Mayın 10-da Astarada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə IV Kitab Bayramı keçirilib.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan bayramda rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ictimaiyyət nümayəndələri, mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq böyük öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi fəaliyyətindən danışıb, respublikanın digər bölgələri kimi, Astara rayonunun da son dövrlər böyük inkişaf yolu keçdiyini qeyd edib.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov çıxışında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın regionlarında keçirilən ənənəvi kitab bayramının əhəmiyyətindən söz açıb. MKS-nin direktoru Nazim Fərəməzov isə belə tədbirlərin gənc istedadların bilik və bacarıqlarının üzə çıxmasında önəmli rolu olduğunu bildirib.
Kitab bayramında rayon MKS-nin təşkil etdiyi kitab sərgiləri ilə yanaşı, rayonun Kakalos kənd mədəniyyət evinin “Əvəsor” kollektivinin və “Nəcib Qızlar klubu”nun üzvlərinin əl işləri də nümayiş etdirilib. Müsabiqələr, viktorinalar, Mədəniyyət evinin rəqs kollektivi və uşaq musiqi məktəbi şagirdlərinin çıxışları böyük maraqla qarşılanıb.