Oktyabrın 2-də Dirili Qurbani Məclisinin növbəti sazlı-sözlü tədbiri XX əsrin birinci yarısında yaşamış istedadlı el şairlərindən biri, Göyçə aşıq mühitinə mənsub olan Növrəs İmana (1903-1932) həsr ediləcək.
Qeyd edək ki, Növrəs İman klassik aşıq ədəbiyyatının nəhənglərindən sayılan Aşıq Ələsgərin qardaşı oğludur. Ustad aşığın istəklərini layiqincə doğruldan Növrəs qısa ömür sürüb və müəmmalı şəkildə dünyadan köçüb.
Dirili Qurbani Məclisi gözəl şeirlərin müəllifi olan Növrəs İmanı anmaqla istedadlı aşıq-şairi saz-söz sevənlərə, özəlliklə gənc nəslə daha yaxından tanıtmaq, onunla bağlı xatirələri dilə gətirmək istəyir. Məclisdə bu müqtədir el şairinin şeirləri və şeirləri əsasında saz havaları oxunacaq. Ənənəvi olaraq məclis üzvlərinin və digər iştirakçı yazarların bədii nümunələri səslənəcək. Məclisdə elm adamları, şair və aşıqlar, N.İman irsinin araşdırıcıları, saz-söz həvəskarları iştirak edəcəklər.
S.Qaliboğlu