Oktyabrın 28-də Azərbaycan Milli Kitabxanasında “Aşıq sənətinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçirildi. Milli Kitabxana və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə "Xalqın qədim, ölməz sənəti" adlı kitab sərgisi ilə tanış oldular.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq bildirdi ki, ölkəmizdə saz-söz sənətinə daim diqqət və qayğı göstərilir. Bu gün aşıqlarımızın səsi-sorağı uzaq-uzaq ölkələrdən gəlir. Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub çıxış edərək bildirdi ki, bu gün Azərbaycan dövlətinin mədəniyyət siyasətində aşıq sənətinə xüsusi yer verilir, xalq sənətimiz özünün “qızıl” dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət və mədəniyyətə göstərdiyi yüksək qayğı nəticəsində xalqımızın qeyri-maddi mədəni irs nümunələri dünya miqyasında geniş təbliğ olunur. Bu xüsusda Heydər Əliyev Fondunun mədəniyyət layihələrinin müstəsna yeri var: “Son illər aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkili və aşıqlara fəxri adların verilməsi, yubileylərinin keçirilməsi, kitabların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması və s. istiqamətlərdə mühüm işlər görülüb. Bundan sonra da görüləsi işlər çoxdur. Bakı şəhərində “Aşıqlar evi”nin yaradılması arzusunda olduğumuz layihələrdən biridir. İnanıram ki, yaxın gələcəkdə bu layihə də dövlətin dəstəyi ilə gerçəkləşəcək”.
Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı qeyd etdi ki, ölkəmizdə həyata keçirilən mədəni quruculuq işləri sırasında aşıq sənətinə münasibət fərəh doğurur: “Bu yaxınlarda Gədəbəy rayonunda “Aşıqlar evi”nin açılışı oldu. Açılışda iştirak edən ölkə Prezidenti cənab İlham Əliyev haqlı olaraq vurğuladı ki, biz nə qədər dünya mədəniyyəti ilə inteqrasiyaya getsək də, öz kökümüzdən ayrılmamalıyıq. Bizim kökümüz isə qədim xalq sənəti - aşıq sənətimizdir. Bu gün aşıq sənətinin inkişafı istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Ustad sənətkarların çoxillik zəhmətinin dəyərləndirilməsi, onlara prezident təqaüdləri və fəxri adların verilməsi sənətin inkişafına dəstəkdir”.
M.Qasımlı vurğuladı ki, bu sənətə belə qayğı göstərilirsə, biz də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Aşıq sənətinin tədrisi sistemli halda həyata keçirilməlidir. Bəzən görürsən ki, ali təhsilli sənət adamlarının məhdud repertuarı var. Çoxu beş-on aşıq havası bilir. Ancaq belə olmaz. Onlar klassiklərimizi dərindən mənimsəməlidirlər”.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bildirdi ki, ölkə başçısı bölgələrə səfəri zamanı yerlərdə mədəniyyətin, el sənətinin inkişafını hər zaman diqqətdə saxlayır. Bütün bunlar xalqa məhəbbətdən irəli gəlir: “Dövlətin bu sahəyə diqqətini, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşıq sənətimizin inkişafı ilə bağlı görülən işləri çox yüksək qiymətləndirirəm. Aşıqlarımızın səs-sorağı Avropa ölkələrindən gəlir. Fransada aşıqlarımız dövlət səviyyəsində zəngin repertuarlı konsert proqramları ilə çıxışlar edir. Bütün bunlar dövlət qayğısı deməkdir”.
Daha sonra şair İlyas Tapdıq, folklorşünas Elxan Məmmədli, professor İsmayıl Məmmədov, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu, Aşıq Ələsgərin ev-muzeyinin direktoru Hüseyn Həsənov, Aşıq Mahmud və Aşıq Fəzail Misginli çıxış edərək el sənətinə dövlət qayğısından danışdılar.
Savalan Fərəcov