XIII əsrdə Təbrizdə yaşayıb-yaradan, Azərbaycan, fars və ərəb dillərində əsərlər yazan söz ustadlarından biri də filosof-şair, alim Xacə Hümam Təbrizi olub. Şairin dil-üslub xüsusiyyətləri, ifadə zənginliyi onun Şərq ədəbi düşüncəsinə dərin bələdliyindən xəbər verir.
Məhəmməd Əla oğlu Hümam savadlı bir ailədə dünyaya göz açıb. Atası oğlunun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Xüsusilə ərəb, fars dillərini dərindən bilməsi üçün böyük səy göstərib. Sonra oğlunu şəhərin tanınmış elm-sənət adamları ilə tanış edir. Çox keçmir, Məhəmməd Təbrizdə şair və xəttat kimi tanınır. Dövlətşah Səmərqəndi “Təzkirətüş-şüəra” əsərində iyirmi məşhur sənətkar sırasında ondan da söhbət açır. Mənbələrdə onun Təbrizdə görkəmli şair və filosof Sədi Şirazi ilə görüşünə dair məlumatlar da var.
Xacə Hümam dövrün bir sıra dövlət, elm və ədəbiyyat xadimləri ilə məktublaşıb. Tanınmış dövlət xadimi və alim Şərafəddin Harun, istedadlı üləmalardan İbrahim Həməvi, şair Qütbəddin Əmiqi dəfələrlə onun yanında olublar. Elxanilər dövlətinin vəziri Fəzlullah Rəşidəddin və nüfuzlu dövlət xadimi Şəmsəddin Məhəmməd Cüveyni ilə də yaxşı münasibətlər qurub. Hətta F.Rəşidəddin hörmət əlaməti olaraq oğlanlarından birinə Hümam adını qoyub.
Hümam Təbrizi bir müddət Elxanilər dövlətində vəzir kimi yüksək vəzifədə də çalışıb. F.Rəşidəddinin Bağdad hakimi Əmir Əliyə məktubunda ömürlük dövlət təqaüdü təyin edilən alimlər sırasında onun da adı çəkilir.
F.Rəşidəddinin Quran təfsirinə aid “Tozihat” əsərinə rəy verən 200 tanınmış alimdən biri də H.Təbrizi olub. XIII-XIV yüzilliklərin fikir adamları onu alimlərin başçısı hesab ediblər. Poeziyadakı şöhrətinə görə onu “Azərbaycan şeirinin Sədisi” adlandırıblar.
Şairin günümüzə gəlib çatan Azərbaycan dilində bir şeiri, fars dilində divanı, ərəbcə bir neçə şeiri və “Söhbətnamə” adlı poeması var. Poema Şəmsəddin Cüveyninin oğlu Şərafəddin Haruna ithaf olunub.
Hümam Təbrizi sağ ikən əsərlərini divan şəklinə sala bilməyib. Vəfatından sonra vəzir F.Rəşidəddinin göstərişi ilə şeirləri toplanaraq divan kimi tərtib edilib. Müəllifin ana dilində yeganə şeiri “Cümə günü” rədifli mürəbbesidir. Həmin şeiri ədəbiyyatşünas alimlərdən T.Xalisbəyli və M.Müsəddiq AMEA-nın Əlyazmalar İnstitutundan əldə edərək “Hümam Təbrizi” adlı ön sözlə çap etdiriblər.
Üç bəndlik həmin şeirin ilk bəndi belədir:
Aşiqi-sadiq olanın tərki-dünyadır işi,
Mömün oldur dünyada rast gəlmən işi.
Həqq buyurdi bizə layiq işlər isə işi,
Bir səvab bin yazılur ol mübarək cümə günü.
Araşdırmalarda göstərilir ki, Hümamın yaradıcılığında eşq və vətənin tərənnümü başlıca yer tutur. O, məşhur bir rübaisində Təbrizə və onun sakinlərinə heyranlığını belə ifadə edir: “Təbriz gözəldir, hər nə ki, orada vardır, o da gözəldir. Onun sakinləri yüksək fikir sahibləridirlər. Onlar müxaliflərin fikri ilə müvafiq olmazlar. Məlaikə divlə heç vaxt dost ola bilməz”.
Şair təsəvvüf düşüncəsi ilə həmişə zülmə, ədalətsizliyə, haqsızlığa qarşı etiraz edib, daima haqq-ədalətin tərəfində olub. Elxanilər dövlətinin vəziri Şəmsəddin Məhəmmədin haqsız edamı ilə bağlı bir tərcibənd yazıb. Səmimi dostunun ölümü şairi kədərləndirir. Şeirdə bu haqsız edamın günahkarlarına nifrət ifadə olunur. Zülmün tüğyanından və ədalətin yoxa çıxmasından gileylənir: “Zülm dovşanı elə hakim olmuşdur ki, ədalət şirinin dırnaqları sınmışdır”.
Hümam Təbrizi uzun bir ömür yaşayıb. Mənbələrdə onun yüz ildən artıq ömür sürdüyü bildirilir. Şair Təbrizdə vəfat edib, özünün tikdirdiyi xanəgahda dəfn olunub.
Savalan Fərəcov