Şəki şəhərinin davamlı inkişafı üçün mədəni ehtiyatların səfərbər olunması üzrə UNESCO-nun sektorlararası layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə UNESCO-nun eksperti, fransalı Patrisio Jeretikin rəhbərliyi ilə ilkin faktaraşdırıcı missiya bugünlərdə Şəkidə səfərdə olub.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadənin sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr, turizm və mədəni irs şöbələrinin nümayəndələri ilə görüşlər keçirib: «Heyətə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. UNESCO-nun nümayəndəsinə bildirilib ki, Şəki ilə bağlı nazirlik tərəfindən konkret strategiya müəyyənləşib. Şəkinin sənətkarlıq paytaxtı elan edilməsi, məhz mədəniyyət və iqtisadiyyatın bir-birinə bağlılığını və orda yaşayan əhalinin sosial şəraitinin, eyni zamanda, mədəniyyət potensialının müəyyən edilməsinə yönələn bir layihədir».
Sonra missiya Şəkiyə yola düşüb. V.Eyvazzadənin sözlərinə görə, Şəkiyə səfərdə UNESCO-nun Moskva bürosunun rəhbəri Lübava Moreva da iştirak edib: «Səfər mədəniyyətlə yanaşı elm, təhsil, turizm və digər bu kimi sahələri də əhatə edib. Çünki UNESCO missiyasının digər məqsədi Şəkinin real potensialını, imkanlarını, Şəkidə olan mədəniyyət müəssisələrinin hazırkı vəziyyətini, mədəniyyət və turizm sahələrində olan perspektiv iş planlarını, mövcud layihələr, bu layihələr arasında şəbəkələşməni və digər bu kimi məsələləri müəyyən etmək idi».
Səfər çərçivəsində qonaqlar Şəki İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı ilə görüşüblər, Heydər Əliyev Muzeyinə, ulu öndərin adını daşıyan parka, şəhərin tarixi yerlərinə baş çəkiblər, Xan sarayı, tarix-diyarşünaslıq və xalq-tətbiqi sənəti muzeylərinə baxıblar, “Sənətkarlar evi”ndə Şəkidə inkişaf etmiş xalq tətbiqi sənəti sahələri ilə tanış olublar. Bundan əlavə, ekspertlər folklor kollektivlərinin çıxışını izləyib, Şəki Dövlət Dram Teatrında, rayonun ən böyük istehsal müəssisələri olan “Şəki-İpək” ASC və “Şəki-Aqroindastrit” MMC-də olublar. Heyət həmçinin Şəki mətbəxi ilə, turizm obyektləri ilə tanış olub.
Qeyd edək ki, səfərin nəticələrini yekunlaşdırmaq məqsədilə iyunun 9-da faktaraşdırıcı missiyanın nümayəndələri ilə Mədəniyyət və Turizm Nazirliyində yenidən görüş keçirilib. Görüşdə Beynəlxalq əlaqələr şöbəsi, Elm-təhsil şöbəsi, Mədəniyyət siyasətinin qeyri-maddi irs sektorunun nümayəndələri iştirak ediblər. Patrisio Jeretik səfərin nəticələri ilə bağlı nazirliyə məlumat verib, layihə ilə bağlı ilkin tezisləri açıqlayıb: «Görüşdə mədəniyyət və iqtisadiyyatın bir-birinə bağlılığının müəyyən edilməsində bir pilot layihə kimi mədəniyyət və turizm sahələrinin bağlılığını müəyyən etmək, Şəkidə əl işlərinin, sənətkarlığın inkişafına köməklik göstərən planların hazırlanması müzakirə olunub. Eyni zamanda, Şəkinin beynəlxalq səviyyədə də brendləşdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi məsələsi irəli sürülüb».
Nazirlik təmsilçisinin sözlərinə görə, UNESCO bu məsələyə texniki yardım göstərərək müəyyən proqram hazırlaya bilər. Proqram hazırlanandan sonra iyul ayında nazirliyə təqdim olunacaq. Payıza qədər layihənin hazırlanması prosesi yekunlaşacaq.
Mehparə