XX əsrin birinci yarısında Borçalı aşıq mühitində tanınan və maraqlı yaradıcılığı ilə diqqətçəkən sənətkarlardan biri də Şair Nəbi Faxralı olub.
Nəbi Oruc oğlu Faxralı (Şair Nəbi) 1873-cü ildə Borçalı mahalının Faxralı kəndində dünyaya göz açıb. Nəbi uşaq ikən qardaşı Sibirə sürgün olunur. Bu hadisə üzündən atasının qəddi əyilir. Nəbi erkən çağlardan ağır zəhmətə qatlaşmaq məcburiyyətində qalır. İmkanlı adamların qapısında işləyir, mis mədənində fəhləlik edir.
Təhsil almaq arzuları gözündə qalsa da, atalar demişkən, tale bir tərəfdən bağlayanda, başqa bir tərəfdən qapı açır. Oxuyub-yaza bilməsə də, qeyri-adi istedadı və iti yaddaşı onun dadına çatır. Aşıq şeirinin müxtəlif janrlarında bir-birindən gözəl nümunələr qoşur. Bədahətən söylədiyi gəraylı, qoşma, divani, müxəmməsləri dildə-ağızda dolaşır. Borçalı və ətraf bölgələrdə keçirilən el şənliklərinə dəvət olunur. Bir məclisdə Dədə Ələsgərin qıfılbəndini açır. Getdikcə şöhrəti artan aşıq-şair bir çox toy məclislərində tanınmış sənətkarlarla deyişir. Şair Ağacan, Qaraçöplü Aşıq Musa, Aşıq Sadıq Sultanov, Miskinoğlu Allahverdi kimi saz-söz ustaları ilə dostluq əlaqələri qurur.
Onun yaşayıb-yaratdığı dövrdə Borçalı mahalında 100-dən çox şair və aşıq vardı. Bu qədər saz-söz adamı içərisindən Şair Nəbinin ustad məqamına çatması, sözsüz ki, böyük istedadının nəticəsində mümkün ola bilərdi. Bütün bunlar onun təkcə Borçalı ədəbi mühitində yox, həm də XX əsrin əvvəlləri Azərbaycanın klassik aşıq poeziyasında tanındığını göstərir.
Ömrünün axırınadək doğma kəndi Faxralıda yazıb-yaradan tanınmış el şairi 1945-ci ilin oktyabr ayında vəfat edib.
Sağlığında el şairinin yaradıcılığının bir hissəsi yazıya alınıb. Tədqiqatçı Arzu Bayramlının araşdırmasında qeyd olunur ki, Xalq şairi Səməd Vurğun 1955-ci ildə Faxralı kəndinə gəlir. Bir el şənliyində Şair Nəbinin şeirlərini aşıqların dilindən eşidir. “Dünya” rədifli qoşması böyük şairin xoşuna gəlir. Kənd ziyalılarına onun şeirlərinin toplanmasını tapşırır. Sonralar qorqudşünas alim H.Məmmədli Şair Nəbinin şeirlərini, onunla bağlı əhvalatları toplayır. Folklorşünas Elxan Məmmədlinin köməyi ilə şairin 200-ə yaxın şeiri əldə edilir.
Müəllifin məhəbbət mövzulu şeirlərində səmimi hislər sadə bir dillə ifadə olunur:
Şair Nəbi dilər ildə bir günü,
Düşübdür aləmə sədası-ünü,
Unutmaram belə ahu gözlünü,
Əgər olsa ondan qeyri yüz gözəl.
“Olmaz” rədifli qoşmasında gözəlin aşiqə etdiyi işvə-nazın çoxluğuna işarə edilir:
Ötüşər bülbüllər farağat olmaz,
Səni görən dərdli salamat olmaz.
O cəllad gözünlə zarafat olmaz,
Tökülüb qaş-qabaq naz oldu yollar.
Şair Nəbi dövrünün ustad sənətkarlarından sayılıb. Görüb-eşitdiklərini ustalıqla yadda saxlamaq, məclis aparmaq, dastan danışmaq bacarığı olub. Mənbələrdə onun “Mehdi bəyin əhvalatı” adlı dastan-rəvayət bağladığı qeyd olunur.
El arasında Şair Nəbiyə 13 yaşı olanda buta verildiyi də söylənilir. O, yuxuda Borçalının Daşlıqullar kəndində Zöhrə adlı bir qızla görüşür. Qız ona barmağındakı üzüyü göstərir, nişanlı olduğunu bildirir və butasından imtina edir. Amma o, Zöhrəni unutmayıb, şeir və qoşmalarında daim nakam sevgisini dilə gətirib:
Vaqeyi-aləmdə sevdiyim sənsən,
Tut gedək vətənə əlimdən, Zöhrə.
Sevgi sevgisini atmaz çöllərə,
Didərgin eləmə elimdən, Zöhrə.
Şairin şeirləri Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı “Azərbaycan aşıqları və el şairləri” (1984) ikicildliyinin ikinci cildinə daxil edilib. Nəşrdə şairin “Bilmədi”, “Gözəl”, “Zöhrə”, “Gözəlin”, “Var bunun”, “Gül, ondan ağla”, “Yaşda dayanmaz”, “Butasan, gözəl”, “Addım-addım”, “Yar gəldi keçdi” və s. qoşmaları “Şair Nəbi Borçalı” imzası və kiçik bioqrafik məlumatla çap olunub. Bu nəşr 1986-cı ildə türk dilinə uyğunlaşdırılaraq İstanbulda “Xalq kültürü” seriyasından çapdan çıxıb. Müstəqillik illərində müəllifin “Eləsi var...” (1991) və “Yazılanlar gəldi başa” (2003) kitabları işıq üzü görüb.
Savalan Fərəcov