Lənkəran rayonunun inkişafı ümumilli lider Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. O, 6 dəfə (1973, 1974, 1979, 1992 və 1998-ci illərdə) Lənkərana gələrək, rayonun həyatı ilə yaxından maraqlanmış, əhalini düşündürən problemləri yerindəcə öyrənib müvafiq tədbirlər görmüşdür. Hər gəlişində zavod, fabrik və digər müəssisələrdə görüşlər keçirən, tarlalarda zəhmət adamları ilə birbaşa ünsiyyətdə olan öndərin səfərləri Lənkəranın sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisiyə çevrilməklə ümumi irəliləyişə güclü təsir edirdi. Məhz bu amil sayəsində 1969-cu ildən 1982-ci ilə qədər Lənkəranda sənaye və kənd təsərrüfatı istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilir. 1970-80-ci illər arasında neçə-neçə fabrik və zavod açılır, xidmət sahəsi inkişaf edir. Əhalinin yaşayış səviyyəsi bu göstəricilərə uyğun olaraq kifayət qədər yaxşılaşır. Lənkəran böyüyür, çiçəklənir və əsl şəhərə çevrilir.
Ailə albomunun qızıl şəkili
1969-cu ildə Azərbaycan xalqının böyük oğlu, əvəzsiz siyasi şəxsiyyət H.Əliyev respublikaya rəhbərliyə başlayır. Məhz bu ildən ölkə onun rəhbərliyi ilə yeni-yeni tarixi nailiyyətlərə imza atır. Rəhbərin ölkə, vətən üçün qurub-yaratmaq əzmi hər bir kəsə sirayət edir, əmək və zəhmət meydanı qəhrəmanlıq məkanına çevrilir. Həmin vaxtlarda günbəgün artıb çoxalan əmək bahadırlarının adları dillər əzbərinə çevrilir. O zaman sovetlər birliyinin tərəvəz bazarlarından biri hesab edilən Lənkəranda suvarma və meliorasiya sistemlərinin təşkilində misilsiz xidmətlər göstərmiş Qəzənfər Nəsirli adı da bu əmək bahadırlarının sırasında öz layiqli yerini tutur.
1910-cu ildə Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açan Qəzənfər İbrahim oğlu Nəsirli ilk təhsilini 2-ci dərəcəli məktəbdə aldıqdan sonra, 1930-cu ildə Gəncədəki Zaqafqaziya Pambıqçılıq Akademiyasına daxil olur. Buranı 1935-ci ildə bitirdikdən sonra fəaliyyətini doğma torpaqların meliorasiya işinə sərf etmək qərarına gəlir. Uzun müddət Lənkəranda rayonlararası suvarma sistemləri idarəsində baş mühəndis, sonra rəis kimi çalışan Q.Nəsirli çox keçmir ki, öz sahəsində kamil mütəxəssis, əhəmiyytli uğurlar əldə edən bir kadr, halal zəhmət adamı kimi tanınmağa başlayır. 1964-cü ildə Maşın-Ekskavator Stansiyasının direktoru təyin olunan Q.Nəsirli 1969-cu ildən respublikaya rəhbərlik edən Heydər Əliyevin fəaliyyətindən ruhlanır, özünə ideal hesab edərək daha böyük həvəslə işə başlayır. Çox keçmir ki, indi Nəsirlilər ailəsinin fəxrlə qoruduğu bir fotonun çəkildiyi tarixi an, tarixi hadisə baş verir.
...1973-cü il, sentyabr. Bu tarix təkcə Qəzənfər kişinin deyil, bütün nəsirlilərin taleyində o unudulmaz günü yada salır.
Tez-tez respublikanın bölgələrinə səfər edərək, əməkçi insanların həyatları, özləri ilə yaxından tanış olan, onların əməyini qiymətləndirən dövlət başçısı Heydər Əliyev həmin tarixdə Lənkəran bölgəsində olarkən Q.Nəsirli ilə də görüşür. Qəzənfər Nəsirlinin əməyini yüksək qiymətləndirən rəhbər bu əmək bahadırını Qırmızı Əmək Bayrağı kimi yüksək ordenlə təltif edir. Həm bu təltif, həm də özünə ideal saydığı şəxsiyyətlə üz-üzə görüş Qəzənfər kişi üçün ikiqat fərəh hissinə çevrilir. O, bu hisslərini ömrünün sonuna qədər yaşadır. Təltif zamanı çəkilən foto isə ailə albomunda xüsusi olaraq indi də qorunmaqdadır. 1980-ci ildə respublika əhəmiyyətli fərdi təqaüdə çıxması isə onun əməyinə daha bir yüksək qiymət olur. 1985-ci ildə H.Əliyev Moskvaya gedəndə isə çoxları kimi, o da Azərbaycanın sonrakı taleyinə görə çox narahat olur.
Lider və müəllim
Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Mirhaşım Talışlı 1947-48-ci dərs ilindən pedaqoq kimi fəaliyyət göstərir. Onun xatirəsində ümummilli liderlə üç görüşün unudulmaz səhifələri yaşayır. Mirhaşım müəllim isə ən əvvəl 1970-80-ci illərdə gözləri qarşısında dəyişən Lənkərandan danışır.
«Qısa müddətdə Lənkəran rayonunda Dəmir-beton məmulatları zavodu, Asfalt zavodu, Çay fabriki, tikiş fabriki, İstehsal kombinatı, meyvə-tərəvəz konservi zavodu, tərəvəz kombinatı yaradıldı. Kifayət qədər iş yerləri açıldı. Hava limanı, Şəhərlərarası «Ləvəngi» avtovağzalı şəhərə yeni sima verdi. 360 nəfərlik teatr binasının tikilməsi isə mədəniyyətsevərlərə böyük hədiyyə oldu. 52 milyon kub.m. su tutumu olan Xanbulançay dəryaçasının tikilməsi üçün H.Əliyev misilsiz səylər göstərdi. Bu cür faktları sadalamaqla bitirmək olmur».
M.Talışlı rəhbərlə ilk görüşünü də belə xatırlayır: «1973-cü ildə Ziyalılar Evində əməkdar müəllim adına layiq görülən pedaqoqlarımızla H.Əliyevin görüşü keçirildi. Elə oldu ki, bu ada layiq görülmüş müəllim olaraq mən də çıxış etməli oldum. Tədbirdən sonra isə, H.Əliyev Lənkəranın I katibi İsa Məmmədova demişdi ki, əgər ad verdiyimiz müəllimlərimizin hamısı Mirhaşım kimi natiqdirlərsə, onda sizin işinizdən narahat olmağa dəyməz. İkinci görüşümüz isə Moskvaya - Müəllimlər Qurultayına gedən vaxta təsadüf etdi. Qurultayqabağı bizi Heydər Əliyev qəbul etdi. Məni görən kimi adımla çağırdı və o vaxtkı çıxışımı da yada saldı. Bax, onda mən H.Əliyevin fenomenal yaddaşının olduğunu əyani surətdə gördüm. Sonuncu dəfə isə 1998-ci ildə Lənkəranda onun öz seçki kampaniyasında görüşdük. Mən öz şeirimlə seçicilərə müraciət etdim. H.Əliyev də öz çıxışında məhz Lənkəranın söz-sənət adamlarından maraqlı, geniş çıxış etdi».
M.Talışlı 1993-cü il «Talış-Muğan Respublikası» adı ilə vətəni parçalamağa çalışanlardan H.Əliyevin səyi ilə qurtulduqlarını söyləyərək, həmin dövrdə onun varlığının yeganə nicat olduğundan da söhbət açır.
«O vaxt bütün Lənkəran ziyalıları ayaq üstəydi. Bilirdik ki, H.Əliyev bizi tək qoymayacaq. Qoymayacaq ki, əzab-əziyyətlə qurduğu bu ölkə parçalanıb məhv olsun».
Pedaqoq kimi zəhməti dövlət tərəfindən qiymətləndirilən fərdi prezident təqaüdçüsü M.Talışlı eyni qətiyyətlə ölkənin sabahına inamını bildirir:
«H.Əliyev yolunu prezidentimiz İlham Əliyev uğurla addımlayır. Biz pedaqoqlar da yenə o yola sadiqik».
«Kim tanımır Solmazı...»
Sözləri Şəkər Aslana, musiqisi Emin Sabitoğluna məxsus və Zeynəb Xanlarovanın oxuduğu bu məşhur mahnı qəhrəmanının ünvanına yollanmışıq. Lənkəranın kəndində yaşayan, 5 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Sosialist Əməyi qəhrəmanı Solmaz Əliyevanı doğrudan da kim tanımır? Ondan H.Əliyevlə bağlı xatirələrini soruşuruq:
«Mən 20 il Əliyevlə işləmişəm, - deyə cavab verir. - Tez-tez Ali Sovetin sessiyalarında görüşərdik. İşimizlə, şəraitimizlə maraqlanardı. Moskvaya - SSRİ Ali Sovetinin iclaslarında da onunla iştirak etmişik. Kəndimizdə də olub, sovxozumuzun işi ilə maraqlanıb».
Solmaz Əliyeva xatırlayır ki, 1973-cü il idi, ilk oğlu bir aylıq idi. Bax, həmin vaxt H.Əliyev onu əmək qəhrəmanı adı ilə ikinci dəfə sevindirdi. O Solmazı ki, Baloğlan Əliyev adına sovxozun adi fəhləsi işləyirdi.
«Onun zəhmət adamına xüsusi hörməti var idi. Zəhmət çəkənə qiymət verməyi bacarırdı. Həmin dövrdə Lənkəran mindən çox şəhərə kənd təsərrüfatı məhsulları göndərmək gücündə idi. Çünki zəhmət adamına qiymət verən rəhbər var idi».
Əmək qəhrəmanının rəhbərlə saysız xatirələri var. Elə bizə göstərdiyi fotoşəkillər də xatirələrin bir anlıq yaddaşıdır. Sonra isə Solmaz xanımdan bir maraqlı əhvalat eşitməklə söhbətimizə yekun vururuq.
«O vaxt Sov.İKP MK-nın katibi Kulikovla H.Əliyev rayon zəhmətkeşlərinin görüşünə gəlmişdilər. Mənim çıxışımdan sonra Kulikov yaxınlaşıb məni qucaqladı. Zalda gülüşmə düşdü, mən pərt oldum. H.Əliyev dərhal vəziyyəti dəyişdi. Kulikova dedi ki, bizim adətə görə, qadına belə yanaşmaq olmaz. Amma Kulikov da Solmazı bir zəhmətkeş kimi qucaqladı. Bax, beləcə vəziyyəti dəyişdi».
Bir imzanın tarixi
İndi ölkəmizin hər bir bölgəsində yerli tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Hər birimiz yerli muzeyə daxil olmaqla bölgənin adət-ənənələri, tarixi, təbiəti ilə əyani tanış olmaq imkanı qazanırıq. Amma maraqlıdır, görəsən, bu tip muzeylərin yaradılması nə vaxta təsadüf edir və hansı təşəbbüsə söykənir. Bax, bu tarixi araşdırmaq üçün Mirzağa Əliyev adına Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə yollanmaq, daha doğrusu, burada fəaliyyət göstərən «Heydər Əliyev guşəsi»ni ziyarət etmək gərəkdi.
Muzey 1906-cı ildə yerli ziyalı Mirzağa Əliyevn təşəbbüsü ilə öz evində yaradılıb. 1924-cü ildə rəsmi status alan bir muzey sonralar, «Kənd təsərrüfatı» muzeyi kimi fəaliyyət göstərir. 1977-ci ildə onun bazasında, elmi əsaslarla respublikada ilk tarix-diyarşünaslıq muzeyi yaranır. 1979-cu il 8 dekabrda muzeylə əyani tanış olan H.Əliyev gördüklərindən məmnun qalaraq xatirə kitabına öz imzası ilə bu qeydləri yazır:
«Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi Lənkəran haqqında geniş təsəvvür yaradır. Buradakı eksponatlar əməkçilərin, zəhmət adamlarının uğurları ilə tanışlıq imkanı verir. Mən muzeydə çalışanlara fəaliyyətləri ilə bağlı təşəkkür edirəm. Ümid edirəm ki, muzey hər zaman zəhmətkeşlərin üz tutacağı məbəd olacaq...»
Məhz bu muzeylə tanışlıqdan sonra ölkə rəhbəri bütün bölgələrdə yerli tarixi yaşadacaq diyarşünaslıq muzeylərinin yaradılması ilə bağlı sərəncam verir. 1980-ci ildən bu proses başlayır. Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi isə H.Əliyevin imzası olan qeydləri onun adına olan xüsusi guşənin yüzlərlə eksponatı kimi göz bəbəyi kimi qoruyub nümayiş etdirir. Elə bu imza yerli mədəniyyəti, ənənələri, tarixi zəngin Lənkərana H.Əliyevin hər zaman göstərmiş olduğu diqqət və sevginin həmişəyaşar təsdiqidir.
Səbuhi Aran