Bugünlərdə Cənubi Azərbaycandan acı xəbər bir gəldi: ustad aşıq Məhəmməd Nəbati 49 yaşında dünyasını dəyişib. Vaxtsız ölüm onu elə sazı əlində, çalıb-oxuyarkən yaxalayıb.
Onun dünyasını dəyişməsi o taylı - bu taylı aşıq sənətimiz üçün böyük itkidir. Azərbaycan Aşıqlar Birliyinin fəxri üzvü olan Məhəmməd Nəbati respublikamızda da yaxşı tanınıb, ustad aşıq kimi sevilib. Ölkəmizdə keçirilən I və II beynəlxalq aşıq festivallarında, aşıq Ələsgərin 190 illik yubileyində və digər tədbirlərdə iştirak edib, hər çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Dəfələrlə televiziya və radio verilişlərində çıxışları olub.
Son dövrlərdə aşıq sənətinin inkişafında, aşıqlar arasında dostluq və yaradıcılıq əlaqələrinin genişlənməsində böyük xidmətləri olan Məhəmməd Nəbatinin əziz xatirəsi bu taydakı dostlarının, həmkarlarının və çoxsaylı pərəstişkarlarının da qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Aşıqlar Birliyi