Ötən yüzillikdə saz-söz sənətimizə dəyərli töhfələr verən görkəmli sənətkarlardan biri də Aşıq İslam olub. O, həmçinin müasirləri olan aşıqların həyat və yaradıcılığını araşdırıb, təbliğ edib.

İslam Qara oğlu Yusifov 1893-cü ildə İrəvan quberniyasının Basarkeçər elinin Ağəli kəndində dünyaya göz açıb. Erkən çağlardan bu sənətə maraq göstərib, el şənliklərində aşıq ifalarının pərəstişkarı olub. 1916-cı ildə Şəmkirə gələrək aşıq Çoban Hüseynin oğlundan sənətin sirlərini öyrənir.
Sonra doğma yurdu Basarkeçərə dönən aşığın şöhrəti yayılmağa başlayır, Qərbi Azərbaycan ellərinin toy şənliklərinə dəvət olunur. 20-ci illərdən Bakıda müxtəlif tədbirlərdə, konsertlərdə iştirak edir, 1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayına qatılır. Öz üzərində daha çox işləyir, qoşma, gəraylı və təcnislər qələmə alır. 1934-cü ildə Zaqafqaziya xalq incəsənəti və birinci Azərbaycan kənd bədii özfəaliyyət olimpiadalarında uğurlu çıxışlarına görə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təşəkkürnamə ilə təltif edilir. Aşıq 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün də iştirakçısı olub, 1939-cu ildə isə Moskva Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin açılışında çıxış edib.
Onun təşəbbüsü ilə 1937-ci ildə Gəncədə aşıqlar ansamblı yaradılır. Ansamblın ifası üçün “Qəmərcan”, “Yaşa-yaşa, Azərbaycan” və s. mahnıları yazır. Dahi bəstəkar Üzeyir Hacıbəyli onun təşəbbüsünü təqdirlə qarşılayır.
Görkəmli sənətkarın əməyi yüksək qiymətləndirilir. 1940-cı ildə Əməkdar incəsənət xadimi adına layiq görülür. 1959-cu ildə isə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif edilir.
Aşıq İslam qəhrəmanlıq və məhəbbət dastanlarımızın ən yaxşı ifaçılarından olub. 20-dən artıq dastan bilən sənətkarın el şənliklərində ən çox söylədiyi isə “Koroğlu”, “Şah İsmayıl və Gülzar”, “Aşıq Valeh və Zərnigar”, “Aşıq Qərib və Şahsənəm” dastanları olub.
Elvin Mustafayev araşdırmasında yazır ki, respublika xalq yaradıcılığı evinin 1957-ci ildə buraxdığı “Aşıqlar” kitabında Aşıq İslamın şeirləri çap edilib. Tanınmış türk şairi Nazim Hikmət 1960-cı ildə Gəncədə qonaq olarkən onu qarşılayanlardan biri də o olub. Aşıq sədəfli sazı ilə şairin qarşısında “Ürfani” havasını ifa edib.
Aşıq doğulduğu yurdun varlığı ilə nəfəs alıb. Bir gün könlünə doğma ellərə baş çəkmək düşür. Göyçəyə gələn aşığın qəlbi qubar eyləyir:

Könül arzuladı, gəldim Göyçəyə,
Xoş hava olması yadıma düşdü.
Mərd igidlər Ağbulağın üstündə
Alaçıq qurması yadıma düşdü.


Böyük Vətən müharibəsi illərində Aşıq İslam dəfələrlə cəbhədə əsgərlərin qarşısında çıxış edib. Onları qəhrəmanlığa ruhlandıran mahnılar oxuyub:

Söylənsin tarixdə bizim bu dastan,
Şığıyır düşmənə min qızıl aslan.
Faşistlər qurtarmaz heç zaman yastan
Onların sırasın pozuram bu gün!


Aşığın yaradıcılığında ictimai motivli şeirlər üstünlük təşkil edir. Şeirlərinin bir qismini Nizami Gəncəvi, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Qurban Pirimov kimi sənətkarlara həsr edib. O, eyni zamanda dövrünün tanınmış aşıqları haqqında araşdırmalar aparıb, yaradıcılıqlarını təbliğ edib. Bu mənada onun Aşıq Ələsgər, Növrəs İman, Aşıq Hüseyn, Aşıq Çoban, Aşıq Dövlət və başqaları ilə tədqiqatlarını göstərə bilərik. Aşıq İslamın şəxsi fondunda saxlanılan materiallar saz sənətinin dərindən öyrənilməsi və tədqiq edilməsi üçün yaxşı mənbədir.
Aşıq İslam 7 dekabr 1968-ci ildə vəfat edib.

Savalan Fərəcov