Fizurə Quliyeva: “Məqsəd uşaqların mütaliəyə həvəsini artırmaqdır”
F.Köçərli adına Respublika Uşaq Kitabxanası «Kitab karvanı: Uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi» layihəsini uğurla həyata keçirdi. Ölkəmizin müstəqilliyinin 20 illiyi münasibətilə təşkil olunan tədbir Gəncə şəhəri, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edib.
Layihə çərçivəsində yerli uşaq kitabxanalarının fondları da zənginləşdirilib. Uşaqlar arasında təşkil olunan «Tap görüm» viktorinası, «Bu da mən» adlı rəsm müsabiqəsi tədbiri daha da rəngarəng edib. Uşaqların mütaliəyə həvəsini təşviq etməyə, onların maariflənməsinə yönəlmiş layihə barədə kitabxananın direktoru Fizurə Quliyeva ilə söhbət etdik.
Kitabxana rəhbəri qarşıya qoyulan məqsədə çatdıqlarını bildirdi: “Bölgələrə hər dəfə səfər edərkən görürdük ki, yerlərdə kitabxanalarda uşaq kitabları olduqca azdır. Təbii ki, bu da bizi narahat edirdi. «Kitab karvanı» ideyası də bundan yarandı. Səfərə təxminən 6 minə yaxın kitabla getmişdik. Tədbir boyu olduğumuz hər rayonun kitabxanalarına 970 kitab bağışladıq. Onların arasında «Beşik», «Altun» nəşriyyatlarının yüksək tərtibatlı kitablarını, Solmaz Amanovanın nağıllarını, İlyas Tapdıq, Zahid Xəlil, Nüşabə Məmmədlinin kitablarını qeyd etmək istərdim”.
Kitabxana müdirinin sözlərinə görə, nəşriyyatlar, müəlliflər layihəyə qoşulmaq təklifini böyük həvəslə qəbul ediblər: “Səfərə Goranboydan başladıq. Altı gün ərzində bölgədə keçirdiyimiz tədbirə təxminən 2 min uşaq gəlmişdi. Kitab bayramı uşaqlara böyük sevinc bəxş etdi. Onlar kitabları bağırlarına basdıqda mənim sevincimin həddi-hüdudu olmurdu. Uşaqların diqqətini daha çox nağıl kitabları, xarici dillərdən tərcümə edilən «Amfibiya adam», «Kapitan Qrantın uşaqları», ən çox da şəkilli kitablar cəlb edirdi. Tədbir müddətində balacalar sərgiyə tamaşa etməklə yanaşı əsərlərini oxuduqları yazıçılar ilə görüşür, onlarla təmasda olur, təşkil etdiyimiz imza günlərində fəal iştirak edirdilər. Karvan müddətində müəlliflərdən uşaq yazıçısı Gülzar İbrahimova, uşaq şairləri Zahid Xəlil, İlyas Tapdıq, «Tumurcuq» qəzetinin baş redaktoru Səməd Məlikzadə də bizimlə idi».
Həmsöhbətimin sözlərinə görə, belə tədbirlər uşaqların savadlı bir insan olaraq yetişməsində müsbət rol oynayır. «Uşaqların maariflənməsində bu tədbirin rolu böyük olacaq. Əsas mütaliədir. Uşaq əgər kiçik yaşlarından mütaliəyə başlayırsa, onun dünyagörüşü formalaşır, intellektual səviyyəsi yüksək olur. Mütaliə etməyən uşaqdan hansı intellektual səviyyə gözləmək olar? Rayonlarda savadlı uşaq çoxdur və layihə müddətində mən bunun şahidi oldum. Əminəm ki, apardığımız kitablar həmin uşaqların formalaşmasında böyük rol oynayacaq”.
Uşaqları kitabla görüşdürən layihənin uğurlu olduğunu deyən kitabxana rəhbəri “kitab karvanı”nın davam edəcəyini bildirdi: «Layihəni gələn ildə də davam etdirmək və daha 6 rayona səfər etmək niyyətindəyik. Növbəti səfəri Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlıya nəzərdə tutmuşuq. Çünki bu rayonlar da kitab sarıdan kasaddırlar. Həm də Cənub zonası çox gözəldir. Novruz bayramı ərəfəsində bu bölgəyə səfəri nəzərdə tutmuşuq. Əsas məqsədimiz uşaqların mütaliəsinə rəhbərlikdir. Onların mütaliəsinə rəhbərlik etməsək, çox şey itirmiş olarıq. İnanıram ki, istər uşaq kitablarının çapı ilə məşğul olan naşirlər, istərsə də uşaq şair və yazıçıları yenə də bizim təşəbbüsə qoşulacaq, öz kitabları ilə azyaşlı oxucularımızı sevindirəcəklər”.
Gülər Nizamiqızı