Ağdam rayonu ərazisində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Aran və Dağlıq Qarabağ ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadığını bir daha təsdiq edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə aid daha bir neçə torpaq qəbir aşkar edilib. Heç bir yerüstü əlamətə malik olmayan qəbirlər qadına, kişiyə və yeniyetməyə məxsusdur. Aşkar olunmuş qadın qəbri daha maraqlıdır. Onun sümüklərinin ümumi ölçüsü 190 santimetrdən çoxdur. Yanında müxtəlif tipli keramika nümunələri, boynunda 600-ə yaxın müxtəlif ölçülü muncuqlar, qulaqlarında tuncdan sırğalar, biləyində lentvari, üstü bəzəkli bilərzik, barmaqlarında isə tuncdan üzüklər var.
Qəbirlərdən birində 10-a qədər saxsı qab, digərində isə müxtəlif qablar və dəmir xəncər tiyəsi tapılıb. E.ə. XII-XI əsrlərə aid qəbirdə dəmir alətin çıxması mühüm tapıntıdır. Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir.
Professor Hidayət Cəfərov deyir ki, Qarabağ bölgəsində Azərbaycan arxeoloqlarının səyi ilə paleolit, eneolit, tunc, dəmir dövrlərinə, habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bunlar ərazidə yaşayışın davamlı olaraq mövcud olmasını göstərir. Qarabağda aparılan arxeoloji qazıntılar həm də qədim tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Hazırda cəbhə bölgəsindəki arxeoloji abidələrin yoxlanılması və yeni abidələrin aşkar edilməsi məqsədi ilə Ağdam rayonunun Əhmədağalı, Zəngişalı, Qaradağlı, Sarıcalı, Evoğlu, Əfətli və sair kəndlərdə kəşfiyyat işləri aparılır.