Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində Oğlanqala, Ovçular təpəsi və Duzdağda aparılan beynəlxalq ekspedisiyaların yekunlarına həsr olunmuş tədbir keçirilib.
  
   AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev muxtar respublika ərazisində son illərdə 10 qədim yaşayış yerində arxeoloji qazıntı işlərinin aparıldığını, tədqiqatlardan 3-nün beynəlxalq səviyyəli ekspedisiya olduğunu bildirib.
   Muxtar respublikanın qədim yaşayış yerlərində aşkar olunmuş maddi-mədəniyyət nümunələri haqqında məlumat verən Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marro burada Kür-Araz mədəniyyətinin erkən yaranmasının diqqəti cəlb etdiyini söyləyib. Tapıntılar Cənubi Qafqaz, Şərqi Anadolu və Şimali Mesapotomiya arasında sıx mədəni əlaqələrin olduğunu göstərir.
   AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Oğlanqala, Ovçular təpəsi və Duzdağda aparılan tədqiqatlar barədə danışıb. Onun sözlərinə görə, Şərur rayonu ərazisində yerləşən Ovçular təpəsi yaşayış yerində Alt Paleolit dövrünə aid əmək alətləri aşkar olunub. Qazıntılar zamanı körük ucluğunun aşkar olunması bu yaşayış yerinin əsas metalişləmə mərkəzlərindən biri olduğunu deməyə imkan verir.
   AMEA Naxçıvan bölməsinin əməkdaşı Nizami Alıyev Duzdağ ərazisində aparılan kəşfiyyat xarakterli qazıntı işləri barədə məlumat verib. Burada qazıntılar zamanı da qədim daş alətləri, keramikalar, ocaq yerləri, kömür qalıqları aşkar edilib. Ərazidə olan tapıntıların GPS (uzaqdan mövqenin təyini) ilə qeydiyyatı aparılıb, hər platformanın xəritəsi hazırlanıb.
  
   Ceyhun