XVII-XVIII əsrlər aşıq ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Xəstə Qasımdır. Onun əxlaqi-tərbiyəvi əhəmiyyətə malik qoşma-ustadnamələri dastan yaradıcılığının zənginləşməsində xüsusi rol oynayıb.

Xəstə Qasım təxminən 1684-cü ildə Tehran-Təbriz yolu boyunca sıralanan Qarqalan dağının ətəyindəki Tikmədaş kəndində dünyaya göz açıb. İlk təhsilini kənddəki molla məktəbində alıb. Sonra təhsilini davam etdirmək üçün Ərdəbil şəhərinə gedib. Şeyx Səfi mədrəsəsində dini və dünyəvi elmləri öyrənib. Ədəbi yaradıcılığa da elə o illərdə başlayıb.
“Xəstə Qasımın Ərdəbil səfəri” dastanından məlum olur ki, o, mədrəsədə oxuduğu illərdə bir çox çətinliklərlə qarşılaşır. Müəllim dərsi nə qədər izah etsə də, o, başa düşmür. Naəlac qalan müəllim onu məktəbdən çıxaracağı ilə hədələyir. Qasım pərişan halda evə qayıdır. Narahat və fikirli halda dərin yuxuya gedir. Röyada Həzrət Əlini görür. Onun əlindən badə alıb içir. Bir gecənin içində təriqətin ən yüksək məqamlarına çatır.

Xəstə Qasım deyir dəst-rəst oldum,
Şah əlindən badə içib məst oldum,
Saylı beş gün Şeyx Səfidə bəst oldum,
Onda bəyan oldu dörd kitab mənə.


Sonra Qum və Nəcəf şəhərlərinə səfər edir. On dörd il dini təhsil alır. Ümumiyyətlə, ömrünün 20 ilini elm öyrənməyə sərf edir. Yaradıcılığından bəlli olur ki, o, Qurani-Kərimi dərindən bilib. Xəstə Qasım həm də xəttatlıq sənəti ilə məşğul olub. Öz dəst-xətti ilə Quranın və başqa qiymətli kitabların üzünü köçürüb:

Xəstə Qasım deyir, qalmadı tabım,
Qızılgültək çəkilibdir gülabım,
Cədvəlkeş Quranım, qırx cild kitabım,
Zərnişanlı qələmdanım necə olsun.


O, “Xəstə Qasım”, “Biçarə Qasım”, “Molla Qasım” təxəllüsləri ilə şeirlər yazıb. Onun “Xəstə” təxəllüsü ilə bağlı fərqli fikirlər söylənib. Qeyd olunur ki, haqq aşığı özü bu təxəllüsü götürüb. Çünki o, gənc yaşlarından təsəvvüf dairəsinə yaxınlaşaraq ali həqiqət axtarışına çıxıb...
Şairin yaradıcılığı hələ sağlığında və ondan sonrakı dövrlərdə də insanların diqqətini cəlb edib. Klassik şeir janrlarında - qəzəl, qəsidə, məsnəvi yazmaqla yanaşı, həm də ilk olaraq aşıq ədəbiyyatında “döşləmə” şeir növünün əsasını qoyub. Aşıq yaradıcılığında ilk dodaqdəyməz nümunəsi də məhz onun adı ilə bağlıdır:

Oxudum Quranı çıxdım Yasinə,
İgid olan ixlas bağlar Yasinə,
Aşıq deyər ya sına,
Namərd boynu ya sına.


Ömrünün çoxunu qürbətdə keçirdiyindən Xəstə Qasımın yaradıcılığında vətən həsrətli şeirlərin xüsusi yeri var.

Xəstə Qasım, tamam oldu sözlərim,
Eşq ucundan külə döndü gözlərim,
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.


Aşıqla bağlı “Xəstə Qasımın Dərbənd səfəri”, “Xəstə Qasımın Urmiya səfəri” , “Xəstə Qasımın Dağıstan səfəri” dastanları bağlanıb. Özü tərəfindən isə “Əliyar və Məsum”, “Camal ilə Abdulla” dastanlarının yaradıldığı söylənilir.
Sənətkar “Dön qəbristanə bax” misrası ilə başlayan əsərini yazmamışdan qabaq Xaqani Şirvaninin “Bax” şeirindən təsirlənərək belə yazıb:

İnsan oğlu, qafil olma, aç gözün qəbristanə bax!
Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
Bu dünya dediyin boş müsafirxanədir,
Hər gələn köçər, hər gedən mehmanə bax.


Xəstə Qasım ixtiyar çağlarında doğma Tikmədaş kəndinə dönür, təxminən 1760-cı ildə dünyasını dəyişir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar