“O vaxtlar ustad yanında yetişməyən aşığı məclislərə aparmazdılar”

Şəhərimizdə bir ozan var, özü də dərviş libasında, çiynində heybəsi, əlində qopuzu... Günümüz üçün bu, necə də qəribə görünür, deyilmi? Söhbət aşıqdan deyil, məhz ozandan gedir. Əslində onun çalıb-oxuduğu havalar ənənəvi saz havaları, şeirlər ənənəvi aşıq şeirləridir. Vaxtilə aşıqlar arasında xüsusi sanbala, hörmətə malik olub.

Zamana ayaq uydura bilməyən, istəsə də bacarmayan bu qoca ozanı qarısı hər səhər kirayə qaldıqları kasıb daxmalarından uğurlayır. “Qara Qarayev” metrosunun çıxışında dükanların qarşısında əyləşir, qopuzunu sinəsinə basır, sidqini Allaha bağlayır bu ozan. Dediyinə görə, pis dolanmır. 93 yaşı var. Onu ilk dəfə görəndə başına xeyli adam toplaşmışdı. Üzündən də Dədə Qorqud nuru yağırdı bu pir olmuşun...
Əvvəlcə onunla yaxından tanış olaq. Məhəmməd Əsgər oğlu Həsənov 1922-ci ildə Göyçədə doğulub. Ona “Məlikməhəmməd” adıyla müraciət olunmasından xoşu gəlir. Deyir, bu adda dərin bir hikmət var. Amma nədənsə bu hikməti açıqlamaq istəmədi. 1946-48-ci illərdə Kiyevdə hərbi xidmətdə olub. Uzun müddət Rusiyada, Gürcüstanda yaşayıb.
Məhəmməd kişi cavan vaxtlarından aşıq sənətini öyrənib, bir çox ustad sənətkarlarla məclislər yola salıb. Sazını heç vaxt yanından ayırmayıb. Qarabağ müharibəsi başlayanda sazını götürüb döyüş meydanına atılıb. Şəxsiyyətini təsdiq edən sənədi də elə Qarabağ müharibəsi zamanı it-bata düşüb. Hazırda bir hərbi bileti, bir də Tiflis Yazıçılar Birliyinin üzvlük vəsiqəsi var.
Aşıq gənclik illərindən, hərbi xidmətdə olduğu vaxtlardan danışanda üzündə qeyri-adi bir əzəmət yaranır, sanki indicə silah götürüb düşmən üstünə yeriyəcək, qəsbkarları biçib-talayacaq... Mehdi Hüseynzadə, Həzi Aslanov kimi qəhrəmanlara şeirlər də yazarmış. Təəssüf ki, o şeirlərdən indi yalnız bir neçə misranı xatırlayır:

Bürüyüb külli-aləmi səsi-sədası Mehdinin,
Təkbaşına bir orduyla qopdu davası Mehdinin...


Yaxud:

Həzi mindi tankına,
Baxdı çöldə yanğına...


Aşıq görkəmli qəzəlxan Əliağa Vahidlə uzun müddət dostluq edib. Dediyinə görə, Vahidin heç bir yerdə dərc edilməmiş qəzəlləri onun evindədir. O vaxtlar Məhəmməd kişi Bakıda fəhlə işləyirmiş. Hərdən İçərişəhərdə Vahidlə görüşər, çay içib şirin-şirin söhbətləşərmişlər. Vahid öz qəzəllərindən deyər, gənc Məhəmmədi əruzun sirlərindən agah edərmiş. Onların münasibətləri Məhəmməd kişi əsgərliyə gedənə qədər davam edir...
Ondan ustad aşıqlarla bağlı xatirələrini danışmağını xahiş edirəm və o, ilk növbədə aşıq Şəmşiri xatırlayır:
- Aşıq Şəmşirin Göyçə ilə bağlı maraqlı xatirələri vardı. Aşıq Ələsgəri yadına salardı. Atası Qurban kişiylə Ələsgər yaxın dost olublar, ailəvi gediş-gəlişləri varmış. Aşıq Şəmşir bu sənətə Dədə Ələsgərin təsiri ilə gəlib. Ələsgərin hansı şeirini, hansı söhbətini soruşurdun, birnəfəsə deyirdi. Çox güclü yaddaşa malik idi.
Müsahibim danışır ki, cavanlıqda şaqraq səsi varmış. Hansı mahalda, kənddə saz çalıb oxuyarmışsa, həmin yerin toy-düyünlərinə dəvət edər, heyranlıqla dinləyər, yaxşı bəxşişlə yola salarmışlar. Onun sorağı Cənubi Azərbaycana da gedib çıxıbmış. Bu tayın aşıqları oradan qayıdanda Məhəmməd kişiyə deyirmişlər: “Nə durmusan, oralarda sənin yolunu həsrətlə gözləyənlər var”.
O, Hüseyn Saraclı, Kamandar Əfəndiyev və digər ustad aşıqlarla yoldaşlıq edib. Özü də ustad aşıq kimi püxtələşmiş, bir neçə tanınmış aşığın ustadı olmuşdur. Bunların arasında aşıq Əkbəri, Kövrək Muradı qeyd etmək olar.
Məhəmməd kişi Laçından aşıq Bəyləri, kamança ifaçısı Edilxanı yaxşı xatırlayır. Onlarla birlikdə el-obanın neçə-neçə toy-düyünlərini, ağır-ağır yığıncaqlarını yola salıb.
- Laçınlı aşıq Umbayın adını tez-tez eşidirdim. Lent yazılarını dinlədim, onun səsinə, danışığına valeh oldum. O vaxt qardaşı oğlu ilə birlikdə Azərbaycan Televiziyasında “Şah İsmayıl” dastanını danışmışdı. Onun şux qaməti, yerişi necə də möhtəşəm idi.
Məhəmməd kişinin dediyinə görə, “Koroğlu” dastanının kitaba düşməyən qollarını, “Əsli və Kərəm” dastanının unudulmuş şeirlərini bilir. Qəribədir ki, öz şeirləri yadında qalmır. Onun saz havacatı üstündə bəstələri, divaniləri, qoşmaları, təcnisləri və s. şeirləri el sənətkarlarının dilinin əzbəri olub. Özü deyir ki, indi başqalarının adına oxunan şeirlərin bəzilərini o yazıb. Şeirlərindən bir bəndi yada salır:

Başsızlar deməknən ayaq olmaram,
Yaradan salmasın ayağa məni.
Əzizinəm, ay ağa,
Bulud qalxar ayağa,
Mərdə nökər duraram,
Namərdə yox, ay ağa.
Pirim haqdı, əgər özü istəsə,
Baş da olsam, salar ayağa məni.


Həmsöhbətimlə sazın yaranmasına da toxunduq. Bununla bağlı müxtəlif fərziyyələrin olduğunu, hətta sazın Adəmin dövründən yarandığını bildirdi. Aşağıdakı misralarda da deyildiyi kimi:

Aşıqlıq Adəmdən icad olubdu,
Ol Adəm atanın nəvəsiyəm mən...

Aşıq sənətinin bu günü barədə soruşanda hiss elədim ki, Məhəmməd kişinin əhvalı dəyişdi, üzündə narazı bir ifadə yarandı.
- Son vaxtlar saza başqa alətlər, texniki qurğular qoşurlar. Onlar tamaşaçını qane edə bilmədikləri üçün bu yola əl atırlar. Hər saz götürənə aşıq deməzlər. O vaxtlar ustad görməyən, ustad yanında yetişməyən aşığı məclislərə aparmazdılar. Ustad yanına getmək də asan başa gəlmirdi. Ustad əvvəl şəyirdin yaddaşını, səsini yoxlayırdı, qədd-qamətinə, səhnə görünüşünə fikir verirdi. Bunlar yerində deyildisə, şəyirdliyə götürməzdi. İndi kimdi elə meyarları nəzərə alan. Yerindən duran deyir ki, mən aşığam, halbuki əksəriyyətinin adicə danışıq qabiliyyəti yoxdur. Aşıq gərək dastan bilə, hansı şeirin necə yarandığından xəbəri ola.
Aşıq musiqisi və şeiri dastanlardan yaranıb. Mahnının ritmi dastanın ovqatından asılıdır. “Yanıq Kərəmi” havasına oynamaq aşıqlar arasında günah sayılır. Bu hava Əslinin oxumasından yaranıb: “Ana, Kərəm yandı - deyib ağlaram” şeirini bu hava üstdə zümzümə eləyir və saçı ilə Kərəmin külünü süpürməyə başlayır. Başqa bir variantda da deyilir ki, Kərəm bu havanı Lələ öləndə Ərzurum dağında oxuyur.
Məhəmməd kişinin söhbətlərindən doyulmaz. Onun sinəsi zəngin bir folklor qaynağıdır. Söhbət elə maraqlı keçdi ki, axşamın düşdüyünü hiss eləmədik. Onu kirayə qaldığı daxmada öz qarısı gözləyirdi. Deyir ki, heç vaxt həyat yoldaşının gözünü yolda qoymayıb, harada olursa-olsun, həmişə evə vaxtında qayıdıb...

Pərviz Axund







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar