Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsində 1 mədəniyyət evi, 10 klub müəssisəsi, 1 mərkəzi kitabxana və onun 16 filialı, 2 uşaq musiqi məktəbi, 3 uşaq incəsənət məktəbi, Heydər Əliyev muzeyi, Tarix-diyarşünaslıq muzeyi, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayon üzrə həmin müəssisələrdə 386 nəfər işçi çalışır. Onlardan 124 nəfəri ali təhsilli, 232 nəfəri orta-ixtisas təhsilli, 30 nəfəri orta təhsillidir.
   
   2010-cu ilin ilk yarısında rayonun mədəniyyət ocaqlarında müxtəlif tədbirlər təşkil olunub. 20 Yanvar Milli hüzn günü, Xocalı faciəsi və 31 Mart Azərbaycanlıların soyqrımı günləri, tarix-diyarşünaslıq muzeyində tarixi günlərlə əlaqədar görüşlər, sərgilər, foto-stendlər, kitabxanalarda kitab sərgiləri, oxucu konfransları, klub müəssisələrində, uşaq musiqi və incəsənət məktəblərində ədəbi-bədii gecələr, 8 Mart Beynəlxalq qadınlar günü, Novruz bayramı, alman faşizmi üzərində Qələbənin 65 illiyi münasibətilə, 28 May - Respublika günü, 15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar müxtəlif səpkili bayram tədbirləri, görüşlər, rayon miqyaslı ədəbi-bədii kompozisiyalar və konsertlər keçirilib.
   Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da gənc istedadlar yetişir. Bu xüsusda rayonun uşaq musiqi və incəsənət məktəblərinin rolu xüsusi olaraq qeyd olunmalıdır. Respublika miqyaslı baxış-müsabiqələrdə, festivallarda kollektivlərin, yaradıcı gənclərin və fərdi ifaçıların iştirakları müntəzəm olaraq təmin olunur. Fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən, rayonun Mədəniyyət evində respublikamızın 7 rayonunun bədii-özfəaliyyət rəqs kollektivlərinin iştirakı ilə “Çal-oyna-2010” baxış-müsabiqəsi keçirilib. Müsabiqədə rayon Mədəniyyət evinin “Abşeron” rəqs kollektivi müvəffəqiyyətlə çıxış edib.
   Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi əhalinin asudə vaxtının səmərəli təşkili, yeniyetmə və uşaqların bədii-estetik zövqünün formalaşması istiqamətində çeşidli tədbirlər həyata keçirilir. İlin ilk yarısında rayonun musiqi məktəbləri şagirdlərinin uğurları da az olmayıb. Fortepiano ansamblı və müşayiət fənləri üzrə keçirilmiş festivalda Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri uğurla çıxış ediblər. Polşanın Azərbaycandakı səfirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənc pianoçuların Şopen adına festival-müsabiqəsi»ndə isə məktəbin şagirdləri Atabala Manafzadə II yeri tutaraq laureat adına layiq görülüb, Nərgiz Kazımova, Nəriman Əmiraslanov tərifnamə ilə mükafatlandırılıblar.
   May ayında simli alətlər üzrə II Respublika müsabiqəsində məktəbin şagirdləri Əli Məhəmməd oğlu və Qorxmaz Şıxəliyev uğurla çıxış edərək müsabiqənin fəxri fərmanı və pul mükafatına layiq görülüblər. Apreldə Şamaxı şəhərində keçirilmiş “Yeni adlar” ədəbi gənclərin respublika müsabiqəsində Xırdalan şəhər sakini Abdullalı Aytən müsabiqənin 3-cü mükafatına layiq görülərək 200 manat pul və diplomla təltif olunub. May ayında Astara şəhərində keçirilən uşaq muğam ifaçılarının V respublika müsabiqəsində Xırdalan şəhər musiqi məktəbinin 2, Saray qəsəbə uşaq incəsənət məktəbinin 1 şagirdi müvəffəqiyyətlə iştirak ediblər.
   Bundan əlavə, rayonun uşaq incəsənət məktəbləri də respublika və beynəlxalq müsabiqələrdə, rəsm sərgilərində müvəffəqiyyətlə iştirak ediblər. Belarus Respublikasında keçirilən “ART qorod” VI Beynəlxalq uşaq rəsmləri müsabiqəsində Ceyranbatan və Saray uşaq incəsənət məktəblərinin şagirdləri Gülbəniz Rüstəmova və Nuranə Quluzadə müsabiqənin yarımfinalına vəsiqə qazanaraq mükafata layiq görülüblər. Həmçinin Çexiya Respublikasında 38-ci Beynəlxalq uşaq incəsənət sərgisinə, “Liditse -- 2010” adlı Beynəlxalq uşaq bədii sərgisinə, Moskva şəhərində “İ pomnit mir” Beynəlxalq uşaq rəsmləri festivalında iştirak etmək üçün təsviri-incəsənət sinfi şagirdlərinin rəsm əsərləri göndərilib.
   Rayonda xalq yaradıcılığı və özfəaliyyət işi sahəsində də müxtəlif tədbirlər həyata keçirilir. Rayon Mədəniyyət evində «Xalq teatrı», Ə.Vahid adına “Çıraq ” poeziya klubu, “Xəzri” xalq çalğı alətləri ansamblı, uşaq rəqs kollektivi, “Günəş” uşaq teatrı, “İdman-sağlamlıq”, “Ailə-sağlamlıq” klubları, mərkəzi kitabxanada “Od parçası” ədəbi birliyi, həmçinin kənd və qəsəbələrin klub müəssisələrində müxtəlif musiqi kollektivləri, dərnəklər, maraq klubları fəaliyyət göstərir.
   Abşeron rayonu ərazisində yerləşən tarixi abidələrin əsaslı təmir və bərpa edilməsi, yeni mədəniyyət müəssisələrinin tikilməsi daim diqqət mərkəzində saxlanılır. Tarix-diyarşünaslıq muzeyində cari təmir işləri görülmüş, ekspozisiya yenidən qurulmuş, muzeyin ətrafında abadlıq işləri görülmüşdür.
   Mehdiabad qəsəbə uşaq musiqi məktəbində də cari və əsaslı təmir işləri aparılıb.
   Xırdalan şəhərindəki XIX əsrə aid yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Məşədi İmambaxış hamamı”, Görədil kəndindəki tarixi abidə - XIX əsrə aid Əbdürrəhman məscidi əsaslı təmir olunaraq təyinatı üzrə istifadəyə verilib. Rayonun Fatmayı kəndində yeni kitabxana binasının, Ceyranbatan və Qobu qəsəbələrində müasir tipli mədəniyyət mərkəzlərinin tikintisi davam etdirilir.
   “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonun kənd və qəsəbələrində yeni mədəniyyət müəssisələrinin tikilməsi nəzərdə tutulub.
   
   İlham Manafov,
   Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri