Türk dünyasının aşıqlarından söz düşəndə ilk olaraq xatırlananlardan biri də Dadaloğludur. O, XIX yüzilliyin tanınmış xalq ozanı olub. Köçəri həyat tərzi keçirən sənətkarın şeirlərini Osmanlı imperiyasında türkmən tayfalarının poetik tarixi kimi qiymətləndirirlər.
Aşıq Dadaloğlu haqqında günümüzə çox az məlumat gəlib çıxıb. Araşdırıcı jurnalist-etnoqraf Ənvər Çingizoğlu yazır ki, Dadaloğlu təxminən 1785-ci ildə Türkiyənin Kayseri vilayətinin Tomarzə bölgəsində Musa adlı bir aşığın ailəsində dünyaya göz açıb. Əsl adı Vəli olub və onlar oğuzların Avşar tayfasındandırlar. Bu onun ədəbi yaradıcılığında da aydın şəkildə öz əksini tapıb. Atası ona yazıb-oxumağı öyrədib, xalq yaradıcılığı ilə bağlı nağıl və əfsanələr danışıb. Onda şifahi xalq ədəbiyyatına böyük maraq oyadıb. O həm də çox igid, döyüşkən və coşqun təbiətli bir gənc olub. Maraqlı və mübarizələrlə dolu bir ömür yaşayan sənətkar 1868-ci ildə vəfat edib. Özündən sonra gələcək nəsillərə Avşar ellərinin milli adət-ənənələri və folkloru ilə bağlı zəngin bir irs qoyub.
Mənbədə qeyd olunur ki, XVIII əsrin birinci yarısında Osmanlı imperiyası ərazisində köçəri tayfaların oturaq həyata keçməsi tələb olunur. Bu, o dövrün bir çox köçəri tayfalarında olduğu kimi, Avşar tayfasında da böyük etiraza səbəb olur. Aşıq Dadaloğlunun bu məzmunda qələmə aldığı şeirləri diqqət çəkir:

Qalxdı, köç eylədi Avşar elləri,
Ağır-ağır gedən ellər bizimdir.
Ərəb atı yaxın edər iraqı,
Uca dağlar, aşan yollar bizimdir.


Dadaloğlunun yaradıcılığında Kayseri ellərindən Payas, Adana, Kozan əyalətləri, Gavurdağ, Aladağ, Qoçdağ, Bamidağ kimi yer adları öz əksini tapıb. Bundan da belə qənaətə gəlmək olur ki, bu yerlər vaxtilə köçəri Avşar tayfalarına qışlaq-yaylaq yerləri olub. Dadaloğlu hələ gənc ikən səyahətə çıxıb. Anadolu ellərini kəndbəkənd və oba-oba gəzib dolanıb. Hətta Avşar bəylərindən Əlioğlu Dədə bəy, Mistik bəy və Kazanoğlu Əhməd bəyin yanında bir müddət katiblik edib. Onu da deyək ki, əfşar tayfaları 1865-ci ildə Sivasda oturaq həyata keçirlər. Onun əsərlərində də hiss olunur ki, Dadaloğlu bu həyat tərzinə uyğunlaşa bilmir. Ömrünün müdrik çağlarında Çukurovaya gedir. Bir müddət orada yaşayır. Sonra yenidən köçəri həyat tərzinə dönür.
Aşığın yaradıcılığının ən maraqlı cəhəti onun şeir dilidir. Onun üslubu çox rəvan və dolğundur. Sənətkarın yaradıcılığı ilə tanış olarkən onun qəhrəmanlıq şeirlərində daha çox Koroğlu, təbiət gözəlliklərinin vəsfində isə Qaracaoğlanın xatırlandığının şahidi oluruq. İrsi yetərincə araşdırılmadığından əsərlərindən günümüzə çox az nümunələr gəlib çıxıb. Ancaq əldə olan şeirlərindən məlum olur ki, o, dövrünün çox tanınmış və istedadlı sənətkarı olub. Onu da deyək ki, Avşar tayfasının oturaq həyata keçməsindən sonra Türkiyədə aşıq birlikləri yaranır. Dadaloğlunun həmin dövrdə daha geniş fəaliyyət göstərdiyi qeyd olunur. Çünki aşığın o dövr yaradıcılığının müəyyən hissəsini siyasi məsələlər, yəni Osmanlı imperiyasının siyasəti və sosial problemlər təşkil edib. Həyatda qarşılaşdığı çətinliklər və haqsızlıqlara qarşı apardığı mübarizə yaradıcılığında öz əksini tapıb:

Əslimi sorarsan Avşar soyundan,
Ayrı düşdüm aşirətdən, bəyimdən,
O bulaq başından beş yüz evinən,
Durub öz canına qıyanlardanam.


Ozanın bədii irsində məhəbbət mövzusu da aparıcı mövqe tutur:

Doya-doya mah camalın görmədim,
Saçların çözüb-çözüb hörmədim,
Bir gecəcik səfasını sürmədim.
Sarmadığım incə bellər inləyir.


Aşıq Dadaloğlunun yaradıcılığı tam olaraq günümüzə qədər gəlib çatmasa da, onun sadə xalq dilində qoşma, türkü, cəngi, varsağı və səmavi şeirlər yazdığı güman olunur. Mübarizə və qəhrəmanlıqlarla dolu şeirlərində Avşar tayfalarının həyat tərzi çox ustalıqla qələmə alınıb. O, bu tayfalara mənsub sənətkarların milli xüsusiyyətlərinə uyğun məcazları, hadisələri qələmə almaqla müasirləri arasında xüsusi yer tutub. Yaradıcılığında həm də təbiət təsvirlərinə geniş yer verib:

Bizim yaylağımız meşəli,
Dibində güllər döşəli.
Altı top-top mənəkşəli,
Qızlar gəlir yaylağımıza.

El sənətkarının rəngarəng yaradıcılığında yer-yurd həsrəti və qürbət ağrıları da öz əksini tapıb:

Bir igid qürbətə gedərsə,
Gör, başına nələr gələr...


Aşıq Dadaloğlu yaradıcılığı ilə ümumtürk ədəbi aləmində özünəməxsus yeri olan sənətkar olub. Eyni zamanda ilk köçəri türk ədəbiyyatının bənzərsiz nümunələrini yaradıb.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar