Göyçə mahalının saz-söz mühitindən qor götürüb Gədəbəy aşıq mühitinə pənah gətirən aşıq Oruc bu sənətdə öz dəst-xəttini nümayiş etdirib. Saz ifaçılığında uğur qazandığı kimi, aşıq şeirində də ideya-bədii cəhətdən kamil nümunələr qələmə alıb.

Aşıq Oruc Vəli oğlu 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Uşaqlıq və gənclik illəri saz-söz ustadlarından aşıq Talıb, aşıq Əsəd, aşıq Müseyib və aşıq İbrahimin apardığı el şənliklərində keçib. Ancaq ruzigarın üzü dönür, mənfur ermənilərin təzyiqləri nəticəsində öz doğma ata-baba yurdlarından didərgin düşürlər. Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşırlar.
Aşıq sənətinin inkişaf etdiyi bu bölgədə Oruca hörmətlə yanaşılır. Çox keçmir, el arasında tanınır, hörmət qazanır, ustad aşıq kimi qəbul olunur. Şənliklərə qatılır, sayılıb-seçilir və rəsmi tədbirlərə dəvətlər alır. Qarabağın, Gəncəbasarın, Borçalı ellərinin toy şənliklərinin yarı-yaraşığına çevrilir.
Sənətdə püxtələşdikcə şeriyyəti də üzə çıxır. Yaradıcı sənətkar kimi sənət yoldaşlarına böyük hörmət və qayğı ilə yanaşır. Bu təvazökarlıq ona başucalığı gətirir. Bir gəraylısında belə deyir:

Öz eybini bilməzlərə
Qohum-qardaş, el neyləsin?!
Zatı xain olan kəsə
Düzgün ürək, dil neyləsin?!

Aşıq Oruc, de sözünü,
Tərifləmə gəl özünü.
Bil, çevirsə el üzünü,
Yüz köməkçi əl neyləsin?!


1953-cü ildə aşıq Oruc Gədəbəy bölgəsində ilk dəfə aşıqlar ansamblı yaradır. Gədəbəy aşıqlarının ağsaqqalı İsfəndiyar Rüstəmov, aşıq Sədaqət, aşıq Zahid, aşıq Fəzail, aşıq Şahsuvar, aşıq Yusif, aşıq Sayad və başqaları bu musiqi kollektivinin ilk üzvləri olublar.
Professor Qara Namazov “Aşıqlar” kitabında aşıq Orucdan bəhs edərək yazır: “O, 1939-cu ildən aşıqlıq sənətini özünə əbədi peşə seçir. Göycə aşıq məktəbinin çətin imtahanlarından keçir. Çox tez bir zamanda aşıq-şair kimi tanınıb. Respublika aşıqlar qurultayına nümayəndə seçilib. Daha sonra xalq yaradıcılığı evinin fəxri nişanı ilə təltif olunub”.
Tanınmış folklorşünas alim, professor Məhərrəm Qasımlı sənətkarın həyat və yaradıcılığı haqqında “Ədəbiyyat qəzeti”ndə dərc olunan “Ustad” sərlövhəli məqaləsində yazır: “Aşıq Oruc 1953-cü ildə Gədəbəy rayonunda aşıqlar ansamblı yaradır. İyirmi ilə yaxın bu kollektivə rəhbərlik edib. Bu ansamblın yetirmələri bu gün də el məclislərinin sevimlisidir. El sənətinin inkişafında xidmətlərinə görə aşıq Oruc Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri fərmanına və bir neçə dəfə pul mükafatına layiq görülüb”.
Aşıq Oruc xalq şeirinin bir çox janrlarında - gəraylı, qoşma, təcnis, divani və müxəmməslər yazıb. Sənətkar aşıqlıq sənətində daha çətin və çox az-az hallarda ifa olunan “Koroğlu”, “Mixəyi”, “Güllü qafiyə”, “Göycə gözəlləməsi”, “Mirzəcanı” və s. aşıq havalarını ustalıqla ifa edib. O, ümumilikdə 70-ə qədər saz havasını çalıb-oxuyub. Bir təcnisində deyir:

O hilal qaşını görəndə gözüm,
Müştaq oldum onun yar sinəsinə.
Laçın tərpənişli, tovuz cilvəli,
Qaldım qulluğunda, yar, sinə-sinə.


Hazırda Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda sənətkarın on bir aşıq havası qorunub saxlanılır. Onu da deyək ki, “Qurbani” dastanı 1954-cü ildə aşıq Orucun ifasında da qələmə alınıb. Professor Məhərrəm Qasımlı bu dastanın əhəmiyyətindən bəhs edərkən bütün başqa variantlara nisbətən, bu variantın daha dolğun və əhatəli olduğunu bildirir.
Aşıq Oruc el şənliklərində daha çox aşıq Miskin Vəli, aşıq Məhəmmədəli ilə birgə çıxış edib. Onun yetirmələri az olsa da, əsas şəyirdləri aşıq Şahsuvar və aşıq Nurəddin olub.
Aşıq Oruc 1976-cı il iyul ayının 19-da yaradıcılığının coşqun çağında dünyasını dəyişib, Gədəbəyin Zəhmət kəndində dəfn olunub.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar