Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, onun mərkəzi şəhəri olan Naxçıvan şəhərində də əlamətdar günlərin qeyd edilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması məqsədilə mədəniyyət müəssisələrində bir çox maraqlı tədbirlər keçirilir. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İmanqulu Əhmədovla söhbət zamanı aydın oldu ki, şöbənin mədəniyyət müəssisələrində keçirdiyi tədbirlər maraqlı və yaddaqalan olmuşdur.
    Belə ki, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində də bir çox işlər görülmüş, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, 31 mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş sərgilər hazırlanmışdır. Həmçinin Aşıq Şəmşirin anadan olmasının 115, ədəbiyyatşünas Firudin bəy Köçərlinin anadan olmasının 145 illiyi, Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının səhnəyə qoyulmasının 100 illiyi ilə bağlı ədəbi-bədii gecələr keçirilmişdir. Şöbənin təşəbbüsü ilə hər ayın axırıncı həftəsinin 5-ci gününün «Kitabxana günü» kimi qeyd olunması oxucu kütləsinin marağına səbəb olmuşdur. «Ötən ilin yekunlarına görə nailiyyətləri daha sevindiricidir» - deyən şöbə müdiri İmanqulu Əhmədov söhbətinə davam edir: «Şəhər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin çıxışları, solo ifalarla yanaşı, Səfər Rəcəbov adına 3 saylı Uşaq Musiqi Məktəbinin Xalq çalğı alətləri orkestri, «Tori» instrumental və nağaraçalanlar ansamblları, bədii sənətkarlıq məktəbinin «Kamançalanlar» ansamblı və muğam üçlüyünün çıxışları böyük tamaşaçı marağına səbəb olmuşdur.
   Yetirmələrimizin sorağı artıq bütün respublikadan gəlir. Belə ki, ötən ilin may ayında Bakı şəhərində keçirilən ümumrespublika müsabiqəsində H.Cavid adına Uşaq Musiqi və Bədii sənətkarlıq məktəblərinin şagirdləri - Nuray Babayev (kamança) III dərəcəli diploma, Ülvü Əhmədov isə (fortapiano) diploma layiq görülmüşdür. Elə həmin il Astara şəhərində keçirilən Muğam Respublika baxış-müsabiqəsində Səid Həsənov diploma layiq görülmüşdür».
   Şöbə müdiri həmçinin şəhər musiqi, incəsənət məktəblərində və digər mədəniyyət müəssisələrində işlərin daha keyfiyyətli qurulması üçün əllərindən gələni etdiklərini vurğuladı.

   Hüseyn Əliyev,
   Naxçıvan