Aşıq sənəti qədim və zəngin yaradıcılıq sahəsi kimi özünəməxsus tarixi inkişaf yolu keçib. Müxtəlif sənətkarların yaratdıqları, yaşatdıqları bu Qorqud yadigarı zaman-zaman janr, forma və məzmun cəhətdən cilalanıb, zənginləşib, dövrümüzə qədər gəlib çıxıb. Azərbaycan aşıq sənətində öz izi, öz nəfəsi ilə seçilən sənətkarlardan biri də aşıq Miskinli Vəli olub.

Vəli Alı oğlu Bayramov 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya göz açıb. Erkən çağlardan çətin güzəran keçirib. Amma imkan düşdükcə el şənliklərində yaxından iştirak edib. Aşıqların deyişməsi, dastan danışması onun yaddaşına əbədi həkk olunub. Get-gedə onun da qəlbində bu ulu sənətə həvəs yaranıb, özü də ara-sıra zümzümələr edib. Daxilindəki sənət sevgisi nəticəsində eldə-obada aşıq kimi tanınmağa başlayıb.
İyirmi yaşından məclislər yola verir. Araşdırmalardan öyrənirik ki, aşıq Vəli aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Azərbaycan el ədəbiyyatından saysız-hesabsız bədii örnəkləri yaddaşına həkk edib, sevə-sevə söyləyib. O həm də ustadnamə müəllifi kimi tanınır. Molla Pənah Vaqifin, Xəyyat Mirzənin, aşıq Ələsgərin və başqa ustad aşıqların yaradıcılığını və xeyli xalq dastanını əzbərdən söyləyirmiş. İllərlə aşıq poeziyası aləmində olan Vəli məqamı gələndə bədahətən şeirlər qoşurmuş. Tədqiqatlarda onun 20 min misradan artıq şeirinin olduğu bildirilir.
Araşdırıcı Nigar Hüseynova yazır ki, ayrı-ayrı vaxtlarda aşıq Vəlinin həyat və yaradıcılığı ilə bağlı tədqiqatlar aparılıb. Ancaq hamısında da qeyri-dəqiqliyə yol verilib. Başlıcası təvəllüd tarixi düzgün göstərilməyib. Bəzi nəşrlərdə bu tarix 1890, 1892, yaxud 1894-cü il kimi qeyd olunur. Ancaq aşıq özü şeirlərinin birində doğum tarixinin 1894-cü il olduğunu göstərib:

Min səkkiz yüz doxsan dördəm,
Yetmiş səkkiz yaşım mənim.
Bu müddətdə, məsafədə
Nələr çəkmiş başım mənim.


Aşıq Vəli iti hafizəsi və möhkəm yaddaşı ilə çoxlu sayda böyük və kiçik həcmli dastan bağlayıb. Onun 500-dən çox qoşma, gəraylı, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdəyməz təcnis və s. əsərləri var. Eyni zamanda onun aşıq Şəmkir, aşıq Teymur, aşıq Murad və aşıq Məmmədəli kimi sənətkarlarla deyişmələri qorunub saxlanılır...
Aşıqların I və II respublika qurultaylarında iştirak edən aşıq Vəli Hüseyn Bozalqanlı, aşıq Hüseyn, aşıq Əsəd, aşıq Mirzə və aşıq İslam kimi sənətkarlarla görüşüb, dostluq əlaqələri qurub.
Aşıq Vəlinin yaradıcılığında poetik cəhətdən mükəmməl gəraylı nümunələri var:

Aşıqların gəlir keçir,
Ələsgərin hanı dağlar,
Gələn düşür, düşən köçür,
Bil hesabı-sanı dağlar.

Onun ən çox müraciət etdiyi janrlardan biri də qoşmadır. Müəllifin “Vədəsində” şeiri poetik cəhətdən kamilliyi ilə seçilir:

Vəli Mərdin məhəbbəti az olmaz,
Çömçəyə sim bağla, yenə saz olmaz,
Zimistana yaz deməklə yaz olmaz,
Gül açmaz bülbülün lal vədəsində.

Aşıq Vəli də “Miskin” təxəllüsü ilə xeyli şeir yazıb. Mütəxəssislər bu təxəllüsü aşığın təsəvvüf dünyagörüşü ilə əlaqələndirirlər. Müəllif “Qaldı” rədifli gəraylısında belə deyir:

Özüm Miskin, adım Vəli,
Həqiqətə dedim bəli,
Dilimin gövhəri, ləli,
Qaldı yadigarım oldu.

Miskin Vəlinin aşıq Şəmşirlə maraqlı deyişməsi var. Hər iki aşığın hansı dünyagörüşünə, necə bir estetik zövqə malik olduqlarını anlamaq baxımından bu deyişmə xarakterik nümunədir:

Miskin Vəli:
Dilimin əzbəri, Şəmşir qardaşım,
Güzar etsən bizə sarı yaxşıdı.
Elim həsrət çəkir səni görməyə
Məclisinin iftixarı yaxşıdı.

Aşıq Şəmşir:
Əzizi kuyəndan, şirin suxəndan,
Bu məktubun rəhgüzarı yaxşıdı.
Qəlbimin həbibi, dostu mehriban,
El görüşü, dost vüqarı yaxşıdı...


El sənətkarının yaradıcılığında cinas qafiyəli qoşmalar da diqqət çəkir. Müəllif cinasın müxtəlif şəkillərini yaratmağa nail olub. “Yenə” rədifli qoşmasında cinas qafiyələrdən çox məharətlə istifadə edib:

Baharın əyyamı gələr, başa-baş,
Al yaşıl bəzənər bu dağlar yenə.
Qaynar çiçəkləri, açar gülləri,
Bəzənər yamyaşıl bu dağlar yenə.

Aşıq şeirinin janr-forma xüsusiyyətlərinə dərindən bələd olan sənətkar hər bir janrın poetik imkanlarından ustalıqla istifadə edib. Ona görə də Miskinli Vəlinin poeziyası bu gün də bədii cazibəsini qoruyub saxlayır.
Aşıq poeziyasında klassik ənənələrin görkəmli davamçısı Miskinli Vəli uzun ömür yaşayıb. Sənətkar 1995-ci ildə, 101 yaşında dünyasını dəyişib.

Savalan Fərəcov