XIX əsrdə Azərbaycan və ləzgi dillərində yazıb-yaradan ləzgi aşıqları yaşamışlar. Həyatı və yaradıcılıqları haqqında geniş məlumat olmayan aşıqlardan Abdulla, tahircallı Əmirəli, urvalı Əhməd, aşağıləyərli Yəhya, əniğli Fərəməz, yenikəndli Soltan və başqalarının qoşmaları, gəraylı və qəzəlləri xalq arasında məşhur idi.
Bu gün də yaradıcılığı ilə sevilən, minnətdarlıqla yad edilən saz-söz adamlarından biri də aşıq Nüsrət Mirzəbəyov olub.
Nüsrət Çərkəz oğlu Mirzəbəyov 1940-cı il may ayının 15-də Qusar rayonunun Bədişqala kəndində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə düşdüyündən aclıq, yoxsulluq içərisində keçmişdir. Atası müharibədə həlak olur. Nüsrətlə qardaşı Fərhadı dolanışığın çətinliyindən Bakıya uşaq evinə göndərirlər. Mərdəkan qəsəbəsində onlar bir-birinə dayaq yaşayırlar. Sonralar Fərhad ordu sıralarına yola düşür. Şair təbiətli Nüsrətin incəsənətə, çalıb-oxumağa həvəsini görən müəllimləri onu bir dəstə uşaqla musiqi beşiyi Şuşaya yola salırlar.
Qarabağ mühiti gənc Nüsrətin həyatında böyük rol oynayır. Cıdır düzündə keçirilən saz-söz festivalında o, adlı-sanlı aşıq Şəmşirlə tanış olur. Ustad onun şaqraq səsini, zəngulələrini eşidir və bu sənəti öyrənməsini məsləhət görür. Beləliklə, Nüsrət aşıq Şəmşirin yanında şəyirdliyə başlayır. Kəlbəcərin Ağdaban kəndində saz sənətinin sirlərini dərindən mənimsəyir. Ustad aşıq dəvət olunduğu toy məclislərinə Nüsrəti də özüylə aparır və o, yavaş-yavaş şənliklərdə çalıb-oxuyur. Hərdən özü qoşduğu şeirləri də toylarda ifa edir.
Ustadından xeyir-dua alan Nüsrət Bakıya gəlir, konsertlərdə çıxış edir, hər çıxışı alqışlarla qarşılanırdı. Ancaq doğma yurd onu özünə tərəf səsləyirdi. Qusara qayıdan 28 yaşlı aşıq yazırdı:
Qusar şəhər, gözəl şəhər,
Vətənimsən, doğma, əziz.
Yaşıl bağlar məkanısan,
Suyun safdır, havan təmiz.
Aşıq burada məhəbbət mövzusunda çoxlu qoşmalar yazır. Onlarda sevinc, dərin sevgi hisləri, gülyanaqlı, hilal qaşlı, xumar gözlü gözəlləri tərənnüm edir:
Hilal qaşlarındır dərdimə dərman,
Xumar gözün verir qəsdimə fərman.
O gül yanağına mənəm mehriban,
Heyf, ömrüm keçir bada, Ərkinaz.
Aşıq Nüsrət haqq aşığı idi. Yalan, riya ilə arası olmazdı. Dəvət olunduğu məclislərə həvəslə gedər, kənd-kənd, oba-oba toy-düyündə hamının könlünü alar, rəğbətini qazanardı. O, respublikamızdan kənarda da öz ifası ilə qəlbləri oxşayırdı. Onun Qazaxıstan, Rusiya (Saratov, Dağıstan) əməkçiləri qarşısında çıxışlarının lent yazıları indi də şəxsi arxivində qorunub saxlanılır.
Aşıq heç vaxt ad-san sevdasında olmayıb. Əksinə, bunların özləri sənətkarı gəlib tapıb. 1970-ci ildə o, Dağıstan Respublikası Dövlət Şurasının fəxri fərmanına layiq görülür. 1987-ci ildə Ümumittifaq Xalq Yaradıcılığı Festivalında laureat adını qazanır və medalla təltif olunur. Amma aşığın ən böyük mükafatı xalq sevgisi, el məhəbbəti olmuşdur.
Aşıq Nüsrətin şeirləri qəzet və jurnallarda çap edilib, radio və televiziya kanallarında səslənib. O, həmişə ayrıca kitabının çıxması arzusuyla yaşamışdır. Əgər onun kiçik bir kitabını çap edə bilsək, ruhu şad olar. Yəqin ki, imkanlı şəxslər tanınmış aşığın xatirəsinə bu diqqəti əsirgəməzlər.
1990-cı ildə istedadlı aşıq dünyasını dəyişdi. Şirin səsi, xoş avazı, dadlı-duzlu sözü-söhbəti ürəklərdə əbədi məskən saldı. Qusarlılar el aşığını həmişə xatırlayır və Allahdan ona rəhmət diləyirlər.
İndi Qusar şəhərində küçələrdən biri aşıq Nüsrətin adını daşıyır. Həmin küçə ilə addımladıqca gözlərimin önündə unudulmaz sənətkarın nurlu siması canlanır, qulağımda çaldığı sazın, oxuduğu havaların və qədirbilən tamaşaçıların alqış səsləri eşidilir...
Həsən Xasiyev,
Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, AYB-nin üzvü