Fevralın 14-də Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə tanınmış aşıqlar - aşıq Rza Qobustanlının 70 illik yubileyi və onun vaxtsız dünyasını dəyişmiş oğlu aşıq İslam Qobustanlının xatirə gecəsi keçirilib.
Tədbirdə çıxış edən Aşıqlar Birliyinin sədr müavini, professor Məhərrəm Qasımlı bildirib ki, gözəl səsə, məharətli ifa tərzinə, yüksək insani keyfiyyətə malik Rza Qobustanlı və oğlu Azərbaycan aşıq sənətinin, ifaçılıq məktəbinin tanınmış nümayəndələrindən olublar.
Qobustanlılar ailəsinin sənət yolunun gənc davamçısı Rza İslamoğlu, Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, Xalq artisti Canəli Əkbərov və başqaları özünəməxsus ifa tərzi, xüsusi dəst-xətti ilə seçilmiş ata-oğuldan söhbət açıblar. Aşıqların ifasında onların vaxtilə ifa etdikləri el havaları səsləndirilib.
Tədbir çərçivəsində həyatdan vaxtsız getmiş İslam Qobustanlıya həsr edilmiş “Aşıq İslam dünyası” kitabının təqdimatı olub. “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabın müəllifi Tofiq Abdullayevdir.