Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) tərkibinə daxil olan İ.S.Nakam adına Mərkəzi kitabxananın yerləşdiyi 1899-cu ildə inşa edilən və yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınan binada əsaslı bərpa işləri başa çatıb.
Xatırladaq ki, şəhərin mərkəzi hissəsində yerləşən və Şəkinin milli memarlıq üslubunu özündə əks etdirən bu tarixi binada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa işlərinə 2008-ci ilin mayında başlanıb. Bina tarixi siması saxlanılmaqla əsaslı təmir olunub, dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, su, kanalizasiya və elektrik xətləri yenilənib, müasir istilik sistemi quraşdırılıb.
Bu mədəniyyət ocağı 1920-ci ildə ictimai qiraətxana kimi fəaliyyətə başlayıb. 1941-ci ildə kitabxanaya XIX əsrdə yaşayıb-yaratmış görkəmli şair İsmayıl bəy Sədrəddinbəyovun (Nakam) adı verilib.
Ümumi sahəsi 500 kvadratmetrə yaxın olan ikimərtəbəli kitabxana binasının birinci mərtəbəsində fond və oxu zalları, ikinci mərtəbədə isə 9 xidməti otaq yerləşir. Kitabxananın ümumi kitab fondu 36 min 238 nüsxədir. Fondda olan kitabların 16 min 604 nüsxəsi Azərbaycan, 19 min 88 nüsxəsi rus, 546-sı isə ingilis dilindədir. Kitabxanada, həmçinin gözdən əlil insanların istifadəsi üçün “danışan kitablar” da mövcuddur. 2002-ci ildə kitabxanada kompyuter şəbəkəsi yaradılıb, 2010-cu ildə kitabxana İRBİS-64 proqramına qoşulub. Hazırda həmin proqram əsasında 2020 adda 101 min nüsxə kitabın və 15 adda qəzetin elektron kataloqu yaradılıb. Kitabxananın sheki-mks.az adlı saytı fəaliyyət göstərir.