Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala yaşayış ərazisində iyulun 15-dən başlanılan arxeoloji qazıntı işlərinə yekun vurulub.
   
   AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Vəli Baxşəliyevin verdiyi məlumata görə, qazıntılar zamanı bir sıra maraqlı maddi mədəniyyət nümunələri aşkar olunub. V.Baxşəliyev bildirib ki, Azərbaycan-ABŞ ekspedisiya qrupu ilə birgə təşkil olunan qazıntılar zamanı uzunluğu 35, eni 30 metr olan sütunlu saray aşkar edilib. Saray sütunun qalıqları e.ə. IV-II minilliyə aid edilir. Araşdırmalar sarayın Atropatena dövlətinə aid olmasını, ərazinin həmin dövlətin iri əyalət mərkəzi olduğunu deməyə əsas verir.
   Ümumilikdə ərazidə aparılan tədqiqatlar mədəni təbəqənin 5,5 metrdən artıq olduğunu göstərir. Azərbaycan-ABŞ ekspedisiya qrupunun Oğlanqalada apardığı arxeoloji qazıntılar zamanı e.ə. V-II minilliyə aid keramika qalıqları, ox ucluqları, Xocalı-Gədəbəy mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri də tapılıb.