Ötən ilin yayında dövlət qeydiyyatından keçən İran Aşıqlar Birliyinin bugünlərdə Tehranda binasının açılışı olub. Bu haqda qəzetimizə birliyin sədri Aşıq Səlcuq Şahbazi bilgi verib.
Açılışda Tehran bələdiyyə başçısının mədəniyyət işləri üzrə müavini İsmayıl Əliəkbəri, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov, “Etimad” qəzetinin baş redaktoru, millət vəkili İlyas Həzrəti, başqa rəsmi şəxslər iştirak ediblər.
Xatırladaq ki, ötən il oktyabrın 9-da İran Aşıqlar Birliyinin təntənəli təqdimat mərasimi keçirilmişdi. Ötən dövrdə birlik Azərbaycan türklərinin yaşadığı, aşıq sənətinin yayıldığı bölgələrdə özünün nümayəndəliklərini yaradıb. Bir müddət öncə Kərəc nümayəndəliyi ofislə təmin edilib. Bu yaxında Təbriz nümayəndəliyinin ofisinin açılışı keçiriləcək.
Aşıq Səlcuq Şahbazi daha sonra bildirib ki, fevralın 14-də Tehranın Əndişə mədəniyyət sarayında Azərbaycan Aşıqlar Birliyinin keçmiş sədri, Xalq şairi Zəlimxan Yaqubun vəfatının qırxıncı günü münasibətilə hər iki ölkə sənətçilərinin iştirakı ilə anım tədbiri keçiriləcək.
Birliyin qarşıda duran işlərindən biri də Tehranda gənc aşıqlar festivalının təşkilidir. Tədbirin Novruz bayramından sonra keçirilməsi nəzərdə tutulub.
Soltan