Orta əsrlər türk aşıq sənətinin tanınmış nümayəndələri arasında bir görkəmli sənətkar da diqqət çəkir. Bu, ayrılıq atəşində yanmayan aşiq gerçək aşiq ola bilməz, deyən Aşıq Qaracaoğlandır.
Qaracaoğlan təxminən 1606-cı ildə Türkiyənin Mil elinin Çuxuroba kəndində dünyaya göz açıb. Erkən çağlardan şeirə, aşıq musiqisinə maraq göstərir. Onun bədahətən şeir deməsi, el şənliklərində dərin sükutla ozanları dinləməsi həmyaşıdlarından başqa böyüklərin də diqqətini çəkirdi...
Qaracaoğlan Anadolunun şərq vilayətlərini, İranın bir çox şəhərlərini gəzib-dolaşır, Azərbaycanda da olur. Ancaq Çuxurobadan ayrı qala bilmir, ömrünün son illərini də doğma yurdunda keçirir. 1674-cü ildə dünyasını dəyişir. Onu kəndin yaxınlığında hündür bir təpədə dəfn edirlər. Çox keçmir həmin təpə yaxın-uzaq ellərdə yaşayan sənətkarların ziyarətgahına çevrilir.
Araşdırmalarda bildirilir ki, Qaracaoğlan həmişə el təəssübü çəkib, düzlüyü, həqiqəti hər şeydən üstün tutub. Beştelli cürəsini (sazını) sinəsinə sıxaraq dürlü-dürlü şeirlər qoşub, yaxşı-yaman nə görübsə nəzmə çəkib. Təkcə Anadolunun yox, bütün türk ellərinin gözəlləri onun misralarında vəsf olunub. Aşığın yaradıcılığı onun necə dərin zəka sahibi olduğunu göstərir. Şeirlərində təşbehlər, heca düzümlü qafiyələr və rədif sonluqları özünəməxsusdur, hər söz yerli-yerində işlədilib.
Professor Qara Namazovun araşdırmasından bəlli olur ki, aşığın adı Hasan, bəzən də Halil (Xəlil), “Qaracaoğlan” isə onun təxəllüsüdür.
Türk ədəbiyyatında, o cümlədən Azərbaycan şifahi deyimlərində gözəlin qara gözləri, xumar-süzgün baxışları aşıq və şairlərin dilində müxtəlif səpkidə təsvir edilib. Bu mənada Qaracaoğlanın şeirlərində özünəməxsus bənzətmə və təşbehlər diqqəti cəlb edir. “Gedərik” rədifli qoşmasında olduğu kimi:
Kömür gözlüm, mənnən getmək dilərsən,
Dağlarda qar əriyəndə gedərik.
Yel vursun, çəkilsin qara buludlar,
Yol çamurdu, quruyanda gedərik.
Qaracaoğlanın yaradıcılığında diqqətçəkən məqamlardan biri ayrılıq mövzusudur. Şeirlərinin çoxunda onu üzən ayrılığın sevgi və aşiqliklə bağlılığı, bu ayrılıq dərdini başa vurmaqda səbir, iradə, fədakarlığını önə çəkməsidir. Şair ayrılığı aşiqin sınaq yükü hesab edib. O, istəklisindən ayrı düşsə də, bir gün güllərin sevgi çiçəyi açacağına inanıb.
Şairin bir şeirində “qərib bülbül” obrazı diqqəti çəkir. Şair burada sanki ayrılığın bədii ifadəsini yaradıb. Şeirdə bülbülün səsi, gülə sevgisi, gül həsrəti ilə oxuması, onun gülündən ayrılaraq qəfəsə salınması poetik bir dillə təqdim edilir. O, özünü sanki yanıqlı-yanıqlı oxuyan bülbülə bənzədir. Demək istəyir ki, özü kimi bülbülün də qəmli oxumasının səbəbi qürbətə düşməsidir. Şeiri oxuduqca elə hesab edirsən ki, bülbül onun halına “acıyır” və onunla danışır. “Ötmə, qərib bülbül, mən də qəribəm”, “...Bülbül kimi budaqda ötməz oldum...” Yəni lirik qəhrəmanın hicran nisgili onu gülsüz bülbülün vəziyyətinə salıb.
Şairin poetik dünyasına baş vurandan sonra belə qənaətə gəlmək olur ki, Qaracaoğlan zəngin söz ehtiyatına malik bir sənətkar olub. Aşıq şeirinin bütün janrlarında bənzərsiz söz inciləri yaradıb. Türk ulusu var olduqca Qaracaoğlanın söz səltənəti də yaşayacaq.
Savalan Fərəcov