Aşıq Ələsgər Tağıyev 83 yaşında səhnəyə çıxıb öz ifası ilə hamını heyran etdi
   
   Aprelin 20-də R.Behbudov adına Mahnı Teatrında Tovuz Aşıqlar Ansamblının rəhbəri, ustad aşıq Ələsgər Tağıyevin (Çopur Ələsgər) 83 illiyinə həsr olunmuş təntənəli yaradıcılıq gecəsi keçirildi. “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İctimai Birliyinin dəstəyi ilə gerçəkləşən mərasimdə əvvəlcə ustad aşıqdan bəhs edən sənədli film nümayiş olundu.
   
   Gecənin aparıcısı, AMEA Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli el arasında Çopur Ələsgər kimi şöhrət tapan sənətkarın həyat və yaradıcılığı barədə iştirakçılara ətraflı məlumat verdi.
   Aşıq Ələsgər Tağıyev 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünün 54 ilini aşıq sənətinə həsr edib, Azərbaycan aşıqlarının III, IV və V qurultaylarının iştirakçısı olub, üç şeir kitabının müəllifidir. Hazırda Tovuz Aşıqlar Ansamblının rəhbəridir.
   Tədbirdə çıxış edən Millət vəkili Qənirə Paşayeva ustad sənətkarı uzun illərdir tanıdığını, sənətinə bələd olduğunu bildirdi və ustad aşığın insani dəyərlərindən, özünəməxsus yaradıcılığından danışdı. Qeyd etdi ki, Ələsgər əmini bu yaşa gətirib çıxaran insanlara qarşı böyük sevgisi, qəlbinin təmizliyi, saz-söz sənətinə olan vurğunluğudur. Çətin zamanlarda yüksək ifası, dastan yükü ilə sazı insanlara sevdirən ustad sazın-sözün keşiyində dayanan sənətkardır. Bu günə kimi Aşıq Ələsgər Tağıyevin ifasında 18 val dinləyicilərin ixtiyarına verilib və Azərbaycan Radio və Televiziyasının “Qızıl fond”unda ustadın qiymətli lent yazıları qorunub saxlanılır. Qənirə xanım ömrünün gözəl anlarını yaşayan aşığa bundan sonra da sazın-sözün keşiyində dayanmağı, məclislərin yaraşığı olmağı arzuladı və ustada hədiyyələr təqdim etdi.
   Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışında aşıq sənətinin özəlliklərindən söz açdı, Ələsgər Tağıyevə cansağlığı və könül xoşluğu arzuladı: “Aşıq musiqiçidir, bəstəkardır, şairdir, aktyordur, sözün yaxşı mənasında məzhəkəçidir, rəqqasdır və ən nəhayət, aşıq dastançıdır. Görün, aşıq nə qədər cəhəti özündə birləşdirən bir sənətkardır. Ona görə də bu sənət həmişə yaşayır və onun daşıyıcıları həmişə xalqın qəlbində özünə yer tutur”.
   Folklorşünas alim, filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlı ustad aşıq barədə ürək sözlərini bölüşdü: “Aşıq Ələsgər o qədər təbii, səmimi bir insan, bir sənətkardır ki, onun haqqında ürəklə söz demək mümkündür. O bizim hamımızın eldə, elatda eşitdiyimiz bir sənətkarın adını daşıyır. Bu ad ona da fəxrdir, bizə də fəxrdir. Çünki Göyçəli Aşıq Ələsgərdən sonra Ələsgər adını Allah bu kişiyə qismət elədi. Onun bildiyi dastanların sayı 50-ə yaxındır, qaravəllilərin sayı isə yüzdən artıqdır. Yorulmadan günlərlə qaravəllilər deyər, məclis uğunub gedər. O, böyük bir aktyordur, “Koroğlu” aşığıdır. Onun özündən əvvəl səmimi təbəssümü adamı qarşılayır. Qoy həmişə o bizi təbəssümü ilə, sazı ilə, sözü ilə qarşılasın. Çünki onun ürəyi işıqlıdır”.
   Gecədə Aşıq Ələsgər Tağıyevin “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin dəstəyi ilə yeni çapdan çıxmış “Elim mənə ilham verib” adlı şeirlər kitabı da sənətsevərlərə təqdim olundu. Kitabda aşığın müxtəlif illərdə yazdığı divani, gəraylı, qoşma, müxəmməs və s. janrlarda aşıq şeirləri, dillər əzbəri olan söyləmələri yer alıb.
   Mərasimdə aşıqlardan Əli Quliyev, Mahmud Məmmədov, Aşıq Abbas, Aşıq Qələndər, Kamandar Soyutürk və nəvələri, Solmaz Kosayeva, Aşıq Dəmir, Əlixan Niftalıyev, Familə Göyçəli, ustadın nəvəsi Müjgan, Telli Borçalı, Aşıq Sərdar, Günel Qurbanova, Aşıq Nurəddin, Azər Xanlaroğlu, Aşıq Məhərrəm, Ramil Qaraxanlı, Ramin Qarayev gözəl saz havaları ilə sənətkarı təbrik etdilər.
   Sonda Aşıq Ələsgər Tağıyevin sənətinin işığına yığışanlar ustadın ifasını dinlədilər, sənətə sonsuz sevgisinə heyran oldular. Aşığın böyük oğlu Eldar Ələsgəroğlu gecənin təşkilatçılarına, bütün iştirakçılara öz təşəkkürünü bildirdi.
   
   Təranə Vahid