Fevralın 28-də Gədəbəy Aşıq Məktəbində məktəbin «Folklor» ansamblının ifasında «Dastan günü» təşkil edilib. Məktəbin direktoru Etibar Əliyevin qəzetimizə verdiyi məlumata görə, ansamblın şifahi xalq ədəbiyyatından hazırladığı növbəti yaradıcılıq işi iki ay davam edən məşqlərin nəticəsində ərsəyə gəlib.
Kollektivin təqdimatında “Aşıq Ələsgərin Qızılvəng səfəri” dastan-rəvayəti maraqlı məqamları ilə diqqəti çəkib. Belə ki, dastan ənənəvi qaydada bir aşığın danışığı, həm də oxuması formasında deyil, müxtəlif ifalar üstündə danışılıb və oxunub.
Digər yenilik bir ifada iki oxşar havacatın oxunması olub. Ansamblın üzvləri Zülfüqar Şamilov, Mübariz Cəfərov, Şahin Əkbərov, Dilqəm Bağırov, Nərminə İbrahimova, Rövşən Əliyev, Ərəstun Nəsibov, Elməddin Şamilov, Anar Abdullayev və Ərzuman Cəfərovun ifasında «Kərəm gözəlləməsi», «Mirzəcanı», «Divani», «Müxəmməs», «Aran gözəlləməsi», «Dübeyti», «Naxçıvani» və s. tamaşaçılarda xoş ovqat yaradıb.
Dastanın təqdimatı videolentə də alınıb və telekanallarda göstərilməsi nəzərdə tutulur.

Fəxriyyə