Kürdəmirdə aşıq Ağalar Mikayılovun 100 illiyi qeyd olunub

Ağalar Bilal oğlu Mikayılov 1913-cü ilin yazında Şamaxı qəzasının Qəşəd kəndində, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, aşıq Mirzə Bilalın ailəsində anadan olub. O, dünyaya gözlərini açanda atası sənətinin, istedadının coşub-qaynadığı, səsinin, sədasının eli-elatı başına götürdüyü çağlarında idi. Aşıq Ağalar da ötən əsrin 50-ci illərindən el şənlikləri ilə yanaşı, dövlət tədbirlərində də iştirak etmiş və həmişə də maraqla qarşılanmışdır. Fəaliyyəti yüksək qiymətləndirilən sənətkara “Azərbaycan SSR-in el aşığı” fəxri adı verilmiş, 1961-ci ildə aşıqların III qurultayının nümayəndəsi olmuşdur. Aşıq Ağalar 75 illik ömrünün 30 ilini ulu sənətə həsr etmişdir. 1988-ci ilin oktyabrında dünyasını dəyişmişdir.
Xalq şeirinin əksər formalarında yazıb-yaradan sənətkarın xeyli sayda qoşma, gəraylı, təcnis, deyişmə, qəzəl, bayatı və müxəmməsi vardır. Həmin şeirlərin bir çoxu şənliklərdə oxunmaqla yanaşı, müxtəlif mətbu orqanlarda, almanax və aşıqlara həsr olunmuş kitablarda çap olunmuşdur.
Professor Seyfəddin Qəniyev ustad sənətkarın şəcərəsini, həyat və yaradıcılığını dərindən araşdırmış, şeirlərinin bir qismini toplayıb çap etdirmişdir. Onun 2011-ci ildə nəşr etdirdiyi “Şirvanlı Aşıq Ağalar” kitabında aşığın şeirlərinin böyük bir qismi, qoşduğu dastanlardan biri, eləcə də sənətkar haqqında yazılanlar və xatirələr də yer almışdır.
Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının redaktorluğu və ön sözü ilə “Çaşıoğlu” nəşriyyatında çıxmış şeirlər kitabında aşığın arxivindəki çap olunmamış şeirlərindən bir qismi və oxuduğu aşıq havalarından ibarət disk sənətkarın 100 illik yubileyinə hədiyyə edilmişdir.
Millət vəkili, AMEA-nın müxbir üzvü Rafael Hüseynov müxtəlif illərdə Azərbaycan radiosunda hazırladığı “Axşam görüşləri” proqramında aşıq Ağalar Mikayılovun həyat və yaradıcılıq yolu, eləcə də Mirzə Bilal haqqında söhbət açılmışdır.
Mayın 24-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin birgə təşkilatçılığı ilə Mədəniyyət evində aşıq Ağalar Mikayılovun 100 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir. Foyedə aşıq Mirzə Bilal və aşıq Ağaların kitablarından, onlara həsr olunmuş monoqrafiyalardan, keçirdiyi konsertlərin afişalarından ibarət sərgi təşkil olunmuşdu.
Mərasimi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açmışdır. İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlamış və əlamətdar yubiley münasibətilə onları təbrik etmişdir.
Sənətkarın Azərbaycan radiosunun qızıl fondundan götürülmüş səs yazısının müşayiəti ilə ustad sənətkara həsr olunmuş slayd nümayiş etdirilmişdir.
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, folklorşünas alim, professor Seyfəddin Qəniyev, AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək ustad aşığın yaradıcılığından, aşıq sənətinin inkişafındakı rolundan danışmışlar.
Tanınmış aşıqlardan Əhliman Rəhimov, Yanvar Bədəlov, Ağamurad Mərzəngəli, Əvəzxan Xankişiyev sənətkarın sözlərinə qoşulmuş havaları ifa etmişlər. Aşığın qızı İradə xanım, nəvəsi Ağalar, nəticəsi Fərid, şəhər 3 saylı tam orta məktəbin şagirdləri aşıq Ağaların şeirlərindən nümunələr söyləmişlər. Şair Abduləziz Xanəhmədoğlu sənətkara həsr etdiyi şeirini oxumuşdur.
Yubiley mərasimində çıxış edən aşıq Ağaların oğlu Rauf Mikayılov atasının sənətinə göstərdikləri hörmət və ehtirama görə ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlıqlarını bildirmişdir.

Tofiq Abdullayev,
Kürdəmir rayonu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar