Qədim və zəngin tarixi irsimizi yaşadan bir çox nümunələr ilk baxışdan insana adi əşya təsiri bağışlaya bilər. Həqiqətən də ətrafa nəzər salanda görürük ki, bu gün adi, bəlkə də artıq praktiki əhəmiyyəti olmayan nə qədər əşya vaxtilə məişətimizdə geniş işlənən bir alət olub.
   
   İndi o qədər tez-tez işlədilməyən samovar, nehrə, yun darağı, ya ikigözlü tərəzi, kömür ütüsü, beşik və s. ağbirçəklərimizin evdə-eşikdə gündəlik işlətdiyi ləvazimatlar olub. Təqdirəlayiq haldır ki, belə dəyərli əl işləri, sənət əsərləri nəinki muzeylərdə, həm də şəxsi ev kolleksiyalarında qorunub saxlanılır, yeri gələndə sərgilərdə nümayiş etdirilir.
   Belə kolleksiya sahiblərindən biri də Qusar rayonunun Əniğ kənd sakini Zəmirə Bəkərovadır. Ululardan bizə miras qalan məişət əşyalarını toplayıb saxlayan Zəmirə xanım yaratdığı ev-muzeyində 100-ə yaxın eksponatı qoruyub saxlayır.
   Yaxşı olar ki, bu barədə özünü eşidək:
   - Uşaq yaşlarından belə əşyaları sevsəm də, hər gün gözümüzün önündə, əlimizdə olduğuna görə onları qiymətləndirə bilmirdim. Bir neçə il bundan əvvəl tanımadığım adamların ucqar dağ kəndimizdən köhnə xalça, palaz, mis əşyaları və s. əşyaların olduqca ucuz qiymətə alıb aparmasının şahidi olmuşdum. Bundan sonra ata və babalarımızdan, ana və nənələrimizdən yadigar qalan bu əşyaları toplayıb muzey kolleksiyası yaratmaq qərarına gəldim. Çünki bu əşyalarda onların əlinin izi, gözlərinin nuru, nəfəslərinin təravəti, lirik bayatılarının, bənzərsiz oxşamalarının, şirin əzizləmələrinin səsləri qalıb. Ona görə də kimdənsə gücüm çatanı pulla, ya nə iləsə dəyişdirməklə, nəyi isə xahişlə alıb topladım. Sağ olsunlar, bəziləri təmənnasız hədiyyə ediblər ki, kolleksiyam zənginləşsin. Çox şadam ki, qismən də olsa bu mədəni irs nümunələrini qoruyub saxlaya bilmişəm.
   Biz də çox şadıq ki, elimizdə, obamızda sənəti, sənətkarı, tarixi mədəni irsimizi dəyərləndirənlərimiz, qoruyub saxlayanlarımız sıralarımızdadır. Zəmirə xanımın gördüyü bu nəcib iş məktəblilərimiz, gənclərimiz üçün görüb-götürməli, nümunə olası bir örnəkdir.
   
   Cavid Tahirov,
   Qusar rayonu