Tehranda aşıqlar festivalı keçirilib
Mayın 24-25-də İran Aşıqlar Birliyi tərəfindən Tehranda Dədə Şəmşir Beynəlxalq Aşıqlar Festivalı keçirilib.
Otaylı-butaylı xalqımızın mənəvi sərvətlərindən biri olan aşıq sənəti Dədə Qorquddan bəri sevilir və qorunub saxlanılır. Klassik aşıq ədəbiyyatında öz izi və sözü olan ozanlarımız çoxdur. Onlardan biri də Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya göz açan Dədə Şəmşirdir. Bu söz və saz sənəti ustadının yaradıcılığı təkcə Azərbaycanda deyil, İrandakı soydaşlarımız tərəfindən də sevilə-sevilə yaşadılır. İran Aşıqlar Birliyi tərəfindən Tehranda Dədə Şəmşir Beynəlxalq Aşıqlar Festivalının keçirilməsi bunun əyani təsdiqidir.
İran Aşıqlar Birliyinin sədri Səlcuq Şəhbazinin verdiyi məlumata görə, Tehranda keçirilən festivalda Təbriz, Həmədan, Urmiya, Miyana, Parsabad, Tehran, Mərənd, Miyandab, Həştrud, Səhandava, Qum, Savə, Kərəc, Əhşgerd, Qayabaşı, Eyl Zərgərlə yanaşı, qardaş Türkiyə və Azərbaycandan ustad aşıqlar və folklorşünaslar, aşıq sənətinin vurğunları iştirak ediblər.
Tehranın Bəharan mədəniyyət sarayında səhnəyə çıxan 21 nəfərlik aşıq qrupu Dədə Şəmşirdən söz açıb, onun şeirlərini səsləndirib. Möhtəşəm saz-söz bayramına çevrilən festival bir çox özəllikləri ilə yadda qalıb.
Aşıq Şəhbazi xüsusi olaraq diqqətə çatdırıb ki, festivalda aşıq ədəbiyyatının keşiyində dayanan 6 ustad ozan “Dədə Şəmşir” diplomu ilə təltif edilib. Bu şərəfə Təbrizdən aşıq Hüseyn Sai ilə Reza Əfşar, Həmədandan aşıq Nosrətolla Zərgər, Tikmədaşdan Hüseyn Siyami, Miyandabaddan Hidayət Mehri, Qaradağdan Fətulla Rizayi və festivalın aparıcısı, birliyin Təbriz şöbəsinin sədri Məhəmməd İbadi layiq görülüblər.
Festivala Tehran şəhərinin rəsmiləri, millət vəkilləri, şairlər, tarixçilər, folklorşünaslar da qatılıb. İran Məclisinin nümayəndələri Cahanbaş Mohobbiniya və Məhəndis Beytolla Cəvəri, sabiq millət vəkili Mirnəbi Əzizzadə və Azərbaycandan folklorşünas-alim, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil və “Dədə Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi sədrinin müavini Həbib Misirov tədbirdə çıxış ediblər.
Festival İran Aşıqlar Birliyinin Həmədan və Eyl Zərgər şöbəsində davam etdirilib.
“Sülhün-səadətin, sazın, söhbətin,
Ədəbin-ərkanın Dədəsi Şəmşir.
Haqqın tərəfindən Haqq payımızdı,
Şeirin-dastanın Dədəsi Şəmşir”.
Fikrini Dədə Şəmşir ünvanlı bu misralarla yekunlaşdıran aşıq Şəhbazi deyib ki, Azərbaycan aşıqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin şəbəkəsinin və coğrafiyasının genişləndirilməsi istiqamətində bir sıra beynəlxalq layihələrin reallaşdırılması nəzərdə tutulur.