Naxçıvan çayının yatağında meliorasiya işləri aparılarkən suvarma məqsədilə istifadə olunan qədim kəhriz aşkar olunub. Tədqiqatçı alim, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyevin verdiyi məlumata görə, ərazidə ilkin araşdırma aparılıb, kəhrizin eradan əvvəlki dövrə aid edildiyi məlum olub: “Qədim və Antik dövrdə Naxçıvan şəhərinin su ilə təmin edilməsində bu kəhrizin mühüm əhəmiyyəti olub. Kəhriz ətrafından aşkar edilən keramika e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aiddir”.
   Babək rayonunun Yuxarı Uzunoba və Kültəpə kəndləri arasında aşkar edilən kəhriz dəniz səviyyəsindən 926 m yüksəklikdə, çay yatağından 5 metr aşağıda yerləşir. Araşdırmalar nəticəsində məlum olub ki, kəhriz kürəsinin inşaat texnikası Naxçıvanın Orta əsr kəhrizlərindən tamamilə fərqlənir.
   Məlumat üçün deyək ki, kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğudur. Tarixən kəhrizlər ölkənin çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərində böyük miqdarda münbit torpaqların su ilə təmin olunması məqsədilə inşa olunub.

   Ceyhun