Köz-köz saz-söz tablolu, söz xalılı, kəlam imarətli Aşıq Ələsgər...
   
   Sözümüzün, kəlmə-kəlamımızın hansını götürürsən, harasını çevirirsən, görürsən ona da nəfəsi dəyib bu Dədənin. Fikir-zikrin, məntiq-mənanın hansı “xam”ına əl atırsan, bir də ayılırsan ki, ona da bir yön ilə dil çalıb bu Talib. “Kaş, sayıbilinməz aşiq-məşuq cütlükləri arasındakı bütün sözlərdən, söhbətlərdən, hisslərdən agah olaydım...” kimi “naməhrəm” xəyal-səfərlərə çıxırsan, baxırsan ki, bay, oralardan çoxdan qayıdıb ki, bu Aşiq-Aşıq...
   
   Bəs belə isə... nə deyəsən ki, sənin sözünün yeli bu Aşığın qayasından nəsə bir maya qoparsın? Nə yazasan ki, sənin fikrin də özünə bir aşiq-oxucu tapsın? Nə çarə qılasan ki, bu dəryaya baş vurmaq istəyən qələminə “Araz aşığından, Kür topuğundan” deyilməsin?..
   Deməli, taqsır bu dünyanın Sözündə yox, möcüzə Söz Adamı haqda babat-adekvat söz deyə biləcəyin fikrinə düşməyin özündədir. Bunun üzrxahlığıyla bağlı çox yaza bilərəm... amma bunu da sözügedən Söz Dədəsindən verəcəyim iki bəndin lap axırıncı misrasının daha yaxşı ifadə edəcəyinin fərqindəyəm:
   
   Ala gözlüm, səndən ayrı düşəli,
   Hicranın qəmiylə kef eyləmişəm.
   Günüm ahnan-vaynan keçib dünyada,
   Dərd alıb, qəm satıb - nəf eyləmişəm!
   
   Səndən ayrı şad olmuram, gülmürəm,
   Canımdan bezmişəm, ölə bilmirəm,
   Nə müddətdi, qulluğuna gəlmirəm,
   Bağışla günahım, səf eyləmişəm!..
   
   Bu Dədənin qoşmaları həkkdən düşən qocaları da coşdurursa, gör, eşqdə qoşan cavanlara nə toy tutur?! Bu məktəb-mədrəsə üzü görməmiş canlı Aləmin hikmətləri sadə oxucuların da feyz kəkliyini azdırırsa, hesab-kitab et ki, alim-üləmaların “heyrət, ey büt” tüklərini necə qabardır! Onlardan biri - professor Yaşar Qarayev: “Növbəti “dövran”ın hesabı yeni yüzildə Ələsgər şeiri ilə açılır. Öz “yeni Füzulisini” ədəbiyyat bu dəfə artıq şifahi ənənədə, aşıq şeirində yaradır. Folklorda “Ələsgər divanı” (tilsimi, sehri!) artıq bu günü də əhatə edən iki əsrə çatır və kim bilir, bəlkə, bundan sonra da hələ neçə-neçə əsrə (lap sonsuza!) qədər çatacaq. Axı peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, Peyğəmbər aşıqların sonuncusu isə Aşıq Ələsgərdir”.
   Daha bir alimin sözü - filologiya elmləri doktoru Hüseyn İsmayılov: “Türk dünyasının Oğuz mədəni arealında, Türk coğrafiyasının məkan əcdadı Göyçədən qopan Sazın və Sözün sehrində sintezləşən və Tanrı dərgahına doğru ucalan musiqinin, səsin, sözün və dünyanı estetik biçimdə dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı Aşıq Ələsgərin adının önündə işlənə biləcək epitetlərin ən uğurlusu Dədədir. Zaman anoxronizmini nəzərə almasaq, əgər orta çağ Oğuzu Ələsgərin adına kitab bağlasaydı, onu hökmən “Dədəm Ələsgərin kitabı” adlandırardı: eynilə “Kitabi-Dədəm Qorqud” kimi. Xüsusi kültür vahidinin işarəsi kimi “dədə” sözünün semantik məzmununa bələd olmadan, kökləri və qaynaqları təsəvvüfdən və ürfan fəlsəfəsindən gələn Ələsgər poeziyasının və Ələsgər fenomeninin sehr və möcüzə pərdəsini qaldırmaq mümkün deyil”.
   Vəssalam. Daha heç kəsdən sitat gətirməyə və ya onun Sözü yanında “bez” işlətməyə ehtiyac yox. Bir də buna görə ki, son 4-5 ildə 5-6 min tirajlı qəzetimizdə bu ümumazərbaycan, ümumşərq və - dil-üslub, təbliğ-təşviq baxımından müəyyən kəm-kəsirliklə - ümumdünya tanımlı dühamız, xəlqi Akademiyamız haqda 6-7 yazı dərc edilib. Daha bir səbəb də bu ki, Ələsgər Sözünün özü digər bütün sözləri sehri-batil edir.
   Beləliklə, Dədə Ələsgər haqda elə Dədə Ələsgər özü:
   
    Narın üz
   
   Könül, sən ki düşdün eşqin bəhrinə,
   Narın çalxan, narın silkin, narın üz!
   Dost səni bağına mehman eyləsə,
   Almasın dər, gülün iylə, narın üz!
   
   Tikdiribsən qəsr, eyvan, oda sən,
   Bu nökərin, o sevdiyin, o da sən.
   Qıya baxdın, məni saldın oda sən,
   İnsaf eylə, gəl könlümün narın üz!
   
   Aşıq olan sözün deməz tərsinə,
   Tər gəzən dünyada gedər tər sinə.
   Tər sinəyə qismət olsun tər sinə,
   Narın üzə qoy söykənsin narın üz!
   
   
    Yeridi
   
   Bir gözəl keçdi qarşıdan,
   Sallandı, yana yeridi.
   Kirpik çaxdı, oğrun baxdı,
   Od saldı cana, yeridi.
   
   Ovçu tək bərədə durdu,
   Qaşlarından kaman qurdu.
   Müjganın sinəmə vurdu,
   Qəmzəsi qana yeridi.
   
   Hanı belə huri, qılman?!
   Eyləmir dərdimə dərman.
   Çeşmim yaşı olub ümman,
   Yaşılbaş sona yeridi.
   
   Dedim: qız, getmə, amandı,
   Ələsgər oduna yandı.
   Dedi: qocadı, pirandı,
   Mərdü-mərdana yeridi.
   
   Aşıqlar aləmində deyişmələr, “didişmələr”, gediş-gəlişmələr çox olub. Dədə Ələsgərdə isə hər şey özünün məxsusi zirvə-dərəcəsində! Hamımızın bildiyimiz kimi, o, “ilk məhəbbət” imtahanı odunda da az yanmayıb və bunların tüstüsü qohumu Zöhrə ilə deyişməsində də ərşə bülənd olub. Yəni Ələsgərin ürəyində illərlə “daha evlənməyəcəyəm” nidasıyla qövr edən Səhnəbanı yarası! Atası ölmüş bu qızı əmisi Məhərrəm zorla öz oğluna almaqla, iki ürəyi ömürlük odlara atır.
   
   Ələsgər:
   Söylə, qasid, müxtəsəri-vəssalam,
   Ərzimi canana dedin, nə dedi?
   Bülbül tək asmana yetişib nalam,
   Səhni-gülüstana dedin, nə dedi?
   
   Zöhrə:
   Gedib ərzi-halın yara söylədim,
   İnciməsin məndən - canana, - dedi.
   Zülm əliynən məni yada verirlər,
   Viran qalsın belə zamana, - dedi.
   
   Ələsgər:
   
Salanda yadıma boy-büsatını,
   Xəstə könlüm minir eşqin atını,
   Gah axtarır yerin yeddi qatını,
   Gah çıxır asmana, dedin, nə dedi?
   
   Zöhrə:
  
 Nakəs müxənnətin boynu vurulsun,
   Vay düşsün evinə, şivən qurulsun,
   Məhərrəmin oğlanları qırılsın,
    Qalmasın yurdunda nişana!- dedi.
   
   Ələsgər:
  
 Könül gərək istədiyin istəyə,
   Dostun sözün dosta gərək dost deyə.
   Rəhm elədin mən günahkar xəstəyə,
   Dərdimi loğmana dedin, nə dedi?
   
   Zöhrə:
  
 Zöhrəyəm, sinəmdə dərdü-qəm çoxdu,
   Üstümə tökülən peykandı, oxdu.
   Dünyada ədalət, haqq divan yoxdu,
   Yetirə dərdimi dərmana, - dedi.
   
   Ələsgər:
  
 Kəc dolandırmasın xam xəyalını,
   Can qoyan istəməz dünya malını,
   Yazıq Ələsgərin ərzi-halını
   Sərvi-xuramana dedin, nə dedi?
   
   Bunları oxuduqca, Dədənin dünyanın özü ilə də xəyalən deyişdiyinin və hər kəsi bağladığı kimi, elə bu gidi dünyanı da öz istedad açarı, fitri vergi qıfılıyla bağladığının fərqinə varırsan. Elə qoşmalarının, gəraylılarının “tapşırma”larında olduğu kimi:
   
   Ələsgər isyanın, çıxıbdır sandan,
   Öldürsən zanburu əl çəkməz şandan.
   Hərcayıdan, müxənnəsdən, nadandan,
   Nə söz qaldı sənətkara dəyməmiş.
   * * *
   Ələsgərəm, qəmü-möhnətdi yüküm,
   Fil çəkməz bu dərdi, mən necə çəkim!?
   Haqq ilə nahaqqı axtaran hakim,
   Tapar qulaq ilə göz arasında.
   * * *
   Ələsgərdi mənim adım,
   Aləmi yandırar odum,
   Dərd yoldaşım, qəm ustadım
   Öldürəcək bu qəm məni.
  
 
   “Öldürəcək”?! Düz yüz doxsan iki ildir bu diriliklə, bu canlılıqla yaşayanı öldürə bilərmi, - hər aşığın, hər şairin yol yoldaşı, can sirdaşı olan qəm?!.
   
   Tahir Əhmədalılar







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar