar ulu dağları “Dağlar” şeirində belə vəsf edir:
   
   Əzəl gündən yaranandan,
   Vüqarlıdır başın, dağlar.
   Soruşuram bilən yoxdu,
   De neçədi, yaşın, dağlar?
   
   Xatırladaq ki, ötən il noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İsfəndiyar Rüstəmovun 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi. Gecədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan aşıq sənətinin inkişafında danılmaz xidmətləri olan İsfəndiyar Rüstəmovun yaradıcılığını yüksək qiymətləndirdi.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun təbirincə desək, Gədəbəy aşıqlarının ön cərgəsində “75 yaşında cavan ustad” Aşıq İsfəndiyar dayanır.
   Şair İlyas Tapdıq isə İsfəndiyar Rüstəmov barədə belə deyir: “Aşiq İsfəndiyar müdrik xalq aşığıdır. O, bu qədim xalq sənətində açdığı vətənpərvərlik və ülvi sənət yolunu gənc aşıqlara öyrədə-öyrədə elin sevimli Dədə Qorquduna çevrilmişdir”.
   Ömrün 76-cı baharına doğru gedən Aşıq İsfəndiyar bu gün də məclislər yaraşığı, ustadlar ustadıdır.
   
   T.Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar