Aşıq Veysəl həyatdakı gerçəklikləri bəsirət gözü ilə görürdü

Anadolunun zəngin saz-söz məktəbinin yetirmələri arasında bənzərsiz yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlardan biri də cahanı qəlb gözü ilə görən aşıq Veysəldir. Bu il 120 illiyi qeyd olunan görkəmli ozan mahir ifaları ilə yanaşı, rəvan üslublu şeirləri ilə də şöhrət qazanıb.

Aşıq Veysəl Əhməd oğlu 1894-cü ildə Türkiyənin Sivas bölgəsinin Sivrialan kəndində dünyaya göz açıb. Erkən yaşlarında anası Gülzarı itirən Veysəl 7 yaşında çiçək xəstəliyinə yoluxur. Bu xəstəlikdən sol gözü tutulur. Sonra sağ gözü də tədricən zəifləyir. Bir gün sağ gözünə ağacın budağı dəyir və zədələyir. O, bununla da dünya işığından ömürlük məhrum olur.
Veysəlin əkinçiliklə məşğul olan atası sazı-sözü sevən bir insan olur. Elin söz və sənət bilicilərinin şeirlərini yeri gəldikcə oğluna əzbərlədir və onu bu yolla ovundurmağa çalışır. Günlərin birində oğluna saz da alır. Saz Veysəlin sirdaşına çevrilir, dərdi-sərini onunla bölüşür və bütün varlığı ilə ona bağlanır. Bir müddət kəndlərinin söz-sənət sərraflarından olan aşıq Əliyə şəyird olur. Sənətin sirlərini dərindən öyrənir.
25 yaşında Əsma adlı xanımla ailə quran Veysəl xoşbəxt ola bilmir. Həyat yoldaşının etinasızlığı üzündən bir neçə il sonra onlar ayrılırlar. Şeirlərinin birində aşıq bu ayrılığı belə ifadə edir:
Məmləkətə dastan oldum,
Qarım məni bəyənmədi.
Yardan oldum, dostdan oldum,
Yarım məni bəyənmədi.

Aşıq ikinci dəfə ailə qurur və bu evlilikdən iki oğlu, bir qızı dünyaya gəlir.
1933-cü ildə şeirə, sənətə dərindən bələd olan ziyalı Əhməd Kutsi Tecerlə tanışlığı Veysəlin həyatında müəyyən dəyişikliyə səbəb olur. Həmin il onun mətbuatda ilk şeiri dərc olunur.
Professor Maarifə Hacıyeva “Dünyanı bəsirət gözü ilə görən aşıq Veysəl” adlı araşdırmasında yazır ki, gənc yaşlarında aşıqların şeirlərini əzbər söyləyən Veysəl Türkiyə Cümhuriyyətinin 10 illiyi münasibətilə “Atatürkdür Türkiyənin əhyası” adlı şeirini yazır. Şair Sivrialandan Ankaraya camaatla birlikdə piyada gedir. Ankarada şeiri xalq qarşısında oxuyur və alqışlarla qarşılanır. Bundan sonra onun yaradıcılığı diqqət çəkməyə başlayır. O daha sonra “Atatürkün ölümünə” (1938) adlı şeirində Mustafa Kamalın vəfatını böyük itki hesab edir. Bu itkiyə dünyanın matəm tutduğunu yazır:
Ağlamayım Atatürkə,
Bütün dünya qan ağladı.
Süleyman olmuşdu mülkə,
Gəldi əcəl, can ağladı.
...Zənn etmə ağlayan gülməz,
Aslan yatağı boş qalmaz.
Yalnız gedən bir də gəlməz,
Hər gələn insan ağladı.

Aşıq Veysəl təbiət və cəmiyyətdə olan gerçəkləri qəlbinin gözü ilə görə bilib. Bu belə olmasaydı, onun yaradıcılığı bu qədər rəngarəng və zəngin olmazdı:
Dürlü-dürlü rənglərə boyanmış,
Yaşıl yarpağıyla döşəli dağlar.
Geyinmiş, qurşanmış gəlin misallı,
Gülümsər üzünə nəşəli dağlar.

O, “Meşə”, “Ağaclar”, “Adalar”, “Dağlar”, “Yaz səhəri”, “İnləyər”, “Oyanış”, “Səhərlər oyanar gülün zarından”, “Bəsərək dağı”, “Qara torpaq” kimi şeirlərində təbiət və onun könül oxşayan gözəlliklərini böyük bir şair coşqunluğu ilə qələmə alıb.
Müəllifin “Deyişlər” adlı ilk kitabı 1944-cü ildə nəşr edilir. Sonra “Sazımdan səslər” (1950), “Dostlar məni xatırlasın” (1971) kitabları işıq üzü görür. 1965-ci ildə aşıq “Ana dilinə və milli birliyə etdiyi xidmətlərinə görə” xüsusi təqaüdə layiq görülür.
Onu da deyək ki, aşıq Veysəl “Qara torpaq” adlı şeirinə görə Türkiyə ədəbiyyatında “torpaq şairi” kimi şöhrət tapır. Avropa İnsan Haqları Komissiyasının hakimi, professor Kamal Fikrət Arık 1965-ci ildə Londonda xəstəxanada ikən bu şeiri oxuyur və çox təsirlənir. Aşıq Veysələ belə bir məktub yazır: “...Sən bu yalnız, qaranlıq xəstəxana odalarında məni səsinlə, deyişlərinlə ümidləndirirsən. Səndə yurdumun havasını, yelini, ümidini, gücünü tapıram. Çıl-çılpaq, boz dağlar, boş odalar, kasıb kəndlərinin iç zənginliyini, əxlaq üstünlüyünü, bütün çarəsizliklərlə savaşaraq yaşama əzmini, sən bütün bunları “Qara torpaq”da nə ustalıqla, nə üzdən anlatdın”.
Aşıq Veysələ görə, həyatımızı öz barı-bəhrəsi ilə təmin edən torpaq ən sadiq dost, ən vəfalı gözəl və insanlara haqdan verilən gizli xəzinədir. İnsanların bütün ehtiyaclarını ödəyən, ona gözəl maddi nemətləri yetirən, yeri gələndə qüsurlarını gizlədən və sədaqətlə bağrına basan da qara torpaqdır:
Bütün qüsurumu torpaq gizləyir,
Məlhəm qılıb yaralarım düzləyir.
Qolun açmış yollarımı gözləyir,
Mənim sadiq yarım qara torpaqdı.
Aşığın araşdırıcıları qeyd edirlər ki, o, gözlərində cərrahi əməliyyat aparmaq istəyən həkimlərə etiraz edərək belə deyib: “Mən qəlbimin evində bütün qurğu-büsatı yerli-yerində olan möhtəşəm bir dünya yaratmışam. Gözümü açsanız, qorxuram, o gözəl dünyadan əsər-əlamət qalmasın. İstəmirəm, məni öz dünyamla baş-başa buraxın”.
Aşıq həmin düşüncəsini aşağıdakı şeirində belə ifadə edib:
Bir kiçik dünyam var içimdə mənim,
Möhnətim, zinətim mənə kafidir.
Baxanlar dar görür, genişdir mənə,
Söhbətim, ülfətim mənə kafidir.

Ozan poeziyasını hikmətli sözləri ilə bəzəyən aşıq Veysəl 1973-cü il martın 21-də vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar