Gül-çiçəklə bəzədilmiş klublar 
      
   May ayının 5-6-da Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun başçılığı ilə bir qrup məsul işçinin Quba və Qusar rayonlarında işgüzar səfərindən qəzetimizin keçən sayında yazmışdıq. Səfərin məqsədi həmin rayonların kəndlərində fəaliyyət göstərən bir sıra mədəniyyət evi, klub və kitabxanalara baxış keçirərək mövcud vəziyyətlə tanış olmaq idi. Hər iki rayonda, əsasən də Qubada geniş tikinti-abadlıq işləri gedir. Qusar Azərbaycanın ən təmiz və səliqəli şəhəridir. Elə bugünkü yazımda da Qusar rayonunun mədəniyyət obyektlərində gördüklərimi qələmə almışam. 
   
   Köhnə Xudatın «köhnə mədəniyyəti»
   
   Biz Qusar rayonunun dörd kəndində yerləşən mədəniyyət obyektləri ilə tanış olduq. Bunlar Piral, Əvəcük, Həsənqala və Köhnə Xudat kəndləri idi. Bu kəndlərdəki mədəniyyət ocaqları sovet dövründə tikilmiş kiçik binalarda fəaliyyət göstərir. Üstəlik, işləri də sosializm sisteminə uyğun olaraq qalıb. Buna səbəb həmin binalardakı şəraitdir. Götürək Qusarın Köhnə Xudat kəndinin klub və kitabxanasını. Kənd sakinləri özləri qeyd etdilər ki, klub və kitabxananın yerləşdiyi bina II Dünya müharibəsindən sonra tikilib. Mədəniyyət ocaqlarında elə həmin illərin əhval-ruhiyyəsi duyulurdu. Kitabxana balaca bir otaqdan ibarət idi. Kitablar köhnə rəflərdə saxlanılır. Kitabların çoxu isə kiril qrafikası ilə Azərbaycan dilində olan nəşrlər idi. Bura gələn oxucular da çox deyil. Deyilən ümumi rəqəmləri hesablasaq, günə 1-2 oxucu düşər. Onların əksəriyyəti də əliboş geri qayıdır. Tələb olunan kitabları bu gün kənd kitabxanalarında tapmaq çətindir. Rayonun mərkəzi kitabxanasından tələb olundu ki, oxucuların ən çox hansı kitabları sifariş etdiyinin monitorinqi keçirilsin.
   Köhnə Xudat kəndinin kiçik klubu da yararsız halda idi. Sovet dövründə kənd klublarında filmlər nümayiş olunurdu. Bu gün həmin klublar film nümayişi üçün də yaramır. 

   Döşəməsi torpaq olan klub çatlamasın, neyləsin...
   
   Həsənqala kənd klubu və kitabxanasının yerləşdiyi binanın vəziyyəti daha acınacaqlı idi. Hətta nazirliyin əməkdaşları bu binanın Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsi tərəfindən qeydiyyata götürülməsini vacib bildilər. Binanın arxa divarlarının iki-üç yerində çat əmələ gəlmişdi. Həsənqala kənd klubunun döşəməsi torpaqdan idi. Klub və kitabxana işçiləri binanın damdığını gizlətmədilər. Həsənqala kənd kitabxanasının bir gün əvvəl 8 oxucusu olmuşdu. Bu kitabxananın da oxu zalı yox idi. Köhnə Xudat kəndində olduğu kimi burada da kiril əlifbası ilə olan kitablar üstünlük təşkil edirdi. Amma hər iki kəndin kitabxanasında burada yaşayan ləzgiləri təmin etmək üçün ləzgi dilində 150-200-ə yaxın kitab var idi.
   
   Piral kəndinin sovet kitabxanası
   
   Piral kəndinin klub və kitabxanasının yerləşdiyi bina daha «maraqlıdır». Kitabxanaya taxta pilləkənlərlə dırmaşmaq lazım idi. Kitabların isə 40%-i quru yerə düzülmüşdü. Piral kənd kitabxanasında da oxu zalına rast gəlmədik. Burada da latın əlifbası ilə nəşr olunan Azərbaycan dilində kitablar azlıq təşkil edirdi. Həmin kitabları da vaxtilə Mədəniyyət və Turizm Nazirliyi göndərib. Görünür, heç bir kitabxana yeni əlifba ilə nəşr olunan kitabları öz təşəbbüsləri ilə əldə etmək istəmir. Piral kənd kitabxanasında rus dilində kitablar daha çox gözə dəyirdi. Hər üç kəndin kitabxanasında köhnə ideologiyaya xidmət edən kitablar hələ də saxlanılırdı. Piral kənd klubunun vəziyyəti də digərlərindən fərqlənmirdi.
   
   Qınaq obyekti yalnız obyektlərdir
   
   900 nəfər əhalisi olan Əvəcük kənd klubu və kitabxanası kiçikdir. Piral, Köhnə Xudat və Həsənqala kəndlərinin mədəniyyət obyektlərində hökm sürən bərbad vəziyyət Əvəcükdə də hakim idi. Rastlaşdığımız çox maraqlı hadisələrdən biri də kənd klub və kitabxanalarının işçiləri ilə bağlı oldu. Bizlərin gəldiyini əvvəlcədən bilib həmin köhnə klub və kitabxanaların döşəmələrini sulayıb gül-çiçəklərlə bəzəmələri onların səmimiliyindən xəbər verirdi. İşçilərin əllərindən gələn də bu idi. Yazımla həmin işçiləri qınaq obyektinə çevirmək fikrindən uzağam. Çünki obyektlərinin vəziyyəti onları bu səviyyədə işləməyə məcbur edir. Beləliklə, bütün bu problemlərin günahını kimdəsə axtarmaq mənasızdır. 50-60 ildir obyektlər təzələnmir, avadanlıqlarla yenilənmir. Həmin binalar yenilənsə, hər halda, problemin böyük bir qismi aradan qalxacaq. Yerdə qalan işlər isə mədəniyyət obyektlərinin işçilərinin üzərində qalır. Bu iş isə kənd sakinlərini mədəni tədbirlərə cəlb etmək və insanların kitab oxumağa həvəsləndirən proyektlər həyata keçirməkdən ibarət olacaq.
   
   İntiqam Hacılı