Sentyabrın 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyevanın 70 illik yubiley tədbiri keçiriləcək.
Aşıq havalarının incəliklərini, klassik aşıqlarımızın yaradıcılığını, dastanlarımızı dərindən bilən və təbliğ edən, gənclərdə bu sənətə meyl və marağın güclənməsində böyük xidmətləri olan Ulduz Əsgər qızı Quliyeva 1945-ci ildə Gədəbəy rayonunun Kərimli kəndində aşıq ailəsində anadan olub.
A.Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini bitirdikdən sonra Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində əmək fəaliyyətinə başlayıb, 1971-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1984-cü ildə yaratdığı "Sazçı qızlar" ansamblı tamaşaçılar arasında böyük rəğbət qazanıb. "Aşıq Pəri" məclisinin yaradıcılarından və fəal üzvlərindən olan U.Quliyeva respublikada ilk dəfə Ü.Hacıbəyli adına Sumqayıt Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlayıb, bu sənətin tədris proqramını yazıb. Bir neçə şeirlər kitabının müəllifidir. Azərbaycan Dövlət Televiziyası və Radiosunun arxivində onun ifasında 50-dən çox folklor incimiz saxlanılır.