Tarixən türk xalqları üçün musiqi böyük məna kəsb edib. Türk coğrafiyasında xüsusilə aşıq yaradıcılığı və xalq musiqisinə maraq həmişə güclü olub. Ozanlar, baxşılar, aşıqlar eldən-elə dolaşaraq ecazkar musiqini və xalq hikmətlərini insanlara çatdıraraq onların könül dünyasını zənginləşdirib. Türk xalqları arasında geniş yayılan musiqi alətlərindən biri də dütardır.

Bu alət türkmənlər arasında daha çox yayılıb. Ötən əsrin birinci yarısına qədər onun telləri ipəkdən hazırlanıb. Sonradan ipəyi metal tellər əvəzləyib. Onu da deyək ki, türkmənlər aşığa baxşı, saza dütar deyirlər. Dütarın iki simi, on üç pərdəsi var ki, onlar “Baş pərdə”, “Nəvai”, “Zərin”, “Lal”, “Orta” pərdə və s. adlandırılır.
Azərbaycan aşıqlarından fərqli olaraq türkmən baxşısı dütarı sağ əlinin beş barmağı ilə, həm də oturub çalır. Dütar havalarına “muğam” deyilir. Ancaq bunun Azərbaycan muğamları ilə əlaqəsi yoxdur. Sadəcə olaraq “muğam” sözündən bir musiqi termini kimi istifadə edilib. Türkmən baxşıları qoşma, gəraylı, müxəmməs və s. şeir formalarına qazal (qəzəl) deyirlər.
Mənbələrdə göstərilir ki, ifaçılıq tərzinə görə türkmən baxşıları üç qrupa bölünür. Birincisi aydımçı, ikincisi ancaq dütar çala bilən, üçüncüsü isə dastançı baxşı adlanır. Sonuncular ən kamili sənətkar hesab edilir və dastan söyləməklə yanaşı, çalıb-oxumağı da bacarırlar.
Türkmən baxşısının repertuarında “Qonur bağ”, “Novayı”, “Göy təpə”, “Soltan söyün”, “Cığalı”, “Qara Nərgiz”, “Müxəmməs”, “Nəcəfi” və “Yıldızdağ Koroğlusu” kimi dütar havaları var.
Tanınmış folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı araşdırmalarında yazır ki, dütar havaları Türkmənistanın hər guşəsində - Taxtabazarda, Qarrıqalada, Teçendə, Bahardendə və başqa yerlərdə geniş yayılıb. Türkmən baxşı məktəbi əsasən üç şəkildə qruplaşdırılır: Taşauz, Mari və Göytəpə məktəbi.
Bir çox türk xalqlarında olduğu kimi, “Koroğlu”, “Şahsənəm-Qərib”, “Leyli-Məcnun”, “Hürülqa-Həmra”, “Sayatlı Həmra”, “Nəcəfoğlan” və digər türkmən xalq dastanları əsasən Taşauz baxşılarının repertuarında yaşayır. Alim bildirir ki, baxşı sənəti öz qaynağını Taşauzdan alır. Azərbaycanın Tovuz rayonunda olduğu kimi, Taşauzda da aşıq-baxşı yaradıcılığı və sənəti çox dərin ictimai köklərə malikdir.
Türkmən baxşı yaradıcılığının yayılma coğrafiyasına diqqət yetirdikdə aydın olur ki, bu sənətin hüdudları çox genişdir. Necə ki, baxşı-aşıq yaradıcılığının məhsulu olan “Koroğlu”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm” dastanları üçün milli sərhəd məhdudiyyəti yoxdur.
Sazla dütar arasında oxşar cəhətlərə gəlincə, türkmən sazında simlərin sayının azlığı heç də onun imkanlarını məhdudlaşdırmır. Əsrlərin yadigarı olan bu qoşa qanad tellərin biri aşıq, biri məşuq, biri həsrət, biri vüsaldır... Azərbaycan sazı ilə türkmən sazının avazında bənzərlik mövcuddur. Saz və dütar havaları arasındakı yaxınlığı inkar etmək olmaz. Türkmən baxşısı “Koroğlunun at oynatdığı” havasını çalanda qeyri-ixtiyari Salyan aşığının repertuarındakı “Atlı Koroğlu” yada düşür. Bu hava dütarda səslənəndə sanki çay qırağında at çapılır.
Baxşı yaradıcılığının, dütar sənətinin inkişaf edib cilalanmasında türkmən xalqının görkəmli söz-sənət sahiblərindən Məhdumqulu, Mollanəpəs, Kəminə, Zəlili, Seyidi və Əndəlib kimi klassik söz ustalarının böyük rolu olub. Eyni zamanda sənətdə yeri, mövqeyi olan dütar ustalarının, gözəl ifaçıların və dastançıların əməyi də danılmazdır. Baxşı sənətinin inkişafında türkmən xalqının görkəmli sənətçisi Durdu, Şükür, Ata və başqa istedadlı sənətkarların əvəzsiz xidmətləri olub.
Bu görkəmli sənət ustaları dütarı-sazı çalarkən bütün varlığı, ruhu və qəlbi ilə ipək tellərə bağlanır. Onu elə çılğınlıqla cuşa gətirir ki, insan gördüklərinə inana bilmir. Türkmən yazıçısı Xudayberdi Durduyevin təbiri ilə desək, dütar çalan həqiqətən təkrarolunmaz, əsrarəngiz və qəlbə nur saçan musiqi lövhələri yaradır, ipək tellərin sədası insanların qəlbini ehtizaza gətirir...
Türkmən xalqı arasında dütarın ifası çox maraqlı, həm də obrazlı şəkildə vəsf edilib. Qeyd olunur ki, dütar dillənəndə, baxşı səslənəndə Məhdumqulunun şeir dünyası, Saxı Cabbarın sənət dünyası təkrar-təkrar dil açır və könül oxşayır. Barlı ağac kimi başını əyir. Yenidən çiçək açır və türkmən ömrünün xoşbəxt günlərini bir daha yaşayır. Türkmən xalq yaradıcılığında baxşı sənəti həmişəbahar və həmişəcavan bir bağa bənzədilir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar