Əlirza Ezgi Türkiyənin tanınmış aşıqlarındandır, hazırda İzmir şəhərində yaşayır. Mənşəcə Azərbaycan türküdür. Həm türk, həm də Azərbaycan aşıq havaları və dastanlarını bilir. Söhbətimizin əvvəlində özü haqqında məlumat verdi:

-12 il ustadıma şəyirdlik etmişəm, 50 ildir bu sənətdəyəm. 2010-cu ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və UNESCO tərəfindən “Türk dünyasında yaşayan insan xəzinəsi” adına layiq görülmüşəm. Mən başlıca olaraq deyişməçi aşığam. Müxtəlif aşıqlarla çoxlu deyişmələrim var. Aşıq sənətinin incəliklərinə dərindən bələdəm. Azərbaycan dastanlarının da çoxunu bilirəm. Qarsdakı kəndlərimizdə aşıq toya getdiyi zaman bir həftə dastan danışır. Mən Qarapapaq türküyəm. Qarsdakı qarapapaqlarda bu adət hələ də davam edir. Bildiyimə görə, Azərbaycanda toylarda dastan söyləmək ənənəsi artıq yoxdur. Bizdə isə bu ənənə hələ qalmaqdadır, aşığa yüksək hörmət var. Məsələn, qıza elçi gələndə atası oğlan evinə deyir ki, filan aşığı toya gətirsən, qızımı sizə verərəm.
- Borçalı aşıqları ilə münasibətləriniz varmı?
- Qabaqlar da olub, indi də var. 1997-ci ildə əmim oğlu aşıq İlqarla ustad aşıq Kamandarı Borçalıdakı evində ziyarət etdik. Bizi səmimiyyətlə qarşıladı, gəlişimizə qoç kəsdi. Baxmayaraq ki, həyat yoldaşı yeni dünyadan köçmüşdü. Görüşümüzə çoxlu adamlar gəlmişdilər. Orada aşıq Kamandarla gözəl bir deyişməmiz də oldu.
- Ustad, neçə aşıq havası bilirsiniz?
- Türkiyədə 70-ə qədər aşıq havası var, hamısını bilirəm. Azərbaycan aşıq havalarının, demək olar, hamısı Türkiyədə var. Qars aşıqları Azərbaycan saz havalarını bilirlər. Türkiyədə aşıq sənətinin durumu bu gün ürəkaçan deyil, dövlət, nazirlik tərəfindən elə də diqqət göstərilmir. “Türk dünyasında yaşayan insan xəzinəsi” seçilsəm də, yaradıcı aşıq olsam da, mənimlə maraqlanmırlar. İndi 66 yaşım var, 8 xarici ölkədə olmuşam. Söylədiyim dastanlar 4 dilə çevrilərək kitab halında buraxılıb.
- Necə dolanırsınız?
- Bizi xalq dolandırır, toylara gedirəm. İndiyəcən yüzlərlə toy yola salmışam. Hələ ki, çörəyimi özüm qazanıram. Bundan sonrası necə olacaq, bilmirəm. Beş övladım var, onlar mənim yolumu seçmədilər. Daha doğrusu, özüm qoymadım. Ona görə ki, onların da mənim kimi çətinlik çəkmələrini istəmədim.
- Şeir yazırsınız, kitablarınız çıxıbmı?
- Aşıq şeirinin bütün formalarında yazıram. Özünə “aşıq” deyən şəxs bunu bacarmalıdır. Bir şeir kitabım var, dastanlardan ibarət kitabım da çıxmaq üzrədir.
- Azərbaycan aşıqlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan aşıq sənətinin beşiyidir. Orada çox güclü aşıqlar var. Birini o birindən ayırmıram, hamısı istedadlıdırlar. İki dəfə Azərbaycanda olmuşam. Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubla da görüşmüşəm. Onu aşıq Ələsgər, Səməd Vurğundan sonra ən coşqun şair sayıram. İnternetdə quzeyli-güneyli Azərbaycan aşıqlarını izləyirəm. Güney Azərbaycanda da Aşıqlar Birliyinin yaranmasına çox sevindim. Orada aşıqlar fəal olsalar, bu, Türkiyəyə də öz müsbət təsirini göstərəcək. Aşıq sənətini dünyaya tanıdan Azərbaycan türkləridir.
- Yetirmələriniz varmı?
- Dörd şagird yetişdirmişəm. Biri dünyadan köçüb. Onlardan çox razıyam. Mən Azərbaycan sazı da çalıram. Amma Türkiyədə o havaları anlayan qalmayıb. Qarsda Azərbaycan sazı ilə toylar keçirmişəm. Bizdə aşığın yanında balabançı olmur. Azərbaycanda aşıq şeiri janrlarının hamısı bizdə də var. Burada aşıq toyları çox fərqli keçir. Aşıq dastan danışır, onu əsasən kişilər dinləyirlər. Oynamaq, şənlənmək istəyənlər üçün başqa mağarda zurna-davul da olur.

S.Soltanlı