Martın 9-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə çağdaş aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunacaq.
Mədəniyyət, elm və ədəbiyyat xadimlərinin qatılacağı tədbirdə ustad aşığın sənət dostları, tələbələri, Cənubi Azərbaycandan gəlmiş aşıqlar çıxış edəcək, sözlərinə bəstələnmiş mahnılar səslənəcək.
Şirvan aşıq mühitinin yetirməsi Əhliman Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2000-ci ildən universitetdə aşıq sənətini tədris edir. 2011-ci ildə dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda universitetin aşıq sənəti kafedrasının müdiri, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvüdür.