Aşıq Oruc müasirlərinin yaddaşında dərin iz qoyub

Sazın-sözün müqəddəsliyinə tapınan və öz maraqlı sənətkar mövqeyi ilə seçilən aşıq Oruc Əhmədov zamanında Göyçə və Gədəbəy aşıq mühitinin öncüllərindən biri olmuşdur. Sənətkar 56 il ömür sürsə də, mənalı yaradıcılığı ilə müasirlərinin yaddaşında dərin iz salmışdır.

Aşıq Oruc dövrünün sayılan sənətkarlarından olan aşıq Vəlinin ailəsində doğulmuşdur. Buna görə də o, saz-söz vəhdəti olan bir ünvandan, aşıq ruzili bir ocaqdan aldığı sənət dərsləri ilə kamilliyə doğru yol almışdır.
Görkəmli şair, Prezident təqaüdçüsü İlyas Tapdıq aşıq haqqında yazır: “Aşıq Oruc Əhmədov sadə və aydın danışan, səsinin zili-bəmi yerində olan, dastanları uşaq yaşlarından sinəsinə köçürən bir aşıq idi.... Göyçə mahalının zəngin folklorunun harasından desən dürüst cavab alardın”.
Aşıq şeirinin bir çox janrlarında əsərlər qələmə alan sənətkarın deyim-duyum tərzi ilə insanların qəlbinə yol tapan misraları başqa həmkarları tərəfindən də ifa olunmuşdur.

Gəzib bu dağları lalə üzəsən,
İnsaf eylə, gəl dərdimi üzəsən.
Busə nədir, qoymayırsan üzə sən,
Xəncərlə bağrımı yar sinə - sinə.


Göyçə mahalından deportasiya edilərək 1949-cu ildən Gədəbəy rayonunda məskunlaşan sənət adamı elə ilk vaxtlardan el şənliklərində, dövlət tədbirlərində fəal iştirak etmişdir. O, 1953-cü ildə Gədəbəy Aşıqlar Ansamblını yaratmış və kollektiv el-obada məşhurlaşmışdır.
Aşıq Oruc məclislərdə sadəcə oxumurdu, şirin və xüsusilə ovqat gətirən danışığı ilə, səsli-nəfəsli havacatı ilə zövq və heyranlıq yaradırdı. Aşığın televiziya və radiodakı ifaları tamaşaçıların, dinləyicilərin marağına səbəb olmuşdur. Onun səs imkanları, meydan gərdişi xoş xatirələrlə anılmaqdadır.
Bugünlərdə Gədəbəy Aşıq Məktəbində aşıq Oruc Əhmədovun 95 illik yubileyi münasibətilə xatirə tədbiri təşkil edilmişdir. Tədbirdə məktəbin şagirdlərinin ifasında onun şeirləri səsləndirilmiş, məktəbin folklor ansamblı üzvlərinin ifasında sənətkarın vaxtilə oxuduğu “Misri”, ”Cəngi”, “Koroğlu”, ”Mixəyi” və s. aşıq havaları səsləndirilmişdir.

Etibar Nadiroğlu,
Gədəbəy Aşıq Məktəbinin direktoru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar