Yaşayan hər kəsin özünəməxsus arzusu, istəyi olur bu dünyada. Bəzi insanlar isə Allah tərəfindən xüsusi missiya ilə bəxş edilir yer üzünə. Onlar ömürləri boyunca xalqı üçün yaşayır, vətəni uğrunda şam tək əriyirlər. Qəlblərdə izi, el dilində sözü qalan belə şəxsiyyətlərdən biri də aşıq Mahmud Ələsgəroğludur.
Zəngin söz xəzinəsinin sahibi, xalq dastanlarının mahir bilicisi olan Mahmud Ələsgəroğlu 1946-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Orta təhsilini Nəriman kənd orta məktəbində aldıqdan sonra təhsilini davam etdirmək üçün paytaxta gəlir, burada isə əvvəlcə Politexnik İnstitutunda, daha sonra isə Azərbaycan Dövlət Universitetində oxuyur. Sonra doğulub boya-başa çatdığı kəndin məktəbində müəllim, dərs hissə müdiri vəzifələrində çalışır.
Bütün varlığı ilə musiqiyə bağlı olan mərhum sənətkarımızı bu həvəs bambaşqa bir sahəyə yönəldir. Aşıq musiqisinin sehrinə qapılır və 1972-ci ildən aşıqlıq etməyə başlayır. Bədahətən söz qoşmaq qabiliyyətinə malik olan ustad aşıq qeyd edilən tarixdən Dədə Qorqud yadigarı olan sazın layiqli sahibinə çevrilir. İfası dövlət əhəmiyyətli tədbirlərin, el şənliklərinin bəzəyi olan aşıq el ağsaqqallarının qarşısında verdiyi imtahandan layiqli çıxmağa çalışırdı. O, aşıqlığa məxsus bütün keyfiyyətləri özündə birləşdirirdi. Tanrı da ondan heç nəyi əsirgəməmişdi. Az keçmir ki, aşıq Mahmud saza, sözə dəyər verən insanların sevimlisinə çevrilir. III aşıqlar qurultayının sədr müavini seçilən sənətkar bir neçə kitab və dastan müəllifi də olmuşdur. El içində yüksək nüfuza malik bir ziyalı kimi tanınmış, mətbu orqanlarla da sıx əlaqə saxlamışdır.
Hər ölüm ağırdır. Lakin Mahmud Ələsgəroğlunun bu həyatla vidalaşması eli, sevgisini, hörmətini qazandığı insanlar üçün daha ağrılı oldu. Çünki aşıqlıq sənətinin zirvəsində olan, yaradıcılığının ən məhsuldar çağlarını yaşayan ustad qəlbində neçə arzu-istək ilə tərk etdi bu cahanı. Hər kəsə bəxş edilmiş qismət payını yaşamaq qalır bütün insanlara. Aramızdan vaxtsız ayrılsa da, özündən sonra yetişdirdiyi, yurduna, yuvasına bağlı övladları, dünyalar qədər sevdiyi nəvələri qaldı. Nə xoşbəxtdir o ustad ki, onun sazı yerdə qalmayıb. Aşıqlıq sənətini ata əmanəti kimi qoruyan, başa tac edən Vüqar Mahmudoğlu oxşayır saz, söz sevənlərin ruhunu.
Bu gün aşıq Mahmud Ələsgəroğlunun vəfatından illər ötür, lakin o, insanların qəlbində hər zaman öz yerini qoruyur. Ölüm sevinməsin qoy. Çünki o, aşıq Bilalları, Şakirləri, Rzaları, Mahmudları, daha kimləri, kimləri yalnız cismən ayıra bilər bizlərdən. Mənən isə onlar bu dünya var olduqca sənətsevərlərin qəlbində daim yaşayacaq.
Rəfiqə Nəsirova