Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə hər il uşaq, yeniyetmə və gənclər arasında müxtəlif müsabiqələr keçirilir, yeni istedadlar üzə çıxarılır, tanıdılır.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcı potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) çərçivəsində 2009-cu ildən respublikanın regionlarında keçirilən “İstedadlı uşaqlar” respublika müsabiqələri də maraqlı mədəniyyət hadisəsi kimi yadda qalıb. İlk müsabiqənin yekun tədbiri Bərdədə keçirilmiş, 2010-cu ilin müsabiqəsinə isə Kürdəmir rayonunda yekun vurulmuşdu.
Nazirliyin təşkilatçılığı ilə bu il də “İstedadlı uşaqlar” respublika müsabiqəsi təşkil olunub. Dekabrın 14-dən 16-dək Şirvan şəhərində müsabiqənin yekun tədbiri keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, sektorun aparıcı məsləhətçisi Oqtay Muxtarov və məsləhətçi Elnur Hüseynov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Elmira Ağayeva, bir neçə rayonun mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edirdi.
“Şirvan” kinoteatrında keçirilən tədbir maraqlı məqamlarla yadda qaldı. Burada respublika müsabiqəsinin rayonlar üzrə qalibləri - bədii qiraət, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq, rəqs, təsviri sənət üzrə yeniyetmə istedadlar toplaşmışdı. Dekabrın 14-ü kinoteatrın foyesində qələbəlik idi. Uşaqlar yekun tədbirdə bacarıqlarını göstərməyə hazırlaşır, kimi müəllimindən son tapşırıqları dinləyir, kimi foyedə məşq edirdi.
Valideynlər, müəllimlər, rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri balaca istedadların yanında onlara dəstək nümayiş etdirirdilər. Müsabiqənin yekun konserti üçün ən yaxşı ifalar seçiləcəkdi. Məşq-hazırlıq prosesində istedadlara çıxışlarında olan çatışmazlıqlar izah olunur, məsləhətlər verilirdi.
* * *
“İstedadlı uşaqlar” respublika müsabiqəsi qaliblərinin bir qrupu təsviri sənət - rəsm və heykəltəraşlıq üzrə fərqlənmişdilər. Yekun tədbir çərçivəsində onların əl işləri “Şirvan” kinoteatrının foyesində sərgiləndi. İştirakçılar sərgi ilə maraqla tanış olur, fikir mübadiləsi aparırdılar. Hər bir müəllif əl işi ilə bağlı səslənən fikir və rəylərə diqqətlə qulaq asırdı. Biz də onların bir neçəsi ilə tanış olduq.
Mirağa Şahbazov 11-ci sinif şagirdidir. Şirvan rayonu üzrə müsabiqə qalibidir. Rəssamlıq və heykəltəraşlıqla bir neçə ildir ki, məşğul olur. Orta məktəbi bitirəndən sonra incəsənət sahəsi üzrə ali təhsil almaq niyyətindədir. Deyir ki, müsabiqədə iştirak onda özünə inam hissi yaradıb: “Burada digər rayonlardan olan yaşıdlarımla tanış oldum. Rəssamların fikirlərini eşitdim. Bəzi çatışmazlıqlar mənə izah olundu. Bu müsabiqə burada iştirak edən hər bir istedadlı gənc üçün böyük dəstəkdir”.
Xəyal Abdarov da rəssam olmaq həvəsindədir. Siyəzən Rayon İncəsənət Məktəbində təhsil alır. “Narkomaniyaya yox deyək” müsabiqəsində fərqlənib. Yarışmada iştirakdan məmnunluğunu dilə gətirən yeniyetmə öz üzərində daha çox çalışacağını deyir.
* * *
Yekun konsertdən əvvəl diqqəti cəlb edən maraqlı məqam müsabiqəyə ayrı-ayrı rayonlardan qatılan uşaqların eyni nömrə altında çıxış etmələri idi. Bu isə uşaqlar arasında həyəcanı artırırdı. Məsələn, qarmon ifaçısı olan gənc digər bölgədən olan yeniyetmə ilə birgə musiqi ifa edəcəkdi. Bütün bunların nə dərəcədə uğurlu alınacağını konsertdə görəcəkdik.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarov belə müsabiqələrin bölgələr arasında mədəni əlaqələrin inkişafına zəmin yaratdığını deyir: “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən bu müsabiqə incəsənətin müxtəlif sahələrinə diqqəti artırmaq, əhalinin, o cümlədən gənc nəslin sənətə olan marağını daha da inkişaf etdirmək, bölgələrlə mədəni əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Müsabiqə çərçivəsində il ərzində respublikanın şəhər və rayonlarından istedadlı uşaqlar seçilib. Biz onların arasından seçim apardıq, burada isə onların arasında ən yaxşılarının çıxışlarından ibarət konsert təşkil edəcəyik. Yekun tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən bədii qiraət, rəssamlıq, heykəltəraşlıq, aşıq musiqisi, muğam və mahnı, instrumental ifaçılıq üzrə 17 yaşınadək uşaq və yeniyetmələr iştirak edirlər. Müsabiqəyə 64 rayondan qalib istedadlar toplaşıb. Onlardan 15-i təsviri sənətlə məşğul olur. Biz həmin uşaqların əl işlərindən ibarət sərgi təşkil etdik. Digər uşaqlar isə musiqili bədii hissədə iştirak edəcəklər. Yekun konsertdə 20 bölgədən olan uşaqlar müxtəlif janrlar üzrə öz məharətlərini göstərəcəklər. Sonda müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi təşkil olunacaq. Uşaqların yaradıcı səviyyələri, sənətə olan marağı ildən ilə artır. Builki müsabiqə də bunu bir daha təsdiq edir”.
* * *
Dekabrın 15-də müsabiqənin yekun konsertini izləmək üçün “Şirvan” kinoteatrına 500-dən artıq insan toplaşmışdı. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasov müsabiqə barədə məlumat verdi. Qeyd olundu ki, ölkəmizdə keçirilən müsabiqələrdə, festivallarda hər il yüzlərlə yeniyetmə və gənc iştirak edir. Onlar geniş ictimaiyyətə tanıdılır, musiqi mədəniyyətimiz təbliğ olunur. “İstedadlı uşaqlar” respublika müsabiqəsinin yekun tədbirinin Şirvan şəhərində təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını ifadə edən şöbə müdiri yeniyetmə və gənc istedadlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonra konsert başlandı. Firuz Həmidov (Şəmkir), Adəm Məmmədquliyev (Zəngilan) və Abbas Abbasovun (Astara) ifasında təqdim olunan ilk musiqi nömrəsi - “Uca dağlar” mahnısı maraqla qarşılandı. Xocalı rayonunu təmsil edən Əsmər Baxışlının ifasında “Yenə o bağ olaydı...” şeiri isə sürəkli alqışlar doğurdu. Nihad Quliyev (Salyan) və Allahqulu Ağayevin (Saatlı) “Şuşanın dağları” xalq mahnısını ifası, Lalə Məmmədovanın (Xaçmaz) rəqsi, Aişə Qayıbovanın “Ariya”sı, Elşən Ağamalıyevin (Hacıqabul) tarda “Vals” ifası, Elmar Rəhimov (Qazax) və Ramil Bayramovun (Ağstafa) sazda göstərdiyi məharət də yaddaqalan ifalardan oldu.
* * *
Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələri təqdim etdi. Beləcə Mədəniyyət və Turizm Nazirliyinin daha bir layihəsi - “İstedadlı uşaqlar” respublika müsabiqəsi uğurla başa çatdı.
Ceyhun Zərbəliyev