Azərbaycanın yüzlərlə dahi yetirən qədim tarixi məkanlarından biridir Şirvan torpağı. Saymaqla bitməyən aşıqlar, ozanlar məkanı. Zəngin tarixi olan Şirvan aşıq məktəbi milli saz-söz sənətimizin böyük bir səhifəsini təşkil edir. XX əsrdən öz çiçəklənmə dövrünü yaşayan bu məktəbdən bir çox ustadlar, gözəl səs sahibləri çıxıb.

Bu gün orta və yaşlı nəslin sənətsevər nümayəndələrinin hansı birindən soruşsaq Mirzə Bilal, Aşıq Bəylər, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Rza, Aşıq Xanmusa, Aşıq Mahmud və adları sadalanası neçə-neçə ustadın sənətindən ağızdolusu danışar. Bu sənətkarların yolunu davam etdirən yeni nəsillər, ustadların sazını dilsiz qoymayan övladlar yetişir.
Belə istedadlı davamçılardan biri də İslam Rzaoğlu idi. Gənc olmasına baxmayaraq, özünü bacarıqlı ifaçı kimi təqdim edə bilmişdi. Başqa cür ola da bilməzdi. Çünki o, aşıq Rzanın ocağında böyüyüb başa çatmış, bu ailədə təbliğ edilən bütün müsbət keyfiyyətləri kiçik yaşlarından mənimsəmişdi.
Aşıq İslam 1977-ci ildə dünyaya gəlmiş, uşaq yaşlarından saz, söz sənətinin incəliklərini mənimsəyərək, bir sıra müsabiqələrin qalibi olmuşdu. Sonra musiqi təhsilini davam etdirmək məqsədilə Dövlət Konservatoriyasına daxil olmuş, Xalq artisti Arif Babayevdən muğam dərsləri almışdı. O, sanki ömrünün qısa olacağını bilirmiş kimi bu həyatda çox tələsir və aşıqlıq sənətində bəzilərinin on illər boyunca edə bilmədiklərini öz gənc ömrünə sığdırmışdı.
Onu tanıyanlar, qohumları, sənət yoldaşları bu gün haqqında əbədi sevgi və özləmlə bəhs edirlər. Lakin hər insanın ömür yolu bir məqama qədərdir. Aşıq İslam Rzaoğlu bu həyatda yaşadığı və gözəl sətirlərlə bəzədiyi ömür kitabını çox erkən tamamlasa da, adı, sənəti qəlblərdə yaşayır.

Rəfiqə Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar