Aşıq yaradıcılığı bütün zamanlarda bənzərsiz ənənələri ilə insanlarda dərin maraq doğurub. Bu sənətin görkəmli nümayəndələrindən biri də sorağı Qarabağın hüdudlarını aşan və adı, şöhrəti xalqın yaddaşında əbədiləşən Aşıq Valehdir.
Yaradıcılığı ustad sənətkarlar tərəfindən yüksək dəyərləndirilən, adı uzaq-yaxın ölkələrdə hörmətlə anılan Aşıq Valeh 1729-cu (bəzi mənbələrdə 1722) ildə Ağdamın Abdal Gülablı kəndində dünyaya göz açıb. Əsl adı Səfi, atasının adı Məhəmməd olub. Erkən yaşında atası onu Molla Mahmudun yanına aparır. Oğluna elmin əsaslarını öyrətməsini xahiş edir. Səfi yeddi il ondan dərs alır, ərəb, fars dillərini, Quranı mükəmməl öyrənsə də, molla olmaqdan imtina edir. Atasının razılığı ilə dövrünün hörmətli sənətkarlarından Aşıq Səmədin yanına gedir və onun şəyirdi olur.
Aşıq Səməd Valehin saza-sözə olan hədsiz həvəsini görüb, onun parlaq gələcəyinə inanır. Məhz buna görə aşıqlıq sənətinin ən incə sirlərini öyrətməkdən usanmır, öz istedadlı şagirdini böyük məclislərə aparır, sınaqlardan keçirir. Hətta deyilənə görə, “Valeh” təxəllüsünü də ona ustadı Aşıq Səməd verib. Belə ki, o, gənc yaşlarında gözəl bir qıza aşiq-valeh olur və bundan sonra ustadı ona bu təxəllüsü verir. Bununla belə, Səfinin həmin qızla ailə qurub-qurmaması barədə araşdırmalarda elə bir səhih məlumat yoxdur. Bu barədə ancaq aşığın bizə gəlib çatan “Vücudnamə”sində söz açılır. Aşıq Valeh orada həyatının uşaqlıq və gənclik illəri, məktəbdə oxuması, on beş yaşından eşqə düşməsi, ailə qurması, gəzdiyi yerlər və görüşdüyü şəxslər haqqında danışır.
Akademik Həmid Araslı bununla bağlı qeyd edib ki, alim- tədqiqatçılarımızın yeri gələndə öz fikirlərinin təsdiqində şair-aşıqlar tərəfindən yaradılan “Vücudnamə”lərə istinad etməsi məqsədəuyğundur. Aşıq Valeh orada özü haqqında deyir:
Səkkizdə, doqquzda Quranı seçdim,
On yaşında yaxşı-yamanı seçdim.
On birimdə Quran kitabı seçdim,
On beşimdə sərim doldu sevdaya.
Yaxud:
Valeh ləqəbimdir, Səfidir adım,
Allahı sevənlər, budur muradım...
Onu da qeyd edək ki, akademik Həmid Araslı, folklorşünas Əhliman Axundov, professorlar Məmmədhüseyn Təhmasib, Vaqif Vəliyev, Paşa Əfəndiyev və başqa alimlərimizin Aşıq Valehin yaradıcılığı haqqında dəyərli fikirləri var.
Məlumdur ki, XVIII əsrdə aşıq poeziyasının, aşıq şeirinin yazılı ədəbiyyata təsiri böyük olub. Göründüyü kimi, Valehin yaradıcılığı da məhz bu dövrə təsadüf edib. Yazıb-yaradan şairlərlə aşıq-şairlər arasında da müəyyən yaxınlıq, dostluq olub. Onlar hətta deyişib, bir-birilərinə nəzmlə məktub göndəriblər. Bu zaman Aşıq Valehin sıx əlaqə saxladığı, yaradıcılıq söhbətləri apardığı sənətkarlardan biri də Molla Pənah Vaqif (1717-1797) idi. Bu, Valehin şeirlərində tam aydın görünür. 1807-ci ildə aşığın yazdığı şeirdə deyilir:
Ustad Səməd sənətdə bir dağ idi,
Kələntərli Alı fəndli bağ idi.
On il əvvəl Molla Pənah sağ idi,
Valeh kimi aşıqlar ustadı var.
Buradan da Aşıq Valehin M.P.Vaqifə səmimi münasibəti aydın hiss olunur. Digər əsərlərindən də məlum olur ki, Valeh Qarabağda xalqı incidən zülmkarlardan xanlığın baş vəziri Vaqifə bir neçə dəfə müraciət edib:
Molla Pənah, ərzim sizə söyləyim,
Mahallıqca biz düşmüşük dara, bil.
Şadlığı axtaran biçarə kəslər
Həmdəm olub yenə ahu-zarə, bil.
Aşıq Valehin dövrünün digər şair və aşıqları ilə də görüşləri, deyişmələri çox olub. Onun Aşıq Cəlalla, ustadı Səmədlə, Aşıq Feyruzla, Məsum Əfəndi ilə, Aşıq Qənbərlə deyişmələri, şair Abdulla Canızadə ilə məktublaşması mənbələrdə öz əksini tapıb. Bu da onun xalq arasında böyük nüfuz sahibi, istedadlı şair-aşıq, olduğunu göstərir.
Gənc yaşlarından ustad sənətkar kimi tanınan Valehin səsi-sorağı Qarabağın hüdudlarından kənarda da eşidilir. Bir neçə il müstəqil aşıqlıq etdikdən sonra özünə şəyird götürüb öyrədir. Sələflərindən gələn ustad-şagird ənənəsini davam etdirir, müasirləri olan Aşıq Qənbərin, Aşıq Cəlalın, Aşıq Əhmədin və başqalarının bir sənətkar kimi formalaşmasında böyük əmək sərf edir. Lakin sənətin sirlərinə tam yiyələnməyən şəyirdi Səməd ondan çox tez ayrılır. Azad aşıqlıq etmək fikrinə düşür, Dərbəndə qədər gedib çıxır. Zərniyar xanımla deyişir və məğlub olur. Xanım aşıq Səməddən ustadının adını soruşur, ondan Valehin ünvanını alır və ustada açıq məktub yazır, Dağıstana - özü ilə deyişməyə dəvət edir:
Bir neçə aşığı eyləmişəm bənd,
Ayağında zəncir, boynunda kəmənd,
Adım Zərniyardır, məkanım Dərbənd,
Məni anar olsan, bu məkana gəl!
Məktubu alıb oxuduqdan sonra Valeh Dağıstana yola çıxır, gəlib Dərbənd şəhərinə yetişir. Zərniyar xanımla görüşür-deyişir, onu bağlayır və zindana saldığı aşıqları azad edir. Zərniyar xanımla ailə qurmaq fikrinə düşür. O zaman Valehin 25, Zərniyar xanımın təxminən 18-19 yaşı olur. Deyilənə görə, bu xanım 1730-cu ildə Dərbənddə dünyaya gəlib. Erkən çağlardan şeirə, sənətə, saza böyük həvəs göstərib. Buna görə də əhd edir ki, şair-aşıqlıqda onu bağlayana ərə gedəcək. Çox aşıqlar onu bağlamaq fikrinə düşür. Buna cəhd etsələr də, məğlub olurlar. Nəhayət, Valeh onu bağlayır və onunla evlənir. Zərniyarı da götürüb Abdal Gülablıya gəlir. Ömürlərinin sonuna qədər bir-birilərinə sadiq həyat sürürlər...
Aşıq Valeh 1822-ci ildə Şuşa şəhərində vəfat edib. Zərniyar xanım isə 1840-cı ildə dünyasını dəyişir, Abdal Gülablıda dəfn olunur. Məzarının başdaşında bu bənd həkk olunur:
Vəfai-eşqdə düz ilqar mənəm,
Sadiqi-aşiqə vəfadar mənəm.
Məkani Dərbəndəm, övrəti Valeh,
Sorağı dastanlı Zərniyar mənəm.
Ümumiyyətlə, istər deyişmələrindəki qoşmalardan, istərsə də ayrı-ayrı şeirlərindən məlum olur ki, Zərniyar xanım dərin kamal sahibi, mütərəqqi fikirli bir ziyalı qadın olub. Təəssüf ki, onun tərcümeyi-halı və yaradıcılığı geniş araşdırılmayıb...
Savalan Fərəcov