İyunun 27-də Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə aşıq Aydın Çobanoğlunun 65 illik yubileyinə və onun “Ömrün etməyəcək vəfa dedilər” kitabının və “Səyyadı” adlı diskinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbiri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq Aydın Çobanoğlunun həyat yolundan, aşıq sənətinə töhfələrindən bəhs edib. Bildirib ki, qısa ömründə böyük bir sənət yolu keçən Aydın Çobanoğlu bütün varlığı ilə saza bağlı idi. O həm də təşkilatçı bir aşıq kimi yaddaşlarda yaşayır. Təsadüfi deyil ki, Hüseyn Arif Aşıqlar Birliyinə rəhbərlik edəndə sədrin müavini vəzifəsini ona etibar etmişdi. O, aşıq sənəti tarixinə bir fədakar təşkilatçı kimi daxil oldu. Aşıqlardan ibarət ilk ailə ansamblını da o yaratmışdı.
Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli, Osman Əhmədoğlu, Əkbər Qoşalı, Vəliyəddin Misiroğlu və Məlahət Yusifqızı ölməz sənətkarla bağlı xatirələrini dilə gətirib, onun bənzərsiz sənətkar olduğunu vurğulayıblar.
Aşıqlardan əməkdar mədəniyyət işçiləri Əli Quliyev, Əhliman Rəhimov, Ulduz Quliyeva, Samirə Əliyeva və Nemət Qasımlı, Əli Tapdıqoğlunu rəhbərlik etdiyi Şirvan aşıqları qrupu, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu, Təbrizdən gəlmiş aşıq Vədut Qaradağlı, Altay Məmmədli, İlham Aslanbəyli, Şaiq İncəli, Avdı Musayev və başqalarının çıxışları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Sonda Aydın Çobanoğlunun nəvələri Aydın və Nərgiz babalarının şeirini söyləyiblər, qızı Aytən Aydınqızı tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Tədbir yubilyarın oğlu Səyyad Aydınoğlunun ifası ilə yekunlaşıb.
Aşıq Aydın Çobanoğlu (Musayev) 1951-ci il yanvarın 18-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. BDU-nun filologiya fakültəsini bitirib. 1972-ci ildə böyük sənət dünyasına qədəm qoyan A.Çobanoğlu ümumittifaq festivalının, 1977-1979-cu illərdə gənc aşıqların respublika müsabiqələrinin qalibi, 1984-cü ildə Polşada keçirilən beynəlxalq folklor festivalının və 1987-ci ildə ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub. Aşıqlar Birliyinin nəzdində qızlardan ibarət “İncəgülü” aşıqlar ansamblını yaradıb. 1993-cü il martın 23-də dünyasını dəyişib.