Məhərrəm Qasımlı
Əməkdar elm xadimi, professor
Saz-söz dünyasında elə nadir və nəhəng simalar vardır ki, onları mənsub olduqları sənət sahəsinin simvolu hesab etmək ana südü kimi halal görünür. Bu sıradan Azərbaycan aşıqlığının bütün dönəmlər üçün sənət pasportu olmaq haqqının əsas daşıyıcılarından biri Dədə Ələsgərdir.
Aşıq Ələsgər 1821-ci ildə qədim oğuz yurdu Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Nəsillərində fitrətən şairlik, şeir düzüb qoşmaq qabiliyyəti olduğundan onun ata-babaları hər zaman saza-sözə böyük maraq və həssaslıq göstərmişlər. Atası Alməmməd kişinin və qardaşlarının diqqətçəkici şairlik təbi olmuşdur. Səkkizuşaqlı ailənin böyük övladı olan Ələsgər yeniyetmə yaşlarında nisbətən imkanlı bir ailəyə nökər verilmişdir. O, nökəri olduğu Kərbəlayı Qurbanın qızı Səhnəbanıya vurulmuş, lakin maddi sıxıntılarından dolayı öz sevdiyinə qovuşa bilməmişdir. Gənc Ələsgər ilk məhəbbət uğursuzluğunun məyusluğunu heç vaxt unuda bilməmiş və qara sevda qubarı içərisində meylini aşıqlığa bağlayaraq, sirli-sehrli söz-sənət yolunu tutmuşdur:
Gözəllər sultanı, mələklər şahı,
Alagöz cananım, getmə amandı!
Dərdindən xəstəyəm, çəkirəm ahı,
Ölürəm, loğmanım, getmə amandı!..
On yeddi - on səkkiz yaşlarında dövrünün adlı-sanlı aşığı Qızılvəngli Alıdan dərs almağa başlamış, beş il ustadına sədaqətlə qulluq eləyərək ondan sənətin sirlərini mükəmməl şəkildə mənimsəməyə çalışmışdır. Aşıq Alı yetişdirdiyi şagirdin bənzərsiz istedada malik olmasından onunla getdiyi bütün məclislərdə qürur duyub fəxr etmişdir. Lakin bir məclisdə ara qatanların təhriki ilə ustad öz şagirdini israrla deyişmə meydanına çağırmışdır. Ələsgər bu çağırışdan yayınmağa çalışsa da, başqalarının sözünə uyan Aşıq Alı dediyindən dönməmiş və ustad-şagird arasındakı arzuolunmaz deyişmə baş tutmuşdur. Şagirdini söz sınağına çəkən qocaman aşıq gözlənilmədən məğlub olmuş və sazını onu bağlayan gənc Ələsgərin qarşısına qoymuşdur. Ələsgərsə ustadına sayğı və ehtiramını:
Bir şagird ki, ustadına kəm baxa,
Onun gözlərinə ağ damar-damar -
misraları ilə ifadə edərək Aşıq Alının əlini və sazını öpmüşdür.
Gənclik illərindən öz mükəmməl sənəti və qüdrətli poetik istedadı ilə təkcə Göyçə camaatı arasında deyil, Gəncə, Naxçıvan, Qarabağ, Qazax - Şəmşəddin, Borçalı-Tiflis, İrəvan-Dərələyəz, Çıldır-Ağbaba mahallarında da ad çıxaran azman aşığın saz-söz dühası hələ sağlığında dillərə düşüb əfsanələşmişdir.
Ustad sənətkarın Güney Azərbaycan mühitləri ilə sənət əlaqələrinə dair elə bir əsaslı dəlil və bilgilərə rast gəlinmir. Şeirlərində ara-sıra bəzi Güney mahallarının (Xoy, Səlmas, Təbriz, Mərənd, Marağa və s.) adını çəksə də, Aşıq Ələsgərin Arazın o tayına səfər etməsi barədə dəqiq məlumat yoxdur. Görünür, bunun başlıca səbəbi rusların Qafqazı istilasından sonra Arazın o tayına gediş-gəliş imkanlarının zəifləməsi olmuşdur. Ancaq onun XIX-XX yüzilliyə aid Qafqaz çevrəsinə mənsub olan qüdrətli saz-söz ustadları - Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı, Ağdabanlı Qurban, Növrəs İman, Sallı Aşıq Cəlil, Ağbabalı Nəsib və başqaları ilə yaxın münasibətləri və sənət əlaqələri barədə el-oba arasında çoxsaylı rəvayətlər gəzib-dolaşmaqdadır:
Yaxşı hörmətinən, təmiz adınan,
Mən dolaşdım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı-gəlini.
Aşıq Ələsgər məktəb-mədrəsə təhsili almasa da, öz fitri istedadı sayəsində ərəb hürufatı və əbcəd hesabı ilə bağlı incəlikləri, Şərq poetikasına məxsus şeriyyət qanunlarını, Qurani-Kərim və islam elminin dərinliklərini, təsəvvüf simvolikasını kifayət qədər mükəmməl şəkildə mənimsəmişdir. Yazı-pozu bilməsə də, şeirlərindən savad və dünyagörüşü mükəmməlliyi, fəlsəfi düşüncə tərzi açıq şəkildə görünməkdədir.
Vəsf etdiyi gözəlin adının «Sənəm» olduğunu bildirmək üçün ərəb əlifbasındakı uyğun hərfləri şeir misrasında necə ustalıqla yerbəyer etməsinə diqqət yetirmək kifayətdir:
İsmin üç hərfdi, ey çeşmi-xumar,
Biri «mim»di, biri «nun»du, biri «sin».
Belə təqdimat maneraları Ələsgər gözəlləmələrində tez-tez nəzərə çarpır.
Aşığın «Əlif-lam» adlı məşhur şeirində isə ərəb əlifbasındakı bütün hərflərin islami məna daşıyan rəmzi-məcazi anlamı əsl savad və ürfani bilik sahibinə məxsus səriştə ilə diqqət önünə çəkilir:
İbtidakı «əlif» -Allah,
«Bey» birliyə dəlalətdi.
«Tey» təkdi, vahidi-yekta,
Arif bu elmə bələddi...
Divan ədəbiyyatı klassiklərinin poetik irsindən kifayət qədər xəbərdar olmağı ilə də söz sərrafı Aşıq Ələsgər heç də təsadüfən öyünmür:
Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb kim tərpədər nə simi?
Firdovsi, Füzuli, Hafiz, Nəsimi;
Onlar da yazdığı ayə məndədi.
Sufi-dərviş dünyagörüşünün dərin qatlarına vaqif olması, daha doğrusu, ürəkdən bağlanması da Aşıq Ələsgərin aşıqlığı möhtəşəm fəlsəfi sistem kimi qəbul etməsi və canında, ruhunda yaşatması ilə birbaşa bağlı idi:
«Yahu» deyib bir-birinə uydular,
«Yamənhu» deyəndə təam qoydular.
Cümlə məxluq yemədilər, doydular,
Qaldı məcməyilər dolu qabaqda.
Burada öz nəfsini öldürmüş sufi ərənlərin mənəvi yemək - «təam məclisi» bərədəki fəlsəfi-ürfani düşüncələri öz poetik əksini böyük ustalıqla tapmışdır:
Aşıqlığı dərin bir elm kimi, möhtəşəm fəlsəfi sistem olaraq mənalandıran saz-söz mütəfəkkirinin:
Elmi hardan tapdı cümlə aşıqlar,
Şeirin müəmması ay nədən oldu? -
şəklindəki sorğu-bağlaması da çox mətləblərdən xəbər verir.
«Aşıq olub tərki-vətən olanın» misrası ilə başlayan məşhur şeirində aşıqlığın həm fəlsəfi-ürfani mahiyyətini, həm də sənət statusunu poetik nizamnamə kimi müəyyənləşdirən ustad sənətkar özünün hansı səviyyədə dərin savada və mükəmməl dünyagörüşünə malik olduğunu ortaya qoyur:
Aşıq olub tərki-vətən olanın,
Əzəl başdan pürkamalı gərəkdi.
Oturub durmaqda ədəbin billə,
Mərifət elmindən dolu gərəkdi...
Şeirin ümumi mənzərəsindən aydın görünür ki, «Vəhdəti-vücud» fəlsəfəsinin incə bir məqamının - «tərki-vətən»lik (zərrənin külldən, bəndənin Allahdan - Vətəndən qopub qürbətə, fani dünyaya düşməsi) anlayışından tutmuş, «şəriət-təriqət-mərifət-həqiqət» mərhələləri ilə mənəvi kamilləşmə - ilahi eşq aşiqliyinin - haqq aşıqlığının mahiyyəti kimi səciyyələnən təsəvvüf simvolikası saz-söz sənətkarının el gözündəki rəmzi obrazı ilə bir qovuşuq halında verilmişdir.
Özünəqədərki haqq aşıqlarından fərqli olaraq, haqqında təsəvvüf simvolikasını əks etdirən rəmzi-məcazi dastan mövcud olmasa da, başına gələn əhvalatları əks etdirən hekayətlər və dastan-rəvayətlər aşıqların repertuarında yer alan fəal epik mətnlərdəndir. Bu epik mətnlərdən «Dəli Alının əhvalatı», «Həcər xanımın hekayəti», «Ələsgərlə Səhnəbanının hekayəti», «Qozqara kötüyü ilə deyişmə», «Aşıq Ələsgərin Gəncə səfəri», «Aşıq Ələsgərin Naxçıvan səfəri», «Aşıq Ələsgərin Qarabağ səfəri» daha geniş yayılmış və dillər əzbərinə çevrilmişdir. Bu folklor mətnlərindən aydın olur ki, onların böyük əksəriyyətini ustad sənətkarın özü deyil, onun yetirmələri, sənət yoldaşları və sonrakı dönəmin yaradıcı aşıqları düzüb-qoşmuşdur. Ancaq bütün hallarda əsas istinad mənbəyi Aşıq Ələsgərin başına gələn əhvalatlar, eləcə də onun şeirlərində qərarlaşmış avtobioqrafik hadisə və məqamlardır.
Aşıq Ələsgər möhürlü hər bir şeirdən xalqın yüzilləri aşıb gələn həyat təcrübəsi, dünyaduyumu, el müdrikliyini əks etdirən fəlsəfi ümumiləşdirmələri, gözəlliyin və mənəvi kamilliyin üzvi vəhdət təşkil etməsi istəyi ana axar kimi keçib gedir. Onun poetik mülahizələri təbii olduğu qədər də bədiidir, sadə olduğu qədər də «məcazi danışa, məcazi gülə» səviyyəsində dərin və mükəmməldir:
«Can» deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
«Çor» deməyin nəfi nədir dünyada? -
Abad könlü yıxar, pərişan eylər.
Aşıq Ələsgər şeirində təbiət gözəlliklərinin, dağ-yaylaq mənzərələrinin, qış-yaz lövhələrinin, çay, bulaq, göl təsvir-tərənnümlərinin ünvan konkretliyi var: Şahdağ, Kəpəz, Murov, Murğuz, Qoşqar, Qonur, Sarıpər, Xaçın, Göyçə gölü, Qarqar, Çayqılınclı və s. Eyni ünvan konkretliyi portretini yaratdığı el gözəlləri ilə də bağlıdır. Belə ki, Aşıq Ələsgər təsvir və tərənnümünə ayrıca şeir həsr etdiyi otuza yaxın el gözəlinin camal və kamal vəhdətindəki incəlikləri misilsiz sənətkarlıqla işləmiş və hər şeirində Azərbaycan milli gözəlinə məxsus yeni və bənzərsiz bir portret ortaya çıxarmışdır:
Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağına, bal dodağına
Baxan kimi ağlım çaşdı, Güləndam...
Dədə Ələsgərin poetik irsi aşıq şeiri şəkillərinin böyük əksəriyyətini çevrələyir. Onun qoşmaları, gəraylıları, təcnisləri, müxəmməs və divaniləri yüksək sənətkarlıq məziyyətləri ilə zəngin xəzinəni xatırladan poetik incilərdir. Onun əsl sərraf gözüylə ipə-sapa düzdüyü həmin şeirlər saz havaları ilə də çox rahat şəkildə uzlaşır. Ələsgər sözü ilə saz havalarının yaratdığı melopoetik vəhdət o qədər güclüdür ki, hansı şeirin hansı havadan pərvazlandığını asanlıqla müəyyənləşdirmək olur. Bunun bircə səbəbi var: söz duyumu kimi saz duyumunun da yüksək səviyyədə olması böyük sənətkara belə bir sənət imkanı açmışdır:
Yanaqların güldü, solmaz,
Oxladın, yaram sağalmaz.
Qaşın cəllad, gözün almaz,
Bağrımı kəsə tellərin.
Bu misralar gəraylı ölçüsündəki saz havalarının, xüsusən də gözəlləmə ritmli havaların, demək olar ki, hamısının boyuna biçilib. Qoşma qəlibi üzərindəki gözəlləmə ovqatlı saz havaları da Ələsgər qoşmaları ilə çox rahat dil tapa bilir:
Cilvələnib nə qarşımda durubsan,
Anam sənə qurban, ay Sarıköynək!
Mələksən, çıxıbsan cənnət bağından,
Heç kəs olmaz sənə tay, Sarıköynək!
Bəzən böyük söz ustadının bir çox saz havalarını bəstələməsi barədə gümanlar irəli sürülür. Dədə Ələsgərin saz bəstəsi, eləcə də aşıq mahnısı yaratması barədə oğlu və şagirdi olan, özü də XX əsrin yetmişinci illərinə qədər yaşayan Aşıq Talıb heç bir bilgi verməmişdir.
Aşıq Ələsgərin söz, misra və bənd üzərində zərgər dəqiqliyi ilə poetik cilalama işi apardığını onun təcnislərinin hər birindən görmək olur. Təcnisin çığalı, dodaqdəyməz, dildönməz və başqa çeşidlərində Azərbaycan türkcəsinə məxsus linqvistik və bədii-üslubi imkanları böyük məharətlə gerçəkləşdirən ustadın həmin şeir şəkillərində ortaya qoyduğu rədif və cinas qafiyə sistemi heyrətamiz bir cazibəyə bürünmüşdür:
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çataçat.
Ömrünün təqribən səksən ilini xoş güzəran və çal-çağır içərisində keçirən Dədə Ələsgər 1905-1918-ci illər arasında həyatın ağır sınaqları ilə üzbəüz qalmışdır. Bir tərəfdən erməni-daşnak millətçilərinin yaratdığı silahlı dəstələrin tez-tez Göyçə camaatını doğma yer-yurdundan didərgin salmaları, bir tərəfdən də şəxsi həyatında baş verən acınacaqlı hadisələr (oğlu Bəşirin aşığın xalası oğlu Molla Rəhimi bilmədən güllə ilə vurub öldürməsi, qızının cavan ərinin qəfil dünyadan köçməsi və s.) onu dərindən sarsıtmış və bu münasibətlə çox sayda kədərli şeirlər söyləmişdir:
Özüm aşıq oldum, oğlum gülləçi...
Daha köç təblimi çal, qoca baxtım.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı kəsildi.
İyirmiyə yaxın şagirdə sənət xeyir-duası verən Dədə Ələsgərin Növrəs İman, Aşıq Əsəd, Aşıq Nəcəf, Aşıq Mikayıl, Aşıq Qurban kimi istedadlı davamçıları olmuşdur. Ustad sənətkarın ailə ocağından qardaşı Çoban Məhəmməd, qardaşı oğlu Növrəs İman, oğlanları Bəşir, Əbdüləzim və Talıb kimi istedadlı saz-söz adamları çıxmışdır.
1915-ci ildən sonra Aşıq Ələsgər bir daha əlinə saz almamış, sazını da Kəlbəcərdən olan sonuncu şagirdi aşıq Hüseynə bağışlamışdır. Böyük söz ustadı sovet dövrünün ilk illərini görsə də, bu quruluşun təbliğ-tərənnümünə həsr edilmiş şeirləri yoxdur. O, 1926-cı ildə, 105 yaşında dünyasını dəyişmiş, doğma yurdu Göyçədə torpağa tapşırılmışdır.