II Beynəlxalq Aşıq Festivalı yaddaşlarda iz qoydu

Türk ellərinin möhtəşəm ozan-aşıq sənəti dünyanın ən böyük salonlarını belə ayağa qaldırır. Bu ulu xalq sənətinin yaşadılması, təbliği istiqamətində ölkəmizdə görülən işlərin nəticəsidir ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında Azərbaycan aşıq sənətinin də adı var. Noyabrın 12-dən 17-dək Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən II Beynəlxalq Aşıq Festivalı da bu sənətin unikal milli sərvət kimi dünyaya bir daha təqdim edilməsinə xidmət edirdi.

Festivala 8 ölkənin - Azərbaycan, İran, Türkiyə, Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkmənistan, Özbəkistan və Qazaxıstandan tanınmış aşıq-folklor ansamblları qatılmışdı. Festivalın Bakıda, Azərbaycan Dövlət Musiqili Teatrında təntənəli açılış mərasimindən sonra bölgələrimizə səfərə çıxan iştirakçılar noyabrın 13-dən 17-dək Yevlax-Gədəbəy-Tovuz-Qazax-Şəmkir-Ucar marşrutu üzrə konsert proqramı ilə çıxış etdilər.

Milli musiqimiz qopuzdan, sazdan başlayır

Türk dünyasının, Şərqin şəksiz və şəriksiz müqəddəs aləti... Ustad şairimiz Zəlimxan Yaqub SAZI belə adlandırır. Bir də deyir ki, dilimizi, ruhumuzu, təfəkkürümüzü zaman-zaman diri və duru saxlayan bu alət dünyanın 72 dilində tərcüməsiz danışmağı bacarır.
Bölgələrimizdə davam edən konsert proqramlarını seyr edənlər bunun bir daha şahidi oldular. Tədbirlərin yeganə «poliqlot»u isə əlbəttə ki, saz idi.
Festival iştirakçılarının bölgələrdə ilk dayanacağı Yevlax şəhəri oldu. Qonaqları rayonun Mədəniyyət və Turizm Şöbəsinin «Aşıqlar» qrupu və uşaq yaradıcılıq mərkəzinin «Sevinc» rəqs qrupu qarşıladı. Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov festivalın işinə uğurlar arzuladı.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış edərək bildirdi ki, ədəbiyyatımız “Kitabi-Dədə Qorqud”dan başladığı kimi, milli musiqimiz də qopuzdan, sazdan, sözdən başlayır: «Milli musiqi, milli ruh xalqın həyatında ən başlıca amildir. Qloballaşma dağıdıcı fəsadları ilə birlikdə ictimai həyatımıza daxil olduğu bir zamanda insanlarda milli ruhu, vətənpərvərlik hissini aşılamaq çox vacibdir. Bunun da əsasında ənənələr, musiqi, saz-söz sənəti, ədəbiyyat və dil durur. Dahi Üzeyir Hacıbəyli aşıq sənətindən söz düşəndə deyirdi: “Bu sənət elə bir aləmdir ki, burda bəstəkarın da, şairin də, rəqqasın da, müğənninin və xanəndənin də istədiyi qədər götürəcək payı var. Aşıq həm aktyor, həm bədii qiraət ustası, həm də məzhəkəçidir”. Baxın, aşığın ifasında xalqın həyatından gələn məqamlar əks olunur. Bu baxımdan aşıq sənəti qeyri-adi və qədim dövrlərdən xalqın həyatında yaşayan və bu gün də inkişaf edən bir sənətdir”.
Qeyd olundu ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinə göstərdiyi xüsusi qayğının nəticəsidir ki, aşıq sənətimiz 2009-cu ildən bəşəriyyətin inciləri sırasındadır: “Ozan-aşıq sənətinin yaşadılmasında və bütün dünyaya çatdırılmasında bu festivalın böyük rolu var. Beynəlxalq tədbir Azərbaycan dövlətinin aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu gün bütün türk xalqlarının bayramıdır. Bu münasibətlə hamınızı təbrik edirəm».
Sonra müxtəlif ölkələri təmsil edən aşıqların ifası dinlənildi və tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Gədəbəy Aşıq Məktəbi saz-söz sənətinin inkişafına töhfədir

Noyabrın 13-də festivalın daha bir konserti aşıqlar yurdu Gədəbəydə oldu. Ötən ilin sentyabr ayında istifadəyə verilən Aşıq Məktəbinin akt zalında bir dənə də boş yer qalmamışdı. Gədəbəy camaatı elliklə saz-söz sənətinin işığına toplaşmışdı.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov qonaqları salamladıqdan sonra Gədəbəydə son illər aparılan geniş abadlıq-quruculuq işlərindən söz açdı. Qeyd etdi ki, ölkənin digər bölgələrində olduğu kimi, Gədəbəydə də böyük layihələr həyata keçirilir: «Yeni istifadəyə verilmiş Aşıq Məktəbinin analoqu yoxdur. Burada aşıq sənətinə maraq göstərən gənclərin ustadlardan dərs ala bilmələri üçün lazım olan şərait yaradılıb. Bütün bunlar milli-mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində ölkə rəhbərliyi tərəfindən görülən işlərin nəticəsidir. Heydər Əliyev Fondu və bu Fondun rəhbəri Mehriban Əliyeva ozan-aşıq sənətinə çox böyük qayğı ilə yanaşır. Bu festival da həmin qayğının məntiqi davamıdır. Arzu edirəm ki, belə tədbirləri Şuşamızda, Xankəndində keçirək».
Professor Qəzənfər Paşayev Gədəbəy Aşıq Məktəbinin fəaliyyətini saz-söz sənətinin inkişafına gözəl bir töhfə adlandırdı.
Sonra söz aşıqlara verildi. Qocaman aşıq, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi ansambl ifası ilə tamaşaçıların qəlbini oxşadı.
Ardınca səhnəni digər ölkələrdən gələn aşıqlar bölüşdülər. İran İslam Respublikasından Aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi qrupun ifasında səslənən

O taylı, bu taylı Azərbaycanda,
Aşığa toxunan meydana gəlsin.
Havacat duyursa, çala bilirsə,
Arxayındı sözə, dastana gəlsin.


misraları gurultulu alqışlarla qarşılandı.

Festival iştirakçıları Tovuz və Qazaxda rəğbətlə qarşılandılar

Noyabrın 14-də aşıq festivalı Tovuz rayonunda davam etdi. Mədəniyyət evində İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov qonaqları salamlayaraq belə bir möhtəşəm tədbirin Tovuzda da keçirilməsindən bütün rayon əhalisinin məmnun olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan aşıq sənətinin inkişafında və təşəkkül tapmasında Tovuz aşıqlarının böyük rolu olub. Rayonda ulu sazın yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə aşıq sənəti muzeyinin inşa olunduğunu deyən icra başçısı binanın yaxın vaxtlarda istifadəyə veriləcəyini də diqqətə çatdırdı.
Daha sonra çıxış edən professor Qəzənfər Paşayev ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənətinin ustad el şairləri yetirdiyini nəzərə çatdırdı: «Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, aşıq Hüseyn Şəmkirlinin, Molla Cümənin, aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, aşıq Alının, aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa güclü təsir göstərib».
Qəzənfər Paşayevin Tovuz aşıq mühitinin tanınmış simaları Əkbər Bozalqanlı, Mikayıl Azaflı, İmran Cəfərov və digərləri haqqında fikirləri isə rayon sakinlərinin lap ürəyindən oldu.
Sonra səhnə yenə də saz-söz xiridarlarına verildi. Tovuz rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən «Misri» ansamblı eyniadlı hava ilə proqramın ilk nömrəsini təqdim etdi. Daha sonra Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Dağıstan, Türkmənistan, Qazaxıstan və festivalda Azərbaycanın Şirvan bölgəsini təmsil edən aşıqların təqdim etdiyi havalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Festival çərçivəsində daha bir konsert noyabrın 15-də Azərbaycan aşıq sənətinin beşiklərindən sayılan Qazaxda gerçəkləşdi. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzini, Heydər Əliyev parkını ziyarət etdilər, ümummilli liderin abidəsi önünə gül dəstələri qoydular.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov festivalda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirərək, onlara hədiyyələr təqdim etdi.
Rayon Mədəniyyət evində keçirilən konsertdə çıxış edən hər bir aşığın ifası qazaxlıların rəğbətinə səbəb oldu.

Sənət bayramı Şəmkirdə davam etdi, Ucarda yekunlaşdı

II Beynəlxalq Aşıq Festivalı öz işini noyabrın 16-da Şəmkir şəhərində konsert proqramı ilə davam etdirdi. Tədbirdən əvvəl şəhərin mərkəzində yerləşən Bayraq meydanı, Heydər Əliyev Mərkəzi, Gənclər Zəka Mərkəzi, şəhər parkı ilə tanışlıq qonaqlarda yüksək təəssüratlar yaratdı. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əsgər Ələsgərov diqqətə çatdırdı ki, Bayraq meydanında ucalan bayraq hündürlüyünə görə Bakıdakı bayraqdan sonra ikincidir, dirəyin hündürlüyü 100 metrə yaxındır.
Burada yaradılan muzeydə Azərbaycanın qədim və müasir tarixinə dair maraqlı eksponatlar toplanıb. Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, gerblər sərgilənir. Bu bayraqlar insanı bir anlığa keçmiş zamanlara, tarixi hadisələrin baş verdiyi dövrlərə aparır.
Muzeydə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları, eyni zamanda onların öz koloriti ilə seçilən mərasim geyimləri də nümayiş olunur.
Şəmkirdəki Heydər Əliyev Mərkəzi də möhtəşəmliyi ilə diqqəti cəlb edir. Mərkəzdə elektron kitabxana yaradılıb. Biz orada olarkən ölkə Prezidentinin təşəbbüsü ilə gerçəkləşdirilən «Ölkəmizi tanıyaq» layihəsi çərçivəsində Bakının Xətai rayonunun orta məktəblərinin şagirdləri də mərkəzi ziyarət edirdi.
Şəmkir şəhəri daxilində turumuz yekunlaşdıqdan sonra Mədəniyyət Mərkəzində festivalın növbəti konserti başladı.
İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov aşıq festivalının Şəmkiri də əhatə etməsindən rayon camaatının böyük qürur hissi keçirdiyini dedi və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirdi.
Professor Qəzənfər Paşayev artıq festivalın yekunlaşmaq üzrə olduğunu və iştirakçıların paytaxt Bakıda və Azərbaycanın beş rayonunda geniş konsert proqramları ilə çıxış etdiklərini diqqətə çatdırdı. Festivalın türkdilli xalqların bir-birinin mədəniyyəti, musiqisi, ozan-aşıq sənəti ilə tanış olmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Konsert proqramında səhnəyə ilk çıxan Şəmkir aşıqları oldu. Sonra digər ölkələrin təmsilçilərinin çıxışları zalda toplaşan ictimaiyyət nümayəndələrinin sürəkli alqışları ilə müşayiət olundu.
Axırda bütün iştirakçı ölkələrin təmsilçilərinin birlikdə ifası səsləndi. Saz-söz sənətkarlarının bir neçə saat içində ərsəyə gətirildiyi aşıq havası II Beynəlxalq Aşıq Festivalına həsr olunmuşdu:

İki min on dörd ilini,
Xalqımız çıxarmaz yaddan.
Aşıq festivalın yapdı,
Azərbaycan, Azərbaycan.

Gəldi türk milləti - Turan,
Bir-birinə arxa duran,
“Misri” çaldı Koroğludan,
Azərbaycan, Azərbaycan.


Konsert proqramının sonunda bütün iştirakçılara festivalda iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin diplomları təqdim olundu.
Noyabrın 17-də festival iştirakçıları sonuncu konsert proqramı ilə Ucar rayonunda çıxış etdilər. Bütün bölgələrdə olduğu kimi, burada da aşıqların çıxışları sevgi və alqışlarla qarşılandı.
Beləliklə, II Beynəlxalq Aşıq Festivalı ulu saz-söz sənətimizin təntənəsinə çevrildi. Festival çərçivəsində keçirilən konsert proqramlarında 7 ölkədən 30-dan çox, habelə Azərbaycanın müxtəlif bölgələrindən 100-dən artıq ozan-aşıq çıxış etdi. Bu festival bir daha sübut etdi ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni dəyərlərinin qorunmasına, yaşamasına və inkişafına çox böyük diqqət göstərir.

* * *
Sonda yazının əvvəlində qeyd etdiyim fikirlərə bir daha qayıtmaq istərdim: saz dünyanın 72 dilində tərcüməsiz danışmağı bacarır. Festivalın konsert proqramları bunun bariz təsdiqi oldu. Zaldakı tamaşaçı səhnədəki ifaçının hansı ölkədən gəlməsindən və hansı dildə oxumasından asılı olmayaraq, onu olduğu kimi anlayır və alqışlayırdı.
Özbəkistandan gəlmiş qocaman aşıq Abdulnazar Payanov özbək dilində oxusa da, onu zalda oturan hər kəs yaxşı başa düşürdü. Azərbaycan dövlətinə, ölkə başçısına belə bir festivalı təşkil etdiyinə görə təşəkkür edən özbəkistanlı ozan tədbiri saz-söz sənətinin bayramı adlandırırdı.
Dağıstan aşıqlarının çıxışı da maraqlı idi. İranlı balabançının müşayiəti ilə oxuyan ləzgi aşıqları öz ifaları ilə bir daha sübut etdilər ki, bu sənət bütün dünyada tərcüməsiz anlaşılır.
Hər zaman səhnəyə bir şənlik, şuxluq və rəqs ab-havası gətirən Şirvan aşıqlarının çıxışlarını bütün rayonlarda tamaşaçılar ayaq üstə alqışlayırdılar. Eyni alqışları öz sakit ifaları ilə diqqəti cəlb edən qardaş Türkiyədən gəlmiş ağsaqqal ozanlar da qazandılar. Cənubi Azərbaycandan gəlmiş aşıqların ifaları isə hər zaman vətənpərvər sözlərlə müşayiət olunurdu və bu da tamaşaçıların sonsuz sevincinə səbəb olurdu. Türkmənistanlı aşıq Almagül Nəzərova, Qazaxıstanın Aktau şəhərindən gəlmiş Sabit Siktibayev, Nurbolat Musaqaliyev, Borçalı mahalının təmsilçiləri aşıq Nargilə, aşıq Şahbazın ifaları yəqin ki, uzun müddət saz-söz sənətini sevənlərin yaddaşında qalacaq.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar