Sentyabrın 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi aşıq Ulduz Sönməzin (Quliyeva) 70 illiyinə həsr olunmuş gecə keçirildi.

Yubiley gecəsini giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, aşıq Ulduz Quliyeva saz-söz sənətimizin görkəmli qadın nümayəndələrindən biridir. Onun bənzərsiz ifaları, “Aşıq Pəri” məclisində, dövlət tədbirlərində, televiziyada çıxışları hər zaman rəğbətlə qarşılanıb.
Qeyd olundu ki, indi ölkəmizdə aşıq sənəti yeni intibah dönəmini yaşayır: aşıq sənəti geniş təbliğ olunur, ali məktəblərdə öyrədilir, aşıqlarımız fəxri adlara layiq görülürlər. Ölkəmizdə aşıq sənətinə yüksək dəyər verilir, onun qorunması və inkişaf etdirilməsi üçün beynəlxalq səviyyəli işlər həyata keçirilir. 2009-cu ildə aşıq sənəti UNESCO-da bəşəriyyətin qeyri-maddi irsi sırasına daxil edilib.
Ədalət Vəliyev çıxışının sonunda yubilyara Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanını təqdim etdi.
Mərasimdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub vurğuladı ki, Ulduz Quliyeva aşıq sənətimizin yaraşığı, parlaq ulduzudur. O, Ulduz xanımın saz-söz ocağından çıxdığını, onun ailə ənənəsini ləyaqətlə davam etdirdiyini dedi.
Tədbirin aparıcısı, filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı bildirdi ki, aşıq sənətimizdə qadınların ayrıca yeri var. O, tarixən böyük qadın aşıqlarımızın olduğunu xatırladaraq aşıq Ulduzu dastan qəhrəmanlarına - Abbasın Gülgəzinə, Valehin Zərnigarına bənzətdi: “Aşıq Ulduz aşıq sənətimizin Ərəbzəngisidir. O, İmran Həsənov, Mikayıl Azaflı kimi aşıqlarla deyişməkdən çəkinməyib”.
Qocaman aşıq, Prezident təqaüdçüsü Mahmud Məmmədov “Şəbi-hicran” havasıyla tədbirin ilk musiqisini təqdim etdi. Ardınca aktyorların ifasında Ulduz Sönməzin şeirləri səsləndirildi.
Aşıq Namiq və aşıq Elçin birgə “Ruhani” havasını, aşıq Əhliman yubilyara həsr etdiyi mahnısını ifa etdilər. Əməkdar artist Gülüstan Əliyeva aşıq havası “Ceyranım”ı, Gülarə Azaflı “Gəraylı”nı, Aşıq Əli Tapdıqoğlu “Şirvan şikəstəsi”ni, Xalq artisti Gülyaz Məmmədova isə “Belə qəmli dayanma” mahnısını oxuyaraq məclisə əlavə rəng qatdılar.
Yubilyarın qızı, müğənni Sədaqət Ulduz “Gül açdı” xalq mahnısını estrada üslubunda təqdim etdi.
Zurna ifaçısı Zahir Zülfüqarov öz bəstəsi ilə tədbiri coşdurdu. Aşıqlar Familə Göyçəli və Şaiq İncəli “Baş dübeyti”ni, gədəbəyli aşıqlar Altay Məmmədov və Dəmir Vəliyev “Aşıq İmranla Aşıq Ulduzun deyişməsi”ni oxudular.
Gecədə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun yubilyara təbrik məktubu da oxundu.
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazinin başçılığıyla güneyli aşıqlar “Zərbi divani” havasını səsləndiriblər.
Gecə aşıqlar Avdı Musayev və İlham Aslanbəylinin birgə ifası ilə başa çatdı.
Tədbir boyu yubilyarın həyatını əks etdirən müxtəlif video-görüntülər nümayiş olundu.
Qeyd edək ki, Ulduz Əsgər qızı Quliyeva 1945-ci ildə Gədəbəy rayonunun Kərimli kəndində aşıq ailəsində anadan olub. A.Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini bitirdikdən sonra Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evində əmək fəaliyyətinə başlayıb, 1971-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1984-cü ildə yaratdığı "Sazçı qızlar" ansamblı böyük rəğbət qazanıb. "Aşıq Pəri" məclisinin yaradıcılarından və fəal üzvlərindən olan U.Quliyeva respublikada ilk dəfə Ü.Hacıbəyli adına Sumqayıt Musiqi Kollecində aşıq sənətini tədris edib. 2000-ci ildə “Ulduz” ədəbi birliyini və “Qopuz” jurnalını yaradıb. Bir neçə şeir kitabının müəllifidir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

S.Soltanlı